“Buta Golden
İdman

“Buta Golden" komandası çövkən oyunu üzrə “Prezident Kuboku" turnirinin qalibi olub

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə "Prezident Kuboku"nun dekabrın 24-də final matçı oynanılıb.

AZƏRTAC xəbər verir ki, səkkizinci dəfə keçirilən "Prezident Kuboku" turnirində bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən edilmiş milli cins atlarımız olan "Qarabağ" və "Dilbaz" cinsli atlardan istifadəyə icazə verilib.

Turnirdə finala gedən yolda 6 komandanın iştirakı ilə 10 oyun keçirilib. Binə Atçılıq Mərkəzində oynanılan final görüşündə "Buta Golden" və "Polad" komandaları birincilik uğrunda mübarizə aparıblar. Həlledici qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanan "Buta Golden" komandası "Prezident Kuboku"nun qalibi olub. Qalib komandanın üzvləri mükafat və kubokla təltif olunublar.

Yarışın ümumi mükafat fondu 50 min manat təşkil edib.

Çövkən qədim zamanlardan Azərbaycanda atüstü oyun kimi geniş yayılıb. Bu yarışların keçirilməsinin əsas məqsədi xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanmasından, qədim tarixə malik atçılıq ənənələrinin bərpasından ibarətdir. Bu oyun yarış zamanı istifadə edilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb. Yarışda hər komandada beş atlı olmaqla milli "Qarabağ" və "Dilbaz" cinsindən olan atlar iştirak ediblər.

AZƏRTAC