Göyçə Sızıldayan yaramız
Digər xəbərlər

Göyçə Sızıldayan yaramız

Ermənilər elə bir toplumdur ki, onlar harada olurlarsa-olsunlar, hara gedirlərsə-getsinlər ora yalnız müharibə, ölüm, fəlakət, bədbəxtlik, əzab-əziyyət gətirirlər. Bu onlarda irsi xəstəlikdir. Həmin xislətdən qurtarmaq müşkül məsələdir. Gəlmə olub torpaqlarımızda yerləşdiklərinə baxmayaraq, 1800-cü illərin əvvəllərindən etibarən dəfələrlə milli tariximizdə dərin izləri qalan xəyanətlər etmişlər. Həmin xəyanətlərdən biri də 1988-ci ildə həyata keçirildi. İlk növbədə, Qərbi Azərbaycan ərazisində yaşayan azərbaycanlılar sıxışdırıldı.

1988-ci ilin mart ayında Basarkeçər rayonunun ağsaqqalları və ziyalıları "Göyçə" təşkilatı yaratdılar. Xalqı müdafiə məqsədilə yaradılan təşkilat Böyük Məzrə kəndində yerləşirdi və konkret fəaliyyət proqramı var idi. Onların işi erməni faşistlərinin xoşuna gəlmədi. Rayon rəhbərliyi fəalları "milli məsələni qızışdırmaqda" ittiham edirdi. Təşkilat cəmi bir neçə ay fəaliyyət göstərdi.

Sumqayıt hadisələrinin törədilməsində məqsədin ədavəti daha da qızışdırmaqdan ibarət olduğu məlum idi. Məhz bu hadisələrdən sonra ermənilər açıq düşmənçilik mövqeyindən çıxış etməyə başladılar. Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi R.Yenqoyan və ikinci katibi H.Hakobyan millətlərarası münaqişənin qızışdırılmasına başçılıq edirdilər. Azərbaycanlılar döyülür, söyülür, təhqir edilir, böhtana, şərə məruz qalırdılar. Guya Sumqayıtda ermənilərin əksəriyyətini Basarkeçər azərbaycanlıları öldürmüşdülər.

Bu, qəsdən "suyu bulandırmaqdan" başqa bir şey deyildi. İstər mətbuatda, istərsə də radio və televiziyada azərbaycanlılara qarşı ittiham dolu böhtanlar yağdırılırdı. Torpaq iddiası, "dənizdən-dənizə böyük Ermənistan" xülyası, xalqa göstərilən təzyiq hamını cana doyurmuşdu. 1988-ci ilin 15 iyununda Çənbərək (Krasnoselo) ərazisində başlayan etiraz mitinqləri genişlənib bütün Göyçəni bürüdü. Basarkeçərdə isə bütün kəndləri əhatə edirdi. Təşkilatçılar mitinqləri rayon mərkəzində, partiya komitəsinin binası qarşısında keçirməyi qərara aldılar. Lakin bu, mümkün olmadı. Ermənistan hökuməti və rayon rəhbərliyi tərəfindən dərhal ordu hissələri gətirilərək, mitinqlər dayandırıldı. Qarabağın müdafiəsi üçün kəndlərdə keçirilən nümayişlərdən sonra ermənilərin azərbaycanlılara qarşı münasibəti daha da kəskinləşdi. Noyabrın 10-da rayon partiya komitəsinin ikinci katibi H.Hakobyanın və təbliğat-təşviqat şöbəsinin müdiri R.İsraelyanın rəhbərliyi ilə 300-ə qədər azərbaycanlı döyüldü. Bir neçə gün sonra Qanlı və Kərkəbaş (Şəfəq) kəndlərində bu vəhşiliyə qarşı yenidən etiraz mitinqləri keçirildi. Buna cavab olaraq təxminən 1000 nəfərə qədər silahlı erməni faşistləri hər iki kəndi mühasirəyə alaraq mitinqləri dayandırmağı tələb etdilər. Əhali faşist erməniləri qovub kəndlərdən uzaqlaşdırdılar. Gələn hərbçilər və rayon rəhbərləri qarşısında nümayişlər yenidən canlandı. Kərkibaş kənd orta məktəbinin direktoru Əli Əliyev və digər ziyalılar qeyd etdilər ki, əslində ermənilərin Qarabağda heç bir problemi yoxdur, onlar hamıdan yaxşı yaşayırlar. Bizsə, minillik torpaqlarımızda hələ adi məişət məsələləri ilə üz-üzə dayanmışıq. Əhalisinin 65 faizindən çoxunu türklər təşkil edən Basarkeçər rayonunda (ermənilər cəmi 30 faiz, qalan 4-5 faiz müsəlman zilan kürdləri və rusdilli əhali) rəhbər işçilərin hamısı ermənilərdi. Ayrı-seçkilik, millətçilik hökm sürən bir respublikada milli münasibətləri qızışdıranlar heç vaxt cəzalandırılmayacaq. Çünki bu işə rəvac verən respublika rəhbərləridir.

