Bütün yollar xoş soraqlı sabahlara uzanır
Digər xəbərlər

Bütün yollar xoş soraqlı sabahlara uzanır

Böyük Qələbəmizin elan olunduğu 10 noyabr günündən səkkiz aya yaxın bir müddət keçir. Xalqımız qələbənin hər gününü deyil, hər saatını, hər anını yalnız və yalnız sevinc duyğuları ilə yaşayır. Bu böyük sevinci doğuran bir çox səbəblər var.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz müdrik daxili və xarici siyasəti ilə bir-birinin ardınca Tarixi Qələbəmizə yeni çalarlar, yeni rənglər bəxş edir. İşğaldan azad olunan doğma Qarabağ yenidən qurulur. Zəngilan rayonunda “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri icra olunur. Şuşaya “Zəfər yolu” çəkilir, Laçına çəkilən əlavə yol Laçın dəhlizini əvəz edəcək, Laçın şəhəri bütünlüklə bizim əvvəlki rahat, gözəl yaşayış məkanımıza çevriləcək.

Şuşada keçirilən “Xarıbülbül” festivalının sədaları Cıdır düzünü aşıb, bütün dünyaya yayılıb. Bir millətin iki dövlət başçısı - Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev Şuşanı seyr edib, hər iki xalqın taleyində müstəsna əhəmiyyət kəsb edən Şuşa Bəyannaməsini imzalayıblar.

Xoş xəbərlərin bəxş etdiyi sevinc notlarını sadalamaqla qurtarmaz. Faşist xislətli düşmən təkcə hərbi müstəvidə deyil, siyasi müstəvidə də uduzub və uduzmaqda davam edir. Dünyanın aparıcı media qurumlarının  jurnalistləri, diplomatik korpusların nümayəndələr işğaldan azad olunmuş ərazilərə səfərlər edir, dağıdılıb viranə qalmış yurd yerlərinin şahidi olurlar.

Ali Baş Komandanın son dərəcə çevik, ağıllı siyasəti sayəsində Ağdamın, Füzulinin, Zəngilanın mina basdırılmış ərazilərinin xəritəsi artıq bizim əlimizdədir. Tezliklə digər rayonların da xəritələri bizim minaaxtaran mütəxəssislərimizə veriləcək. Şəhid qanı ilə suvarılan torpaqlar öz gücümüzlə, dost ölkələrin köməyi ilə çox keçməz ki, illər əvvəl olduğu kimi, yenə də əkinə-biçinə, yaşayıb-yaratmağa, halal zəhmətlə ruzi qazanmağa  yararlı hala gətirilər.

Qarabağ başdan-başa gözəlliklər diyarıdır. Diş göynədən bulaqları, mineral suları, gur axan  çayları can dərmanıdır. Erməni vandalları təkcə torpaqları zədələməklə kifayətlənmirlər. Onlar Qarabağda artıq öz sahiblərinə qovuşan çayları da zibillə, zəhərli tullantılarla korlamağa, çaylardakı canlıları, biosferi məhv etməyə çalışırlar. Oxçuçayın suyuna atılan tullantılar buna misaldır. Oxçuçay Arazın sol qoludur. Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən  Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənmişdir ki, burada heç bir canlı yaşamır. Oxçuçayda müşahidə edilən vandallığı mütəxəssislərimiz vaxtında görüb bu dəhşətli vəziyyət barədə dünyanı xəbərdar etmişlər.

Qısa zaman kəsiyində biz öz əzəli torpaqlarımızın bütün gözəlliklərini özünə qaytaracağıq. Qarabağ tezliklə əkin-biçin meydanı olacaq, burada çoxlu  sənaye müəssisələri, inşaat meydançaları  həyat vəsiqəsi alacaq. Saysız iş yerlərimiz olacaq. Təbii ki, peşə məktəbi və peşə liseylərində sənət öyrənən yüzlərlə gənc vətəndaşımız Qarabağın qurulub-tikilməsində iştirakçı olmaq arzusu ilə yaşayır. Biz, peşə liseylərində təhsil alan gənclərlə söhbət zamanı bu istəyin şahidi oluruq. Dünyanın əksər ölkələrində peşə məktəblərinin sayı ali məktəblərdən çoxdur. Bu gün peşə öyrənən insan sabahkı günün qurucusudur. Ali Baş Komandanın çağırışı ilə xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində doğma Qarabağı düşmən işğalından azad etmişik, kənd və şəhərlərimizin yenidən gözəl yaşayış məkanına çevrilməsində də öz birliyimizi nümayiş etdirəcəyik.

İndi bir çox istiqamətlərdə Qarabağa yollar çəkilir. Bu yolların hamısı xoş soraqlı sabahlara uzanır.

Nazim MƏMMƏDOV,

Kürdəmir Peşə Liseyinin direktoru.