ÇAVUŞUN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLİB
Region

ÇAVUŞUN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLİB

Ölkəmizin ərazi bütövlüyünün yağı düşməndən təmizlənməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan kiçik çavuş Hüseynov Ruslan Vəli oğlunun xatirəsi ehtiramla anılıb. Beyləqan rayonunun Bahar qəsəbəsində adına inşa edilmiş bulaq abidəsinin açılışı oldu.

Açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri və ziyalılar iştirak edirdilər.

Əvvəlcə Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Qəhrəmanlı və Bahar qəsəbəsindən olan Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.

Mərasimdə çıxış edənlər şəhid Ruslan Hüseynovun keçdiyi döyüş yolundan söhbət açaraq bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daim yaddaşlarda qalacaq. Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğullar yetişdirən şəhid ailələrinə xalqımız və dövlətimiz tərəfindən çox böyük hörmət və ehtiram göstərilir. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Qeyd olundu ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülür. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bunu bir daha təsdiq edir.

Hüseynov Ruslan Vəli oğlu 1988-ci il may ayının 10-da Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Horovlu kəndindəndir. 2006-cı ildə Bahar qəsəbəsindəki orta məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vuran Ruslan 2013-cü ildə hərbi vəzifəsini davam etdirmək üçün kursa qəbul olunub, 2014-cü ildə kəşfiyyatçı kimi xidmətə başlamışdır. Xidməti dövründə Fəxri fərman və mükafatlara layiq görülmüşdür. 2016-cı ildə aprel döyüşlərinin fəal iştirakçısı olmuşdu. Azərbaycan ordusunun kiçik çavuşu olan Ruslan Hüseynov Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və Qubadlının işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərmişdir. Ruslan Hüseynov noyabrın 1-də Xocavənd döyüşləri zamanı Qırmızı bazarın azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyləqan rayonu, Bahar qəsəbəsində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Ruslan Vəli oğlu Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Ərəstun ABDULOV,

"Respublika".