Noyabr ayının ortalarında Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini, Aqrar Sənaye Komitəsinin sədri V.Movsesyan Basarkeçərə gələrək belə bir məsələ qaldırdı: Ermənistandakı azərbaycanlılar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbini müdafiə etməlidirlər. Lakin bu məqsədlə kəndlərə göndərilmiş rayon rəhbərləri ən ağır sözlər eşidərək kor-peşman geri qayıtdılar. Xalq bir ağızdan: "Dağlıq Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq", - deyə qəti sözünü dedi. Planları baş tutmayan erməni rəhbərliyinin iç üzü bir neçə gündən sonra açıldı. İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin professoru S.Nazaryan televiziya ilə çıxış edərək belə bir bəyanat yaydı:

"Burnumuzun altında olan düşmənlər sirlərimizi öyrənirlər, respublikanı onlardan təmizləməli və türksüz Ermənistan yaratmalıyıq". Daha sonra onsuz da birliyi möhkəm olan murdar erməniləri yenidən bir bayraq altına, Qarabağ uğrunda mübarizəyə səslədi.

Nəhayət, faşist ermənilərin gözlədikləri gün gəlib çatdı. 27 noyabrda türklərin və müsəlman kürdlərinin yaşadıqları ərazilərdən kütləvi surətdə çıxarılmasının başlanğıcı qoyuldu. Onların var-dövlətləri əllərindən alınır, ləyaqətləri təhqir edilirdi. Güclər bərabər deyildi. Azərbaycandan isə kömək yox idi. Beləliklə, Basarkeçərdə 30 türk kəndi bir həftə ərzində zorla boşaldıldı.

...Yollara düzülən köç karvanının üzü Azərbaycana idi. Başqa hara getməliydi. Bəli, 1988-ci ilin repressiyası belə başlandı, 4-cü deportasiya - 1905-1907, 1918, 1948-1953. Deportasiya zamanı Basarkeçər türkləri və zilan kürdləri 70 nəfərə yaxın adamlarını itirdilər. Elə təkcə bizim Qoşabulaq kəndindən 3 nəfər - Koroğlu və Tapdıq Cəfərovlar, Firidun Alıyev. Onlarla adam şikəst edildi, yaralandı.

Göyçəlilərin öz dədə-baba torpaqlarından erməni faşistləri tərəfindən vəhşicəsinə, quldurcasına, qəddarcasına qovulmaları bizi yandırıb-yaxır, qışın oğlan çağında Göyçə gədikləri-aşırımlarından - Kehdi-Zəylik, Qumlu bulaq-Dik yurd, Zod-Söyüdlü-Qazuçandan insanmı keçə bilər?! Hələ bunun qocası, uşağı, qadını, xəstəsi... Dəhşətdir! Bu yerdən sağ-salamat keçmək yalnız tale, bəxt işidir...

