Əbu-Dabidə AZƏRTAC-ın media tərəfdaş kimi iştirak etdiyi Qlobal Media Konqres işini yekunlaşdırıb
Digər xəbərlər

Əbu-Dabidə AZƏRTAC-ın media tərəfdaş kimi iştirak etdiyi Qlobal Media Konqres işini yekunlaşdırıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilmiş "Media sənayesinin gələcəyinin formalaşması" mövzusunda birinci Qlobal Media Konqresi öz işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Baş nazirinin müavini, Prezident Məhkəməsinin naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyanın himayəsi altında WAM informasiya agentliyi ilə birgə Əbu-Dabi Milli Sərgilər Şirkəti (ADNEC Group) tərəfindən təşkil olunmuş tədbirdə dünyanın müxtəlif ölkələrindən media sektorunun 1200-dən çox təmsilçisi, ekspertlər və jurnalistlər, həmçinin 200-dək media şirkətinin rəhbərləri iştirak ediblər.

Noyabrın 15-17-də keçirilmiş tədbirdə AZƏRTAC Qlobal Media Konqresinin media tərəfdaşı kimi öz stendi ilə təmsil olunub. Agentliyin stendi konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, ziyarətçilərə ölkəmiz və AZƏRTAC barədə geniş məlumat verilib, müxtəlif ölkələrin xəbər agentliklərinin nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda, AZƏRTAC-ın əməkdaşları konqres çərçivəsində müxtəlif mövzularda təşkil olunmuş təlimlərdə iştirak ediblər.

Konqresdə dünya üzrə 40-dan çox tanınmış ekspert çıxış edib, sərgilər, işgüzar danışıqlar keçirilib, media sahəsində yeniliklərin müzakirəsi üçün müxtəlif platformalar təşkil olunub. Eyni zamanda, Konqres çərçivəsində müasir media strukturu, qlobal trendlər və rəqəmsal jurnalistika mövzularında bir sıra treninqlər və seminarlar da təşkil edilib.

Qlobal Media Konqresi çərçivəsində keçirilmiş konfransın sessiyalarında süni intellekt, ixtisasartırma, istehlakçı davranışı, kontentin yaradılması, aparıcı mediatrendlər və proqnozlar kimi mövzular ətrafında müzakirələr aparılıb.

AZƏRTAC