Tarixi torpaqlarımıza qayıdacağıq
MÜSAHİBƏLƏR

Tarixi torpaqlarımıza qayıdacağıq

"Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən İrandan və Osmanlı imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtariyyət statusunun təmin edilməsi, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Erməni şovinistləri zaman-zaman havadarlarının köməyi ilə xalqımıza qarşı deportasiya və soyqırımı hadisələri törətmişlər.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə, habelə digər münbit torpaqlarına köçürdü. Ermənilərin Azərbaycan torpaqlarına - İrəvan bölgəsinə köçürülməsi, gəlməsi prosesi 1441-ci ildə erməni katolikosluğunun Azərbaycanın Qaraqoyunlu dövlətinin ərazisinə - Üçkilsəyə köçürülməsindən sonra başlamışdı.

İrəvan bölgəsində ermənilərin azlıq təşkil etməsi Rusiya imperiyasının İran və Osmanlı sərhədində xristian dövləti yaratmaq siyasətinə uyğun deyildi. Elə bu səbəbdən də Azərbaycanın Arazdan şimaldakı torpaqlarını işğal edən Rusiya imperiyası ermənilərin kütləvi surətdə Qərbi azərbaycanlıların yaşadıqları ata-baba yurdlarına köçürülməsinə başladı. Bu siyasət Azərbaycanın qədim tarixi torpaqlarında gələcəkdə ermənilərə dövlət yaradılması məqsədi daşıyırdı.

Hələ 1887-ci ildə bir qrup erməni millətçisi Cenevredə "Hncaq" adlı partiya yaradaraq əsasən Türkiyə torpaqları hesabına Ermənistan dövləti qurmaq məqsədini qarşısına qoymuşdu. Bundan sonra, 1890-cı ildə Tiflisdə "Daşnaksütyun" erməni millətçi partiyası təşkil olundu. Yalnız Türkiyə və Qafqazda deyil, dünyanın bir çox ölkələrində, hətta okeanın o tayında da təşkilatlanma prosesi həyata keçirilirdi.

Türkiyədə heç bir şeyə nail ola bilməyən ermənilər 1905-1907-ci illərdə çar Rusiyasında baş verən hadisələrdən istifadə edərək fəaliyyətinin cografiyasını dəyişməli oldular. XX əsrin əvvəllərində erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan Qərbi azərbaycanlıları planlı şəkildə doğma yurdlarından qovdular.

Azərbaycanlılarla ermənilər arasında İrəvanda, Amasiyada, Göyçədə, Zəngəzurda və digər ərazilərdə qanlı toqquşmalar baş verdi. Bu baxımdan, M.S.Ordubadinin tarixi sənədlər əsasında yazdığı "Qanlı illər" (1911) əsəri qiymətli mənbə hesab edilə bilər.

Terror, şantaj, separatçılıq yolunu seçmiş daşnaklar və onların faşist ideyalı "Daşnaksütyun" partiyası 1918-1920-ci illərdə Qərbi Azərbaycanda amansız terror hadisələri həyata keçirdilər, yaşlı insanlar, körpə uşaqlar diri-diri yandırıldı. Necə deyərlər, Göyçə gölü müsəlman qanına boyandı...

Erməni daşnakları 1918-ci ildə Basarkeçər rayonunun Şişqaya, Kiçik Məzrə, Kərkibaş, Qızılvəng, Zod və digər kəndlərində Novruz bayramı günlərində analoqu olmayan cinayətlər törətdilər. Ancaq Zod kəndində qaniçən polkovnik Silikovun quldur dəstəsi tamamilə darmadağın edildi. Bu xəbər Bakıda bolşevik cildinə girmiş qatı millətçi Stepan Şaumyanı bərk sarsıtdı...

Erməni daşnakları xaricdə yaşayan hayları Ermənistana köçürmək üçün dəridən-qabıqdan çıxdılar. Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarından köçürülməsi haqqında qərar qəbul edilməsinə nail oldular. 1947-ci ildə "Ermənistan SSR-dən kolxozçuların və başqa Azərbaycan əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" İ.Stalinin imzaladığı 4083 nömrəli qərar əslində Qərbi azərbaycanlılar üçün gözlənilməz zərbə, açıq repressiya idi. Bu qərarda heç bir arqument göstərilmədən nəyin bahasına olursa-olsun azərbaycanlıların Ermənistandan köçürülməsi tələb olunurdu. Bu, xalqımıza qarşı hazırlanmış növbəti deportasiya idi.

1987-ci ilin oktyabrında İrəvan şəhərindəki Puşkin adına parkda "Qarabağ komitəsi"nin ilk nümayişi keçirildi. Bu komitənin liderləri İqor Muradyan və sonralar Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyan erməniləri "Qarabağı yenidən Ermənistana" birləşdirmək üçün aktiv mübarizəyə çağırdılar.

1988-ci ildə SSRİ-nin ilk və sonuncu prezidenti ermənipərəst Mixail Qorbaçovun yenidənqurma və aşkarlıq avantürasından istifadə edən faşist xislətli ermənilər Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin olması pərdəsi altında etnik dövlət siyasətini davam etdirdilər. Kütləvi hədələr, qətllər törətməklə Qərbi azərbaycanlıların kəndlərini dağıtdılar. 70 nəfər soydaşımızın qətli ilə nəticələnən Quqark faciəsi, Basarkeçərdə, Masisdə, Kalininoda, Qacaranda, Qafanda, Kirovakanda, Sisyanda, Amasiyada, Alahverdidə törədilən qırğınlar nəticəsində 300 minə yaxın soydaşımız Qərbi Azərbaycanı zorla tərk etməyə məcbur oldu. 1948-1953-cü illərin hadisələri təkrarlandı. Kremlin göstərişi ilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımız Qarabağda deyil, çadır düşərgələrində yerləşdirildilər. Ermənistan isə təkmillətli respublikaya çevrildi.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından didərgin düşüblər. Onların hər biri, xüsusilə yaşlı nəslin nümayəndələri Vətən, yurd eşqi ilə yaşayır. Onlar əmindilər ki, 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Qərbi azərbaycanlılar İrəvana, Vediyə, Göyçə mahalına, Zəngəzura, Zəngibasara və işğal altında olan digər əzəli torpaqlarımıza qayıdacaqlar.

2022-ci il dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Toplantıda əminliklə vurğulandı ki, Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdışı reallaşacaq, Göyçə gölünün nəğməli sahillərində çal-çağırlı günlərimiz başlayacaq. Şübhəsiz ki, bu ermənilər tərəfindən etirazla qarşılansa, "dəmir yumruq" yenidən başlarına enəcək, Paşinyanın "Miatsum" ideyası reallaşmayacaq.

Mən əslən Göyçə mahalından -Basarkeçərin Zod kəndindənəm. Zod kəndinin sakinləri həmişə ermənilərə qənim kəsilib. Cənab Prezident işğaldan sonra Kəlbəcərə səfəri zamanı Zod kəndinin adını qürurla vurğulayıb. Özbəkistanda Göyçədən xeyli soydaşımız yaşayır. Köç karvanlarının Qərbi Azərbaycan torpaqlarına qayıdışını səbirsizliklə gözləyirik. Ümid edirik ki, Aşıq Ələsgər, Aşıq Alı yurdunda telli sazlar yenidən köynəkdən çıxacaq, çal-çağırlı günlərimizə qayıdacağıq.

Mobil MƏMMƏDOV,

Azərbaycanlıların Milli Mədəniyyət

Mərkəzinin sədri.