Yurd yerlərimiz bizi gözləyir
Digər xəbərlər

Yurd yerlərimiz bizi gözləyir

"Böyük Ermənistan" iddiası ilə 200 ildən artıq bir dövrdə qınından  sıyrılmış qılınc kimi qanlar axıdan, şəhər və kəndləri dağıdıb viran qoyan, özünü "zavallı"  və "əzabkeş" bir xalq kimi qələmə verən, güclü dövlətlərin qoltuqağacına çevrilən ermənilərin işğalçılıq siyasəti bizi hər zaman  düşündürmüşdür. 1928-ci ildən çar Rusiyasının tərkibinə keçmiş indiki Ermənistanda cəmi-cümlətanı 2 milyon erməni yaşayır. Dünya ölkələrində də təxminən bu qədər erməni vardır. Yəqin ki, indiki Ermənistan ərazisi 6-7 milyonluq əhali  üçün heç də darlıq etməz. Bəs onda nəyə görə ermənilər Ermənistanda yaşamırlar?

Anadolunun bir hissəsindən, Cənubi Azərbaycanın yarısı qatılmaqla Xəzərdən Qara dənizə qədər "böyük Ermənistan" yaratmaq iddiasında olan ermənilər  bu qədər əhali ilə belə böyük ərazidə nə etmək fikrindədirlər? Görəsən bu ərazi haylara verilsə hər kəndə, şəhərə neçə erməni düşər?

1988-ci ildə törədilənlər erməni təcavüzünün və terrorçuluq siyasətinin növbəti mərhələsi idi. İndiki Ermənistanın yerli əhalisi olan Azərbaycan türkləri öz isti ocaqlarından silah gücünə çıxarılıb didərgin salındılar. Boşaldılmış kəndlərdə bu gün ya tamamilə yaşayış yoxdur, ya da çox cüzi miqdarda erməni yaşayır.

Yenə də belə bir sual meydana çıxır: erməni vandallarına torpaq lazımdırsa, bəs bu kəndlərdə niyə yaşamırlar? Monodövlət yaratmaq iddiasında olan erməni millətçiləri Göyçədə, Ağbabada, Qaraqoyunluda, Dərəçiçəkdə, Zəngibasarda, Zəngəzurda, Vedidə, Qəmərlidə, Dərələyəzdə, Pəmbəkdə və Qərbi Azərbaycanın başqa yerlərində yaşayan soydaşlarımızın evlərinə ayrı-ayrı ölkələrdə yaşayan erməniləri yerləşdiriblər, evlərin çoxu isə boş qalıb.

Tarixən ölkəmizə qarşı ərazi  iddiaları ilə yaşayan ermənilər böyük dövlətlərin əlində alətə çevriliblər.

Nor Bayazit - Yeni Bayazit deməkdir. 1831-ci ildə Türkiyənin Bayazit vilayətindən gətirilən ermənilər azərbaycanlı kəndlərində yerləşdirilirdilər. Bayazitdən gəlmiş ermənilərin şərəfinə burada türk kəndlərindən  biri Nor Bayazit adlandırıldı. Bu kəndin əzəli adı Kəvər olmuşdur.

Kəvər Göyçənin tanınmış kəndlərindən biri olub. Hətta qədim aşıq havalarından biri olan "Sarıtel"in ilk adı da "Kəvəri" olub.

1827-ci ildə rus-İran müharibəsi nəticəsində İrəvan qalası alındı və xanlığın ərazisi Rusiyanın işğal zonasına çevrildi. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandı və İrəvan xanlığının ərazisi çar tərəfindən "erməni vilayəti" adlandırıldı.

1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər  hakimiyyətdə olan daşnak hökuməti Qərbi azərbaycanlılara qarşı analoqu olmayan qırğınlar, terror hadisələri törətmişlər. Bu müddət ərzində daşnak quldurlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə azərbaycanlını ata-baba yurdlarından zülm və işgəncə  ilə qovmuşlar. 1920-ci ilin əvvəllərinə kimi 220 mindən çox azərbaycanlı daşnak siyasətinin qurbanına çevrilmiş, Qərbi Azərbaycandan on minlərlə soydaşımız Türkiyə və İrana qaçmışdır.

