Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı artıb
Sosial həyat

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı artıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərini davam etdirir.

Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 30,2% artıb. Belə ki, 2021-ci ilin yanvar-iyun ayları ərzində 144 558 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 33 129-u ilkin, 111 429-u isə təkrar qeydiyyatdır. Məlumat üçün bildiririk ki, ilkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınması, təkrar qeydiyyat isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır.

2021-ci ilin ilk 6 ayı ərzində 7 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,6% artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 37,1% artaraq 14 110, mənzillər üzrə 59,5% artaraq 29 111, torpaq sahələri üzrə 35,8% artaraq 64 251, qeyri-yaşayış sahəsi üzrə 58,7% artımla 2 151 təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində 113 976 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5% artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 189 318 arayış (Forma-1) verilib. 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə bu növ arayışların sayı 67,9% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 6 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,5% artaraq 23 224 olub.

Ölkəmizdə özəlləşdirilmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, onlayn xidmətlərin təşkili, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması investorların cəlb edilməsinə geniş imkanlar yaradır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirilib. Hərraclarda 123 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 10-u səhmdar cəmiyyətlərinin səhm paketi, 26-sı kiçik dövlət müəssisəsi, 1-i yarımçıq tikili və 86-sı nəqliyyat vasitəsidir.

İnnovasiyaların tətbiqi özəlləşdirmə prosesində səmərəliliyin və vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub. Belə ki, cari ilin ilk yarımilliyində hərraca çıxarılmış dövlət əmlakı üzrə 38 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 15 onlayn qoşulma baş tutub.

2021-ci ilin ilk 6 ayı ərzində 308 qeyri-yaşayış sahəsi, 403 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 145 icarə müqaviləsinin müddəti uzadılıb.

Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,3 milyon manat təşkil edib və yarımillik proqnoz 72,8% icra edilib. Dövlət əmlakının icarəsindən isə büdcəyə 7,2 milyon manat ödənilib və yarımillik proqnoza 134,2 % əməl olunub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 58,7% artıb.

Əli SADIQOV,

“Respublika”.