Dünyanın aparıcı enerji şirkətləri ölkəmizlə əməkdaşlıqda maraqlıdır
Siyasət

 Dünyanın aparıcı enerji şirkətləri ölkəmizlə əməkdaşlıqda maraqlıdır

Səudiyyə Ərəbistanı ilə Azərbaycanın birgə həyata keçirdikləri layihələr bunu deməyə əsas verir

Yaxın və Orta Şərqin, bütövlükdə ərəb dünyasının böyük dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı Krallığı özünün geosiyasi və geoiqtisadi mövqeyi ilə mühüm əhəmiyyət kəsb edir. O, eyni zamanda neft emalı üzrə dünya liderinə çevrilmişdir və enerji sahəsində dünya siyasətində söz sahiblərindən biridir. Bu amil onun iqtisadiyyatının yüksələn xətlə inkişafına təkan verib. Bu ölkə nəinki ərəb və İslam dünyasında, eyni zamanda beynəlxalq münasibətlər sistemində özünəməxsus rol oynayır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra özünün xarici siyasət kursunda Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərə daha geniş yer ayırmışdır. Belə ki, rəsmi Ər-Riyad 1991-ci il dekabrın 30-da Azərbaycanın müstəqilliyini tanımış, 1992-ci il fevralın 24-də isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 1994-cü il aprel ayından Azərbaycanın Səudiyyə Ərəbistanında səfirliyi fəaliyyət göstərməyə başlayıb. Az sonra Azərbaycan Respublikasında münasibətlərin inkişafı üçün möhkəm təməl qoyulub. Həmin dövrdən iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət, idman sahələrində əlaqələr sürətlə inkişaf edir.

1994-cü il noyabrın 21-də Səudiyyə Ərəbistanı Krallığının Türkiyədə, həmçinin Azərbaycanda səfiri akkreditə olunub. 1999-cu ilin iyun ayından isə Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Tezliklə qarşılıqlı münasibətlər beynəlxalq saziş və müqavilələrlə tənzim olunmağa başlayıb. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan “Əsrin müqaviləsi”ndə Səudiyyə Ərəbistanı Krallığı da təmsil olunub. Bununla da, enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün zəmin yaranıb.

Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı həmişə Ermənistanın təcavüzünə məruz qalan ölkəmizin ərazi bütövlüyünü dəstəkləmiş və bütün beynəlxalq tribunalarda problemin beynəlxalq hüquq normalarına uyğun olaraq həllini müdafiə etmişdir. 44 günlük müharibə zamanı rəsmi Ər-Riyad Azərbaycanın qanuni hüquqlarına dəstək mövqeyini bəyan edərək münaqişənin BMT və İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələrinə uyğun həllinə tərəfdar olduğunu bütün dünyaya çatdırmışdır.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam İnkişaf Bankı, OPEK çərçivəsində də səmərəli əməkdaşlıq edirlər.

Bu gün qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan isə xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir və elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir. Bu mənada dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən biri olan Azərbaycanın elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensialı var. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Azərbaycanda bərpaolunan enerji növlərinin də potensialı həddindən artıq böyükdür. Məhz bu səbəbdəndir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdır. 2021-ci il dekabrın 15-də paytaxt Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib. Bu işin davamı kimi Səudiyyə Ərəbistanı şirkətlərinin dəstəyi ilə Abşeron rayonunda bərpaolunan enerji mərkəzi açılıb və Xəzər dənizi regionunda bərpaolunan enerji bloklarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti hazırda Abşeron və Xızı rayonlarında istehsal gücü 240 meqavat, dəyəri 300 milyon dollar olan külək-elektrik stansiyası layihəsini həyata keçirməkdədir. Energetika Nazirliyi və “Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında külək-elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələri imzalanmışdır. Həmçinin bu il Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılmış birgə Texniki Komissiyanın iclası keçirilib. Krallığın enerji sahəsindən başqa bir sıra sahələrə sərmayə qoyan, “Aramco” və  “ACWA Power” kimi şirkətlərinin ölkəmizdə rəsmi ofisləri var. Krallığın Azərbaycanda investisiyaları olan orta və kiçik şirkətləri də fəaliyyət göstərir. Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən qurulması prosesində iştirakı da xüsusi əhəmiyyət kəsb edir.

Bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edən Azərbaycan Prezidenti demişdir: “Biz elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırmışıq və deyə bilərəm ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində biz dünyada ikinci yerdəyik. Beləliklə, biz böyük həcmdə vəsait yatırmışıq və elektrik enerjisi xətlərini demək olar ki, tamamilə müasirləşdirmişik, yeni elektrik stansiyaları tikmişik. Misal üçün, tezliklə biz Qobu qəsəbəsində demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışını edəcəyik. Ötən ay bu zalda biz tamamilə əcnəbi investor, enerji bazasında tanınmış Səudiyyə Ərəbistanının və  “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin -240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimini qeyd etdik”.

Qeyd edək ki,  “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumulikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.

Azərbaycan bu gün bir sıra ölkələrlə, tanınmış şirkətlərlə əməkdaşlıq edir. Bu ölkələr respublikamıza yüksək səviyyədə sərmayə qoyur, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan şirkətləri ilə birgə genişmiqyaslı işlər görürlər.

Zümrüd QURBANQIZI,
“Respublika”.