Nikol Paşinyan II Qareginin çətiri altında
Siyasət

Nikol Paşinyan II Qareginin çətiri altında

"Məxməri inqilab" nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan hayların gərgin vəziyyətini daha da pisləşdirdi. Ermənilərin İkinci Qarabağ müharibəsindəki məğlubiyyət ölkədaxili münaqişələrə rəvac verdi. Paşinyanın ölkəmizə qarşı yeni ərazi iddiaları rəsmi İrəvanı qaçılmaz sona apardı. Xalqın "seçdiyi" Nikola qarşı ictimai fikir məhz bundan sonra formalaşmağa başladı. Müxalif qüvvələrin fəallığı, cəmiyyətdəki narazılıqlar, kilsənin də Nikola qarşı mövqeyi Ermənistandakı çöküşü dərinləşdirdi.

Tarixə nəzər salsaq, görərik ki, liderlərin hakimiyyətinin təsdiqlənməsində kilsənin rolu həlledici olmuşdur. Xristian dünyasında ənənə halını alan bu proses dövrümüzə qədər gəlib çıxmışdır. Lakin dini dəyərlərin cəmiyyətə təsirini azaltmağa çalışanlar da mövcud olmuşdur ki, bu da öz növbəsində, fikir ayrılıqları yaratmışdır. Müxtəlif dövrlərdə müsbət və ya mənfi təsirlər sonda qarşıdurmalarla başa çatmışdır. Ermənistanda da tarix bu gün təkrar olunur. Belə ki, Paşinyan hakimiyyətindən əvvəl də kilsənin, yəni II Qareginin yerli hakimiyyətlə sıx əlaqələri mövcud idi. Lakin Paşinyanın lider postuna əyləşməsindən sonra münasibətlər getdikcə dəyişməyə başladı. Əslində, tam olaraq rəsmi İrəvanla kilsənin qarşıdurmasına şahidlik etmirik, hətta bəzi məqamlarda üst-üstə düşən destruktiv planlar birgə icra olunur. Əlaqələrin yumşalmasına səbəb Paşinyanın çıxılmaz vəziyyətdə olmasıdır. Ermənistandakı qarşıdurmaların artdığı bir vaxtda baş nazirin II Qareginə sığınması bir növ vaxt qazanma cəhdidir.

Qeyd etmək lazımdır ki, həm Paşinyan hakimiyyəti, həm II Qaregin, həm də Erməni Qriqoryan kilsəsi regionda baş vermiş bəşəri cinayətlərin müəllifləridir. Əgər Paşinyan son illər bu çirkaba bulaşıbsa, kilsənin bu çərçivədə fəaliyyəti olduqca "böyük" tarixə malikdir, özü də qanlı tarixə. "Hnçak", ardınca "Daşnaksütyun" kimi silahlı təşkilatların yaradılmasında, silahların, geyimlərin və s. ləvazimatların alınmasında, maddi-texniki və ərzaq təminatının təşkil edilməsində erməni kilsələri yaxından iştirak etmişdir. Hətta "Hnçak" terror təşkilatının qətlə yetirdiyi diplomatlar və dövlət adamlarının siyahısı da məhz baş katolikos tərəfindən tərtib edilirdi. 1905-1907-ci illərdə daşnakların erməni kilsəsinin çağırışı ilə azərbaycanlılara qarşı kütləvi qırğın törətmələri deyilənlərə əyani sübutdur. Digər tərəfdən, Erməni Qriqoryan kilsəsinin katolikosu II Qareginin əhalini Azərbaycanla müharibədə iştirak etməyə çağırışı unudulmamalıdır. Heç şübhəsiz, bu kimi fəallığın arxasında erməni millətçiliyi, eqoizmi, türk-müsəlman əhalisinə qarşı düşmənçilik dayanır.

