Cənubi Qafqazda sülh və təhlükəsizlik birgə fəaliyyətlə mümkündür
Siyasət

Cənubi Qafqazda sülh və təhlükəsizlik birgə fəaliyyətlə mümkündür

Azərbaycanla Ermənistan arasında 44 gün davam etmiş müharibə, ölkəmizin tarixi Zəfəri Cənubi Qafqazda hərbi və siyasi sahələrdə qüvvələr nisbətinə qlobal dəyişikliklər gətirdi. Azərbaycan 44 gün ərzində yalnız hərb meydanında deyil, siyasətdə, diplomatiyada və informasiya savaşında da yeni reallıqlar yaratdı. Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Tarixi ədalət bərpa olundu.Hazırkı mərhələdə qlobal geosiyasi dinamikanın sürətlə dəyişdiyini siyasi ekspertlər də daim vurğulayırlar. O cümlədən qlobal və regional geosiyasətin daha sıx əlaqədə olduğu inkar edilmir. Belə bir şəraitdə aktual məsələlərdən biri də regional geosiyasətə ciddi təsir edə bilən dövlətlərin müəyyən olunmasıdır. Dünyanın bütün regionlarında bu istiqamətdə proseslər gedir. Cənubi Qafqaz bu baxımdan diqqəti daha çox çəkir. Mütəxəssislər bunun səbəbləri haqqında da fikir bildirirlər.

Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bölgədə yeni mərhələnin, yeni geostrateji vəziyyətin yaranmasının da təməlini qoymuş oldu. Yaşadığımız bölgə yerləşdiyi coğrafi mövqeyə görə hər zaman dünya güclərinin maraqlarının toqquşmasına tuş gəlib. Beynəlxalq güclər həmişə regionun zəif ölkələrini təsir altında saxlamağa çalışıblar. Ona görə Cənubi Qafqazda sülh həmişə həssas olub. Tarixi torpaqlarımızda yaradıldığına görə qonşumuz olan Ermənistanın sülhün bu regionda mütəmadi pozulmasında xəbis rolu vardır.

Fransada elə qüvvələr var ki, Cənubi Qafqazda əldə olunacaq daimi sülhün Fransanın maraqlarına zidd olacağını düşünürlər. Onlar Fransa hakimiyyətində müxtəlif səviyyələrdə təmsil olunurlar. Düşünürlər ki, Fransa 44 günlük Vətən müharibəsi və sonrakı proseslərdən kənarda qalıb, arzuladığı mövqeyə sahib deyil. Belə olan təqdirdə bu istiqamətdə gedən proseslərə mane olmaq lazımdır. Buna görə də təxribatçı addımlar atmağa çalışırlar. Müəyyən təbəqə var ki, Cənubi Qafqazda Türkiyənin rolunun artmasından, Türkiyə-Azərbaycan münasibətlərinin strateji xarakterindən narahatdırlar. Məhz bu səbəbdən Cənubi Qafqazda sülh prosesinə, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin qaydaya düşməsinə mane olmağa çalışırlar. Ən geniş müstəvidə baş verənlər Cənubi Qafqazda sülhün əldə olunmasına maneolma təşəbbüsü kimi dəyərləndirilməlidir.

Azərbaycanın ərazi bütövlüyünü təmin edərək regionda çəkisini artıracağından, Zəngəzur dəhlizinin açılmasıyla Türk dünyasının inteqrasiyasının daha da dərinləşəcəyindən narahat olan İranın da Azərbaycana münasibətlərinin gərginləşməsi, İrəvanı cəsarətləndirici addımlar atması da regiondakı geosiyasi mübarizənin başqa bir çalarını təşkil etməkdədir. Bütün bu amillər və Ermənistanın daxili faktorları da diqqətə alınsa, heç də asan olmayan bir prosesin getdiyini görmək mümkündür. Aydın oldu ki, eyni dini və əqidəyə mənsub olduğumuz İranın, müttəfiqlik bəyannaməsi imzaladığımız Rusiyanın, nə Fransanın, nə də Azərbaycanı Xəzər hövzəsində özünə əsas müttəfiq hesab edən ABŞ-nın Azərbaycana qarşı niyyətləri saf deyil. Bu belə deməyə əsas verir ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sözügedən dövlətlərin maraqlarına uyğun gəlmir. Məhz buna görədir ki, əsas istəkləri Ermənistan-Azərbaycan arasında danışıqlar prosesini beşiyindəcə pozmaqdır. İran Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında onun rolunun əvvəlki kimi olmayacağından qorxur. Halbuki, Azərbaycan təklif etdiyi altıtərəfli platformada İranın da iştirakını qeyd edib. Yəni, Azərbaycan və Türkiyə bütün regional dövlətlərin bərabər şəkildə sülhə və inkişafa töhfə verməsini istəyir.

İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələr, bərpa və quruculuq işləri davam etdirilir. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəklində təqdim olunur. Prezident İlham Əliyev bildirib ki, Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq.

Keçən bu müddət ərzində Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün region ölkələri və beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Ölkəmiz sülhün və inkişafın təmini üçün konkret layihə və proqramlarla çıxış edib. Son zamanlar Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstəkdir. Qərbi və Şərqi birləşdirən, mühüm və strateji kommunikasiya yollarının keçdiyi Cənubi Qafqazda sülhün təmin olunması, regionun artan iqtisadi və kommunikasiya imkanlarından bərabər şəkildə maksimum istifadəsi Azərbaycan dövlətinin siyasətini təşkil edən vacib amillərdən və məqsədlərdən biridir.

Mustafa KAMAL,

"Respublika".