Vətən ona oğul dedi
Region

Vətən ona oğul dedi

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər icra hakimiyyətinin məsul əməkdaşları, Şirvan şəhərinin və Zəngilan rayonunun ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və Şirvan şəhər Şəhidlər xiyabanında "Şəhid anası" memorial abidə-kompleksini və şəhid məzarlarını ziyarət etdilər. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Xəqani Məmmədovun məzarı önündə ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi.

Şirvan şəhərində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərin aparılmış, şəhid analarının şərəfinə "Şəhid anası" memorial abidə-kompleksi inşa olunmuş, Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilərək, orada "Qarabağ" və "Zəfər" xiyabanları salınmış, qalib Azərbaycan əsgərinin şərəfinə "Zəfər" abidəsi ucaldılmışdır.

Tədbirdə bir daha razılıq hissi ilə qeyd olundu ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, Ali Baş Komandan tərəfindən yeni infrastruktur layihələrin təməli qoyulur. Tezliklə Qarabağ yenidən cənnətə çevriləcək, bütün məcburi köçkünlərimiz kimi zəngilanlılar da dədə-baba torpaqlarına geri qayıdacaqlar. Xəqani kimi oğulların şücaəti gələcək nəsillərə örnək olacaq, xatirələri daima əziz tutulacaq.

Millət vəkili İltizam Yusifov, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə şəhidliyin ən yüksək məqam olduğunu, Şanlı Qələbə üçün hər zaman onları minnətdarlıq hissi ilə xatırlayacağımızı bildirdilər.

Bədii qiraət ustaları, şəhid atası Əli Nur və Bəturə Nağıyeva şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.

Tofiq HÜSEYN,

"Respublika".