Cahit Bağçı: Biz hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Azərbaycan dövlətinin, xalqının dəstəyini gördük
MÜSAHİBƏLƏR

Cahit Bağçı: Biz hər zaman olduğu kimi, 15 iyul hadisələrində də Azərbaycan dövlətinin, xalqının dəstəyini gördük

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının AZƏRTAC-a məxsusi müsahibəsi

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Türkiyə-Azərbaycan dostluq əlaqələri, Şuşa Bəyannaməsi, həmçinin Türkiyədə 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhd ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

–Cənab səfir, Azərbaycanda diplomatik fəaliyyətə başlamağınız münasibətilə sizi təbrik edir, işinizdə uğurlar arzulayırıq. İnanırıq ki, fəaliyyətiniz dövründə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək.  Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı, yaxın olan ölkələr yoxdur.

–Təbrik üçün təşəkkür edirəm. Öncə onu demək istəyirəm ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə vermək mənim üçün şərəfdir. Bilirəm ki, AZƏRTAC və Türkiyənin “Anadolu” Agentliyi bir-biri ilə sıx əməkdaşlıq edən və bərabər səviyyədə fəaliyyət göstərən media qurumlarıdır. 

Türkiyə-Azərbaycan dostluğu barədə çox deyilib, çox yazılıb. Əsas mahiyyət isə ondan ibarətdir ki, ölkələrimiz arasında əlaqələrdən heç bir tərəf mənfəət, qazanc güdmür, bu münasibətlər sırf dostluq əsasında qurulub. İki qardaş ölkənin əlaqələri Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin dediyi kimi, bir çərçivədə sığışır. Bu çərçivə iki ölkənin qardaşlığı üzərində ucalır.

Ölkələrimiz arasında münasibətləri gözəl xarakterizə edən bir ifadə var- iki ananın bir oğlu, bir amalın iki qolu. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi, Azərbaycan və Türkiyə doğrudan da bir ananın iki övladıdır. Biz eyni kökə, dilə, mənsub xalqıq. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə-Azərbaycan qardaşlığını, dostluğunu ən gözəl şəkildə ulu öndər Heydər Əliyev ifadə edib. Qısaca desək, kədəri bir, sevinci bir olan iki millətin qardaşlığı, dostluğu strateji zəminə daşınıb. Yenə də təkrar edirəm, bizim dostluğumuzda, qardaşlığımızda xeyir güdülməyib.

Tarixdə bu dostluğun önəmini göstərən çoxlu nümunələr var. 1918-ci ildə Osmanlı dövləti bütün cəbhələrdə savaşmasına, özü də çətin vəziyyətdə olmasına baxmayaraq, tərəddüd etmədən bolşevik və daşnaklara qarşı vuruşmaq üçün Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Bu ordunun əsgərləri Bakı və ətraf qəzalarda türk-müsəlman əhalisinə qarşı soyqırımı aktının qarşısının alınmasında böyük rol oynadılar. Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Gəncəyə çatanda onun 20 minlik ordusu var idi. Bu, bir qardaşın çətin anında digər qardaşın yardımına yetişməsidir. Türkiyə və Azərbaycanın bir-birinə qardaş dəstəyini hələ bu hadisədən əvvəl Çanaqqala döyüşündə də görmüşdük. Hələ Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ilə çar Rusiyası arasında qarşıdurma başlayanda azərbaycanlılar gizli yollarla keçərək türk qardaşlarının köməyinə gəldilər. Azərbaycan həm əsgər, həm də maddi baxımından öz köməyini göstərdi. Bizim övladlarımız sizin, sizin övladlarınız isə bizim övladlarımız oldu. Bakıda, Gəncədə uyuyan türk əsgərləri həm də Azərbaycanın oğullarıdır.

–Cənab səfir, iyulun 15-i qardaş Türkiyə üçün həm ağrılı, həm də qürurlu gündür. Təsadüfi deyil ki, bu gün Türkiyədə “Demokratiya və Milli Birlik Günü” kimi qeyd olunur. Beş il əvvəl növbəti dövlət çevrilişi cəhdinə məruz qalan Türkiyə çox çətin günlər yaşadı, ciddi sınaqlardan çıxdı, şəhidlər verdi. Azərbaycanda da bizim həyəcanla izlədiyimiz həmin hadisələrlə bağlı nə demək istərdiniz?

–Türkiyədə dəfələrlə hərbi çevriliş cəhdləri olub. İyulun 15-dəki dövlət çevrilişi cəhdi isə digərilərindən fərqlənir. Bütün dövlət qurumlarının, o cümlədən ordunun və polisin içərisinə yerləşdirilən bu qüvvələrin  planı dövləti ələ keçirmək idi. Amma Türkiyə dövləti və türk xalqı buna imkan vermədi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çağırışı ilə insanlar küçələrə, meydanlara axışaraq tankların qarşısına çıxdılar. Bir sözlə, vətəndaşlarımız həyatlarını təhlükəyə ataraq Vətənə sahib çıxdılar. Necə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlı qardaşlarımız tankların qarşısına əliyalın çıxmışdılar. Bu, millət, Vətən və bayraq sevgisidir. Türk insanı milli birliyə, dövlətçiliyə xələl gəlməsin deyə, canını qurban verdi. Türk xalqı həmin gün öz rəhbərinin, seçilmiş hökumətinin müdafiəsinə qalxaraq zəfər qazandı. Həmin gün Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə apardı. Biz bu hadisələrdə də Azərbaycan dövlətinin, xalqının dəstəyini gördük və bunu unutmuruq. 

