Famil İsgəndərov
Sosial həyat

Famil İsgəndərov

...Murovdağ uğrunda qızğın döyüşlər gedirdi. Erməni quldurlarının tutduqları mövqedən sıxışdırılıb çıxarılması üçün Azərbaycan əsgərləri hücumu davam etdirir, düşmən həm canlı qüvvə, həm də texnikadan itkilər verirdi. Famil İsgəndərov səngərdən-səngərə sıçrayır, ermənilərin başına od ələyirdi. Bu ağır döyüşlərdə Familin yaxınlığındakı igid əsgərlərdən biri yaralandı. Onu ölümün pəncəsindən xilas etmək lazım idi. Famil özünü itirmədi. Yaralı əsgəri döyüş meydanından çıxardı.

Yenidən geri qayıdıb digər yaralıya köməklik göstərdi. Bu çətin məqamda düşmən gülləsi sağ ayağına tuş gəldi. Al-qana boyanmışdı. Ancaq Famil ruhdan düşmədi, özünü ələ alıb irəli süründü. İndi isə onun köməyinə digər yoldaşları gəldi...

Cəsur döyüşçü Famil İsgəndərov bir müddət Hərbi hospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtdı. Bu dəfə o, “N” saylı hərbi hissədə xidmətini davam etdirdi. Ancaq fikri-zikri Murovdağda, döyüş yoldaşlarının yanında idi.

Famil İsgəndər oğlu İsgəndərov 15 may 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 157 saylı orta məktəbdə təhsil alarkən həmişə öz çalışqanlığı ilə şagird yoldaşlarından fərqlənir, çalışırdı ki, elmi biliklərlə mükəmməl silahlansın. O, məktəbdə hərbi vətənpərvərliklə bağlı keçirilən tədbirlərdə yaxından iştirak edirdi.

Famil orta məktəbi bitirdikdən sonra 6 ay Gəmi Təmiri Zavodunda işləmiş, əmək fəaliyyəti hamını razı salmışdır. Famil 1993-cü ildə Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılmışdır. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdi. Bu, o vaxtlar idi ki, mənfur düşmənlərimiz erməni quldurları ərazilərimizə hücuma keçmişdilər, günahsız insanlar intensiv atəşə məruz qalırdı. Vətənin ağır, dar günündə Famil İsgəndərov silaha sarılaraq cəbhəyə yola düşdü.

Famil İsgəndərov Ağdərə və Tərtər bölgələrində gedən ağır döyüşlərdə şəxsi igidlik göstərmişdir.

1995-ci ilin mart ayı idi. Torpaqlarımızın bir hissəsini itirdiyimiz çətin bir vaxtda bir qrup vəzifə mənsəb, hakimiyyət hərisi dövlətçiliyimizə qarşı hədə-qorxu gəlirdi. Bunun qarşısı tez bir zamanda alınmalı idi. Dövlət çevrilişinə cəhd edənlərə bir neçə dəfə silahı yerə qoymaq, təslim olmaq tələb olundu. Lakin heç bir nəticə alınmadı. Milli Ordunun əsgərləri əməliyyata başlamalı oldu. Bu qarşıdurmada Famil İsgəndərov da iştirak edirdi. Famil İsgəndərov 1995-ci il martın 17-də öz döyüş yoldaşını xilas edərkən baş nahiyəsindən ağır yaralanmış və qəhrəmanlıqla həlak olmuşdur. Son mənzili isə Bakıdakı Şəhidlər xiyabanıdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı ilə İsgəndərov Famil İsgəndər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Oxuduğu 157 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Dağıstan Respublikası Qasımkənd rayonunun Uluqadağ kəndindəki orta məktəbə də Azərbaycanın Milli Qəhrəmanı Famil İsgəndərovun adı verilmişdir.

Q.ASLAN,

"Respublika".