Dövlət Təhlükəsizliyi Xidməti saxta sosial şəbəkə hesabları ilə bağlı vətəndaşlara müraciət edib
Digər xəbərlər

Dövlət Təhlükəsizliyi Xidməti saxta sosial şəbəkə hesabları ilə bağlı vətəndaşlara müraciət edib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) saxta sosial şəbəkə hesabları ilə bağlı vətəndaşlara müraciət edib.

AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, bu qurumun məlumatında son zamanlar bəzi sosial şəbəkə platformalarında Dövlət Təhlükəsizliyi Xidmətinin adından istifadə etməklə yaradılmış bir sıra saxta səhifə və profillərin fəaliyyətinin müşahidə edildiyi bildirilib. Qeyd olunub ki, belə halların mövcudluğu bir çox istifadəçilərin bu hesabları rəsmi mənbə kimi qəbul etməsinə səbəb olur və nəticədə həmin sosial şəbəkə resurslarında yerləşdirilən materialların DTX tərəfindən yayımlanması kimi başa düşülür.

"Qeyd etmək istərdik ki, DTX-nin rəsmi internet saytı "https://www.dtx.gov.az/az/", feysbuk, tvitter, instaqram, yutub sosial şəbəkələrində müvafiq olaraq "https://www.facebook.com/DTXAzerbaijan", "https://twitter.com/DTX_Azerbaijan", "https://www.instagram.com/azerbaijandtx/", "https://www.youtube.com/c/DTXofficialchannel/" səhifə və kanalları fəaliyyət göstərir. DTX-yə aid məlumatlar yalnız bu mənbələrdə yerləşdirilir. Həmçinin xüsusi vurğulayırıq ki, DTX-nin sosial şəbəkələrdəki rəsmi səhifələri feysbuk, tviter, instaqram, yutub administrasiyaları tərəfindən verilib və bu resursların rəsmiliyini təsdiq edən qeydiyyat nişanına sahibdir.

Bununla yanaşı, bildiririk ki, sosial şəbəkələrdə DTX-nin rəhbərliyinə məxsus hər hansı profil və ya hesab mövcud deyil.

Vətəndaşlarımızın və KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, DTX-nin fəaliyyəti barədə məlumatlar yalnız yuxarıda qeyd edilən DTX-nin rəsmi internet resurslarından əldə olunmalıdır", - deyə məlumatda bildirilir.

AZƏRTAC