Təsəvvür edin, Türkiyə şərqdən Suriyada, İraqda PKK təhdidi ilə qarşı-qarşıya mübarizə apardığı bir zamanda, həm də içərimizdəki xainlərlə - fetöçularla mübarizə aparmalı oldu. Eyni ilə Osmanlı dövlətinə olan hücum kimi. Çox şükür ki, Türkiyə bu sınaqdan da çıxa bildi. Təəssüf ki, dövlət çevrilişi cəhdinin ağır nəticələri oldu. 15 iyul hadisələri zamanı 250-dən çox insan həlak oldu, hazırda 2193 qazimiz var. Onların bəzilərinin müalicəsi hələ də davam edir. Dövlətimiz şəhidlərin ailələri və qazilər üçün əlindən gələni edir. Başda Ömər Halisdemir, Erol Orçak, İlhan Varank, müxbir Mustafa Canbaz olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Onu da demək istəyirəm ki, FETÖ yalnız Türkiyənin problemi deyil, həm də başqa ölkələrin problemidir. Çünki bu terror təşkilatının üzvləri qaldıqları ölkələr üçün problemlər yaratmaqda davam edəcəklər. Başda Azərbaycan olmaqla, Türk dünyası lazımi tədbirlər görərək, FETÖ bəlasından xilas olmağı bacardı. Qardaş ölkələrin acı və problem yaşamaması üçün bunu bilmələri vacibdir.

Dövlətimiz 15 iyul hadisəsindən ibrət götürərək Türkiyəni daha da gücləndirmək, söz sahibi etmək üçün mühüm işlər gördü. Türkiyə dövləti bir daha bunları yaşamamaq üçün lazım olan bütün tədbirləri görməkdə davam edir. Biz tarixin dərslərindən ibrət götürməli, baş verənləri unutmamalıyıq.   

–Cənab səfir, bu günlərdə Gəncə şəhərinə səfər etmisiniz. Səfər təəssüratlarınızı bölüşmənizi istərdik.

–Azərbaycanın qədim şəhərlərindən olan Gəncədən yenicə qayıtmışam. Orada olduğum müddətdə bir sıra yerlərə baş çəkdik. Həmçinin Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də oldum.

Gəncədə mənə yüz il əvvəl baş verən maraqlı hekayələr danışdılar. Gəncəlilər 1918-ci ildə bolşevik və daşnaklarla döyüşlər zamanı yaralanan türk əsgərlərini evlərində gizlədir, yaralarını sarıyırlarmış. Yaralı türk əsgərləri vəfat etdiyi təqdirsə isə, onları öz valideynlərinin, övladlarının yanında dəfn edirlərmiş. Bu, bizim nə qədər yaxın və doğma xalqlar olduğumuzu təsdiqləyən çoxsaylı tarixi faktlardan yalnız biridir. 

–Azərbaycan qardaş Türkiyənin dəstəyini növbəti dəfə sentyabrın sonlarında başlayan 44 günlük Vətən müharibəsində də gördü... 

–Doğrudan da biz bu qardaşlığı Ermənistanın 30 il işğal altında saxladığı torpaqları azad etmək uğrunda apardığı Vətən müharibəsində bir daha gördük. Türkiyə Azərbaycanın haqq mübarizəsində onun yanında oldu, mənəvi və siyasi dəstəyini əsirgəmədi.  

Azərbaycan 44 günlük savaşda şəhidlər versə də, Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi bu dostluğa, qardaşlığa öz möhürünü vurdu. Bu sənədin mənəvi və strateji əhəmiyyəti çox böyükdür. Qars müqaviləsi Naxçıvanın zəmanətidirsə, Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliynin təminatıdır. Bu tarixi sənədin imzalanması o deməkdir ki, bundan sonra Azərbaycan üçün kənardan gələ biləcək hər hansı bir təhdid, həmçinin Türkiyə üçün də bir təhdiddir.

2021-ci il 15 iyun tarixi Azərbaycanın və Türkiyənin tarixinə yazıldı. Zaman keçdikcə bu sənədin nə qədər önəmli və əhəmiyyətli olduğu daha dərindən dərk ediləcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, bu coğrafiyada sülh şəraitində birgə yaşamağı qəbul etməlidir. Şuşa Bəyannaməsi də Qafqazda, Xəzər hövzəsində sülhü və təhlükəsizliyi təmin etməyə yönəlib.

–Cahit bəy, necə düşünürsünüz, Zəngəzur dəhlizinin açılması region ölkələrinin siyasətində və iqtisadiyyatında nə kimi rol oynayacaq? 

–Şuşa Bəyannaməsində ən mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi sadəcə, Azərbaycanla Türkiyəni deyil, həm də Qərblə Şərqi birləşdirəcək. Yəni Çindən bir qatar çıxıb Londona gedəndə sadəcə, Çinin mallarını götürməyəcək, həmçinin Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın da mallarını daşıyacaq. Təbii ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın da ticarətinə, iqtisadiyyatına müsbət təsir göstərəcək. Bu dəhliz həm də ölkələrin siyasi müstəvidə anlaşmasında mühüm rol oynayacaq.

Ümummilli lider Heydər Əliyev Xəzərdən neft çıxarılmasında xarici şirkətlərin fəaliyyətinə səlahiyyət verdiyi kimi, burada da müsbət tərəflər çoxdur. Qərb şirkətlərinin Azərbaycanda olması ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdir. Bu, Ulu Öndərin böyük siyasi manevri olaraq dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan üçün çox vacib idi. Zəngəzur dəhlizinin açılması da eyni ilə region ölkələrinin hər birinin xeyrinədir.  

–Müsahibə üçün təşəkkür edirik.

AZƏRTAC