Qərbi Azərbaycandan 300 mindən çox Azərbaycan türkü qovulduqdan sonra erməni faşistləri daha da azğınlaşdılar, çünki cəzasız qaldılar. Onlar "Ermənistan yalnız ermənilər üçün" şüarı altında orada yaşayan 80 min rusdilli əhalini, 100 minə yaxın yezidi kürdünü və assoriləri də qovdular. Hətta hamını qorxutmaq üçün tanınmış ziyalıları vəhşicəsinə öldürürdülər. Misal üçün, İrəvan Tibb Universitetinin uşaq kafedrasının müdiri, 3 nömrəli Uşaq Xəstəxanasının baş həkimi, tibb elmləri doktoru, professor, gözəl şair, istedadlı alim Cəhid Rzqoyeviç İboyanı (poeziya və tibb aləmində Cəhide İbo) və başqalarını vəhşicəsinə öldürərək siyasi don geydirdilər. Ümumiyyətlə, 300-dən çox azərbaycanlı türkü kürd, assori öldürüldü. 3000 nəfərə yaxın adam isə yaralandı və şikəst oldu.

1988-1990-cı illərdə Qərbi Azərbaycanda etnik təmizləmə siyasəti həyata keçirildi. Digər millət və xalqlar vəhşicəsinə qovuldular. İndi orada başqa xalqların nümayəndələrini barmaqla saymaq olar, demək olar ki, yox dərəcəsindədir. Amma erməni faşistləri indi hay-küy salaraq, böhtan, şər deyərək, guya Qarabağdan gedənlər etnik təmizləməyə məruz qalıblar. Halbuki, onlar öz xoşları ilə gediblər. Özü də necə? Onların əksəriyyəti 1990-2000-ci illərdə Rusiyadan, Suriyadan, Livandan, Fransadan gələnlərdi. Həm də 80-90 faizi cinayətkardı, nəinki azərbaycanlıların, bütün Azərbaycanda yaşayan xalqların - avarların, ləzgilərin, talışların, tatların, kürdlərin, yəhudilərin, hanıtlıların, hətta rusların belə qətlə yetirilməsində fəal iştirak ediblər.

1988-1990-cı illərdə baş verən hadisələrdə 300 mindən çox soydaşımız və hətta başqa millətlərin nümayəndələri də Azərbaycana pənah gətirdi. Dövlətimizin və xalqımızın onlara böyük köməyi oldu. Amma qeyd edək ki, əslən göyçəli olub, doğma odlar yurdu, qibləgahımız Azərbaycanda yaşayan göyçəlilər daha çox köməklik göstərdilər.

Onlar öz maddi və mənəvi dəstəklərini əsirgəmədilər. Axı, Azərbaycan xalqının mərd, igid oğulları ilə yanaşı, xeyirxah, səxavətli insanları da tarixdə iz qoyub getmişlər.

Şanlı və müzəffər Azərbaycan Ordusunun parlaq qələbələrindən sonra bütöv Qarabağımızın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və hər yanda, hər yerdə - Füzulidə, Cəbrayılda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, Zəngilanda, Ağdərədə, Şuşada, Hadrutda, nəhayət Xocalıda, Xocavənddə, Xankəndidə üçrəngli bayrağımızın dalğalanması bizdə qürur hissi doğurur. Ona görə də indi daha çox bağlanmalıyıq Göyçəyə!!! Nəinki Göyçəyə, habelə Dərələyəzə, Dərəçiçəyə, Qərbi Zəngəzura, Ağbabaya, Qaraqoyunluya, Vedibasara, Zəngibasara, Gərnibasara, Lori-Pənbəyə! Qərbi azərbaycanlı olduğumuzu tarixlər boyu, əsrlər boyu yaşatmalıyıq.

Azərbaycan Ordusunun şanlı qələbələri, zəfərləri əsas verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müdrik və uzaqgörən siyasəti sayəsində üçrəngli bayrağımız bütün Qərbi Azərbaycanda, o cümlədən bizim doğma və qədim müqəddəs ocağımız olan Göyçədə də vüqarla və əzəmətlə dalğalansın. Biz buna inanır və gələcəyə ümidlə baxırıq.

Qələbələrimiz və zəfərlərimiz üçün bütün şəhidlərimizin qarşısında baş əyirik! Allah onlara rəhmət eləsin, ruhları şad olsun!

Qazilərimizə də Allahdan şəfa diləyir, təşəkkür edirik!

Qərbi Azərbaycanda üçrəngli bayrağımızın dalğalanması günü uzaqda deyil.

Tahir DÜNYAMALIOĞLU,

Nizami BƏŞİROĞLU.

İsmayıllı rayonu.