Respublikamızda bir sıra mühüm meliorasiya obyektləri var ki, ölkədə əkin sahələrinin suvarılmasında, bütövlükdə isə məhsul bolluğu yaradılmasında müstəsna əhəmiyyət kəsb edir. Elə mühüm kollektorlar da var ki, duzlu, şoran torpaqların yuyulmasında, nəticə etibarilə torpaqların münbitləşdirilməsində əvəzsizdir. Bununla əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, bölgələrdə meliorativ tədbirlərin vaxtında aparılması nəticəsində torpaqların münbitliyi artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə belə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir. Uzun illər şoranlaşmaya məruz qalan torpaqlar kollektor-drenaj sistemlərinin mütəmadi təmizlənməsi ilə əkinəyararlı vəziyyətə gətirilir.
Bütün bu işlər haqqında bölgədə Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsilə həyata keçirilir. Plana uyğun olaraq idarə tərəfindən 3 ədəd borulu keçid təmir olunub, 3 ədədində isə əsaslı təmir işləri davam etdirilir. Hazırda vaxtilə tikilən və yararsız hala düşən borular sökülərək yeni borularla əvəzlənir.
Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən bu ilin əvvəlindən etibarən 170 kilometr məsafədə kollektor-drenaj sistemi lildən təmizlənib. Bununla da həmin kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir. Hazırda kollektor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır.
Qeyd edək ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi respublikanın 6 rayonuna xidmət göstərməklə ümumi uzunluğu 5 min kilometrə yaxın kollektor-drenaj şəbəkəsinə və 173 min hektar meliorasiya olunmuş əkin sahəsinə xidmət edir. İdarənin xidməti sahələri Yevlax, Bərdə, Zərdab, Kürdəmir, Ağsu və Ağcabədi rayonlarının ərazilərində yerləşir.
Nəriman CAVADOV,
“Respublika”.