“3+3
Siyasət

“3+3" formatında əməkdaşlıq qaçılmazdır

“3+3” görüş formatı Cənubi Qafqaz regionunda iqtisadi, kommunikasiya və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında irəli sürülən bir platformadır. Bu formatın məqsədi regionda davamlı sülh və sabitliyi təmin etmək, etimadı artırmaq, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək və ümumi təhdidlərə qarşı mübarizə tədbirləri həyata keçirməkdir. Bu formatın ilk görüşü 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.

Bu "altılıq" əməkdaşlıq formatının təşəbbüskarı məhz Prezident İlham Əliyevdir. Platformun yaradılması Vətən müharibəsinin başa çatmasından az sonra təklif edilib. Ölkələr tərəfindən fərqli reaksiyalarla qarşılansa da, hər bir mövzuda Azərbaycanla birlik nümayiş etdirən qardaş Türkiyə ölkəmizin bu təşəbbüsünə də tam dəstəyini ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk günlərdən qeyd edib ki, "3+3" formatının fəaliyyətə başlaması regionda sülh və sabitliyə böyük töhfə verəcək.

Yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Hesablamalara görə "3+3" formatında olan ölkələrin ümumi iqtisadiyyatı dünyanın 5-ci ən böyük iqtisadiyyatına bərabərdir. Format, eyni zamanda 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, bu formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir.

Gürcüstan istisna olmaqla, bölgənin digər ölkələri təşəbbüsə razılıq vermişdilər. Hətta bu format çərçivəsində bir neçə dəfə görüş keçirilmişdi. Rəsmi Tbilisinin formatda iştirakdan imtinasına səbəb isə Rusiya ilə münasibətlərdə yaranmış soyuqluq idi. Ölkənin sabiq xarici işlər naziri David Zalkaliani bildirmişdi ki, Gürcüstan üçtərəfli formatda (Gürcüstan, Azərbaycan və Türkiyə) əməkdaşlığı uğurlu sayır: "Bu format artıq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi layihələrdə öz əksini tapmaqla cəlbediciliyini sübut edib", - deyə sabiq nazir qeyd etmişdi.

"3+3" formatındakı görüşlər gələcəkdə Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya, İran və Gürcüstanın qatıldığı yeni formatlı siyasi bir təşkilatın ərsəyə gəlməsinə də səbəb ola bilər. Platform, iştirak edən ölkələr arasında iqtisadi əməkdaşlığın və inteqrasiyanın artması, bölgə əhalisi üçün daha çox ticarət, investisiya və iş imkanları yaranması kimi bir sıra fayda gətirmə potensialına malikdir. Bundan əlavə, format regional əlaqələrdə, dialoq və əməkdaşlığın təmin edilməsilə gərginliyin azaldılmasına və regionda sabitliyin təşviqinə kömək edəcək. Həmçinin "3+3" platforması regionun enerji və nəqliyyat layihələri üçün də əhəmiyyətlidir. Bu, Avropa və Asiya arasında daha çox əlaqə yarada bilər ki, bu da hər iki region üçün faydalıdır. Nəhayət, format daha geniş regional əməkdaşlığa və özünü təmin etməyə səbəb olmaqla regionda xarici güclərin təsirinin azalmasına gətirib çıxaracaq. Yeni geo-siyasi dəyişikliklər fonunda "altılıq" formatında əməkdaşlıq mexanizmi perspektivli görünür və işlək formata çevrilir.

2023-cü il 10 oktyabrda Prezident İlham Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edən zaman regional məsələlərin "3+3" formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda görüşlərin keçirilməsini qeyd etdi. Lakin ölkələr arasındakı fikir ayrılıqları və ziddiyyətlər səbəbindən bu formatın işlək vəziyyətə düşməsi gecikir. Məsələn, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması və Rusiya ilə Gürcüstan arasında ziddiyyətli məsələlərin olması buna maneədir. Amma regional məsələlərin müzakirəsi və əməkdaşlığın genişləndirilməsi üçün "3+3" formatında əməkdaşlıq qaçılmazdır.

Röya RÜSTƏMLİ,

"Respublika".