2018-ci ildə - Paşinyanın cəmiyyətdə yaratdığı illüziyanın kulminasiyası zamanı erməni ictimaiyyəti katolikos II Qareginin həbs edilməsi məsələsini ciddi şəkildə müzakirə edirdi. Şübhəsiz, rəsmi İrəvanın direktivləri əsasında formalaşdırılan bu rəy ölkədəki tək xilaskarın Nikol olduğunu insanlara göstərmək üçün planlanmışdı. Hətta o dövrdə II Qareginin bütün əməlləri cəmiyyətdə ifşa edilmişdi, onun İsveçrə banklarındakı hesabları ortaya çıxarılmışdı. 2006-2007-ci illərdə "İkinci Qaregin Nerses" adlı şəxsin hesabına 1,1 milyon dollar köçürüldüyü də ictimaiyyətdə yer alan xəbərlər arasındadır. Bütün bunlara paralel olaraq həmin ildə İrəvanda bütün ermənilərin katolikosu II Qareginin qərargahının yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirilirdi. Aksiya iştirakçıları II Qareginin bütün ermənilərin ali patriarxı və katolikosu vəzifəsindən istefasını tələb edirdilər. Elə bu hadisələrdən sonra kilsənin Paşinyana olan münasibəti kəskin dəyişdi. Baş nazirin erməni kilsələrinin birində keşişlə əl uzadıb görüşmək istəyən zaman əlinin havada qalması rəsmi İrəvana verilən mesaj idi. Əslində, bununla bir daha sübut olunur ki, Qərb blokunun təsiri Ermənistanda məhz Paşinyanın hakimiyyətə gəldiyi gündən bu yana intensivləşmişdir. Məlumdur ki, Qərbin dini dəyərlərə mövqeyi heç də keçmişdəki kimi deyil və cəmiyyətdəki bu kimi xüsusların qabardılması nüfuz etdikləri ölkələrdə başlıca missiyadır.

Bu gün isə kilsə və Paşinyan arasındakı münasibətlər öz istiliyi ilə fərqlənir. Ən azından yürüdülən siyasətdə "həmrəylik" müşahidə olunur. II Qareginin Böyük Britaniya və İrlandiya Erməni Kilsəsinin yeparxiyasına səfəri çərçivəsində Anqlikan Kilsəsinin rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi ilə görüşündə Qarabağdan "məcburi köçkün düşmüş ermənilərin üzləşdiyi problemlər" ilə yanaşı, "Qarabağdakı erməni mədəni irsinin qorunub saxlanılması" məsələlərinə toxunması deyilənlərə əyani sübutdur. Göründüyü kimi, dövr və zaman dəyişsə də, hayların sayıqlamaları öz ritmini pozmur. Antiterror tədbirlərindən sonra separatizmin Azərbaycandan təmizlənməsi, "Qarabağ klanı"nın dağıldılması, cinayətkarların məsuliyyətə cəlb edilməsindən sonra bu kimi çıxışlar daha da artmışdır. Sözsüz ki, Qərbin birbaşa tezisləri əsasında reallaşdırılan bu addımlar Ermənistana bu günə kimi mənfi təsir göstərmişdisə, bundan sonra da bu ritorikanın nəticələri dəyişməyəcək.

Baş verən hadisələrin ardıcıllığı onu göstərir ki, Nikol Paşinyan öz hakimiyyətini möhkəmləndirmək üçün Qareginin çətirinə sığınıb. Mövcud vəziyyətdə olduqca radikal qərarların müzakirəsinin getdiyi bir vaxtda (konstitusiyaya ediləcək düzəlişlər, dövlət himninin dəyişdirilməsi və s.) Paşinyana ölkə daxilində "dayaq" və ya "dayaqlar" lazımdır. Görünür, bu məsələdən kilsə də narazı deyil. Bir zamanlar əlini sıxmaqdan imtina etdikləri Paşinyanın bu gün siyasi çəkisi olmayan gedişinə dəstək verməyin qarşılığının nə olacağı isə hələlik bəlli deyil.

İddia edilən cinayət əməllərinə gəldikdə isə Azərbaycan regionda daim tolerantlığı, multikulturallığı, dini plüralizmi ilə seçilmişdir. Ermənistanın heç bir hüquqi əsası olmadan saxta ictimai rəy formalaşdırması uzun illərdir ki, davam edir. Qərb blokunun təsirləri ilə anti-Azərbaycan siyasəti bu gün pik səviyyəyə çatıb. Məscidlərimizdə donuz saxlayan, milli-mənəvi dəyərlərimizi, abidələrimizi yer üzündən silən, soyqırımı və etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı isə beynəlxalq ictimaiyyət susur.

Nurlan ABDALOV,

"Respublika".