Cəbrayılda taxıl biçini
Region

Cəbrayılda taxıl biçini

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatı üçün mühüm rol oynayır.

Son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr Cəbrayıl rayonunda da uğurla həyata keçirilir. Belə ki dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən qayğını, dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına  xüsusi maraq göstərirlər. Cəbrayıl Rayon Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata əsasən hər il olduğu kimi cari ildə də sahədə yaxşı göstəricilər əldə olunur.

Rayonda cari ilin məhsulu üçün 5590 hektar sahədə dənli bitkilərin əkini aparılmışdır. Onun 4500 hektarı buğda, 1090 hektarı arpa sahəsidir. Əkin sahələrinin 3370 hektarı, yaxud 60,1 faizi işğaldan azad olunmuş ərazilərdə, 2220 hektarı Cocuq Mərcanlı kəndində və cəbrayıllıların müvəqqəti  məskunlaşdığı Biləsuvar rayonu ərazisindədir.

Keçən ayın ilk günlərindən biçinə start verilmişdir. Hazırda 4700 hektarda, yaxud əkin sahələrinin 84 faizində biçin aparılmışdır. 1090 hektar arpa sahəsində biçin başa çatdırılmışdır. Ümumilikdə 14.280 ton arpa və buğda toplanmış, hər hektardan məhsuldarlıq 30,9 sentner olmuşdur.

Fərdi fermerlərə məxsus sahələrdə biçin artıq başa çatdırılmışdır. Hüquqi şəxslərə məxsus ərazilərdə biçin davam etdirilir.

    Tofiq HÜSEYN,

                              “Respublika”.