Dillərdə dastan hünər
Sosial həyat

  Dillərdə dastan hünər

İkinci Qarabağ müharibəsində  xalqımıza qələbə sevinci  bəxş  edən  qəhrəmanlardan biri də 1984-cü ildə dağlar diyarı Lerik rayonu, Kornədi  kəndində anadan olan  Cəlal Ağaverdi oğlu Ağayev idi. Cəlal  Vətəninə, torpağına ürəkdən bağlanmışdı.  Ömrünün mənasını xalqına gərəkli olmaqda görürdü. General Həzi Aslanov kimi həyatını başa vurmaq istəyi isə  lap uşaq yaşlarında qəlbinə hakim kəsilmişdi.

Vətən sevdalı Lerik balası 2003-cü ildə  orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollanır. Naxçıvanda  Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətənini göz bəbəyi kimi qoruyur. Əsgərlikdən sonra gizirlik məktəbini oxuyub  tank komandiri vəzifəsində xidmətini davam etdirir. 2016-cı ilin  Aprel döyüşləri zamanı Cəlal Ağayev ön cəbhədə  dığalarla vuruşda əsl qəhrəman olduğunu göstərir.

Cəlal  İkinci Qarabağ müharibəsinə gedənlərin sırasında öncüllərdən olur. 29 sentyabrda döyüş tapşırığı alan qəhrəman gizir idarə etdiyi  tankla düşmənin səngərini keçib, onlarla erməni dığasını o dünyaya göndərir. Ağır keçən  həmin döyüşün sonuna yaxın Cəlalın tankı düşmən tərəfindən vurulur. Tankdan sağ çıxan  igid gizir əlinə avtomat alıb son qanına qədər  vuruşur. Ömrünü  canından artıq sevdiyi Vətəninə bağışlayır.

 Elin qəhrəman oğlu yaşadığı cəmiyyətdə yaxşı ailə başçısı  kimi də tanınırdı. Nazənin və Sadiq adlı iki övladı xalqımıza əmanət qalıb.

 İndi Lerik camaatı Cəlalı özünə iftixar mənbəyi, qürur  yeri bilir. Onu  könüllərdə  yaşatmaqla  keçdiyi qısa, şərəfli həyat yolu  zaman-zaman  Vətənə, torpağa  sevgi nümunəsi olacaq.

 Dövlət də  sədaqətli oğlunun qəhrəmanlığını unutmadı.  Tank komandiri, gizir  Cəlal  Ağayev ölümündən sonra "İgidliyə görə" və  "Vətən uğrunda" medallarına layiq görüldü.

 Zəfər ORUCOĞLU.