1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradılmışdır. Zəngəzur mahalının bir hissəsi Ermənistanda qalmışdır. Qeyd etmək lazımdır ki, XI qızıl ordu Ermənistanı işğal etdikdən 3 gün  sonra, yəni 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini və Göyçə mahalını ermənilərə vermiş, Göyçə gölü "Sevan" adlandırılmışdır.

Otuzuncu illərin əvvəllərində Sovet İttifaqında həyata keçirilən kollektivləşmə kampaniyası Ermənistanda geniş vüsət almışdı. Kollektivləşmə  kampaniyası bu respublikada yaşayan türklərə qarşı çox ciddi, sərt tərzdə həyata keçirilirdi. Varlı azərbaycanlıların var-dövləti, mal-qarası əlindən güclə alınıb  kolxoz təsərrüfatına verilirdi. Bir az tərəddüd edənlər dərhal "qolçomaq" adı altında damğalanır, xalq düşməni kimi qələmə verilirdi. Bu qəbildən olan insanlar Qazaxıstana və ya Sibirə sürgün edilirdilər. Çox zaman ailə başçısı tutulduqdan sonra əmlakı müsadirə olunur,  ailə üzvləri sürgünə göndərilirdi. Belə hallar 1930-1937-ci illərdə Qərbi Azərbaycanın Krasnoselo, Basarkeçər, Kəvər (Kamo) və Qaranlıq (Martuni) rayonlarında daha çox baş vermişdir.

1930-cu ildə Göyçənin Ardanış kənd sakini Məşədi Hümbət erməni millətindən olan rayon milis idarəsinin rəisini güllə ilə vurub oğlu və kürəkəni ilə dağlara çəkildi. Bu, erməni şovinistlərini bərk qorxuya saldı.

1945-ci ilin noyabrında Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov İ.V.Stalinə məktub yazaraq Qarabağın Ermənistana verilməsi haqda məsələ qaldırdı. İ.V.Stalin tədbir görülmək üçün məktubu M.C.Bağırova göndərir. M.C.Bağırov cavabında Azərbaycanın  bu təklifə etiraz etmədiyini bildirir. Ermənilərin belə bir təklifi İ.V.Stalinin ağlına batdı. O, 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına  köçürülməsi haqqında" 4083 nömrəli qərar imzaladı. Qərara əsasən, 1948-1953-cü illərdə 150 min soydaşımız Qərbi Azərbaycandan deportasiya edildi. Onların bir çoxu dağ şəraitində yaşadıqlarından isti aran zonasında dözə bilmədilər.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasına  Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Prezident Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci ildə fərman imzalanmışdır.

Faşist xislətli ermənilər 1988-ci ildə Qərbi azərbaycanlılara qarşı mənfur daşnak siyasətini davam etdirmiş, azərbaycanlıları doğma yurdlarından çıxarmaq üçün Mixail Qorbaçovun razılığını almışlar. Ən nəhayət, haylar çirkin əməllərini reallaşdırmış, qışın boranlı-çovğunlu günlərində 300 minə yaxın Qərbi azərbaycanlı min illər boyu yaşadıqları ərazilərdən zülm və işgəncə ilə qovulmuşlar. Dünya ictimaiyyəti isə bu ədalətsizliyə göz yummuşdur.

Qərbi azərbaycanlıların son deportasiyasından 36 il keçir. Yurd həsrətli  insanlar isə qəribsəmiş ata-baba  torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar.

Qərbi azərbaycanlıların yurd yerlərinə qayıdışı üçün dünya ictimaiyyətinə müraciətlər edilir. Ata-baba yurdumuza qayıdış bizim haqqımızdır və günlərin birində İrəvana, Ağbabaya, Göyçəyə, Zəngəzur mahalına və digər yurd yerlərimizə dönəcəyik...

Akif ORUCOV,

təqaüdçü.