“Dəniz Kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz İrandadır
Digər xəbərlər

“Dəniz Kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz İrandadır

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşılanma mərasimində İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC