Fermerlər Şurasının növbəti toplantısı
İQTİSADİYYAT

Fermerlər Şurasının növbəti toplantısı

Ötən əsrin 90-cı illərinin ortalarından etibarən respublikamızda torpaq islahatları həyata keçirilməyə başlanıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar uğurla nəticələndi. Tarixdə ilk dəfə olaraq torpaq öz sahibinə - kəndliyə verildi. Yüz minlərlə məhsul istehsalçısı fermer oldu, ölkədə ərzaq bolluğu yarandı.

Yarandığı ilk günlərdən etibarən dövlət fermerlərin yanındadır, onlara dəstəkdir. Bu günlərdə keçirilən Fermerlər Şurasının növbəti toplantısında Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, tabeli qurumların rəhbərləri, Fermerlər Şurasının üzvləri iştirak ediblər.

Məlumat üçün deyək ki, Fermerlər Şurası Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərir. Nazirliyin mətbuat xidməti bildirir ki, Şuranın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir. Hazırda Fermerlər Şurasında ölkənin 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər təmsil olunurlar.

İclasda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan edilib. Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Həyata keçirilən tədbirlər və fermerlərin zəhməti nəticəsində ötən il Azərbaycanda aqrar sahədə 3,4 faiz artım qeydə alınıb.

Nəriman CAVADOV,

"Respublika".