Bölgələrimizdə şəhidlərimizin əziz xatirəsi yüksək ehtiramla anıldı
Region

Bölgələrimizdə şəhidlərimizin əziz xatirəsi yüksək ehtiramla anıldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd olunur. Respublikamızın bölgələrində keçirilən anım tədbirlərindən yazıları oxucularımıza təqdim edirik.

TƏRTƏR

Tərtər rayonunda "Şəhidlər" abidə-kompleksinin qarşısında  27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.

Bildirib ki, 2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edilib. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadağın olunub. Ordumuz bütün cəbhəboyu irəliləyib və düşmən Azərbaycan əsgərinin qarşısında diz çöküb.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid Rəşad Mirzəyevin anası Afidə Mirzəyeva, şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, qazi Amid Paşayev, "N" saylı hərbi hissənin komandiri Vüsal Hüseynov dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

BƏRDƏ

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən anım tədbiri keçirilib. Bərdə Rayon Mədəniyyət Mərkəzinin qarşısında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli Azərbaycan Bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları tərəfindən dövlətimizə və ordumuza dəstək olaraq "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Müzəffər Ordumuz", "Vətən sənə canım fəda!" şüarları səsləndirilib. 

Tədbirdən sonra Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, təhsil, Bərdə Regional Asan Xidmət Mərkəzi, ictimaiyyət nümayəndələri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və çoxsaylı mədəniyyət işçilərinin iştirakı ilə rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi  uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin məzarları önünə gül dəstələri düzülüb.

Sonda Bərdə Regional Asan Xidmət Mərkəzi və regional mədəniyyət idarəsinin kollektivi tərəfindən Bərdə terrorunda şəhid olan dinc sakinlərin əziz xatirəsinə  yaradılmış  "Xatirə lövhəsi" ziyarət olunub, qarşısına tər güllər düzülərək mülki şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

ŞƏMKİR

Tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda Şanlı Azərbaycan bayrağını Bayraq Meydanından Şəhidlər Xiyabanına gətirib. Şəhidlər Memorial Abidə-Kompleksinin açılışı olub, abidə önünə əklil qoyulub.

Açılış mərasimində bildirilib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı gün - sentyabrın 27-si Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunur.

Daha sonra şəhid övladlarının, məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə çıxış edən qəhrəman övladların məğrur anaları "Vətən Sağ Olsun!" deyərək canları, qanları ilə Zəfər Tariximizi yazan qəhrəmanlara, onların ailələrinə göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Tədbir çərçivəsində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olundu, ağacəkmə aksiyası keçirildi və sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, həyətyanı evlərin qapılarından bayraqlar asılaraq həmrəylik nümayiş etdirildi.

LAÇIN

Xalqımız qəhrəman oğul və qızlarının şücaətini həmişə yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, Vətən fədailərinin əziz xatirəsini uca tutur. 44 gün davam edən Vətən müharibəsində igidliklə döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında  Anım Günü keçirilir.

27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Laçın rayonunda da keçirilib. Anım mərasimində Laçın  Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər. Mərasim iştirakçıları əllərində Vətən müharibəsi şəhidlərinin şəkil-posterləri ilə Taxtakörpüdəki Qayğı qəsəbəsinin girişindən Şəhidlərin  Xatirə kompleksinə yürüş keçiriblər.

Saat 12-də şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib və sonra rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb. Anım mərasimində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilib.

FÜZULİ

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli diplomatiyası, sərkərdəlik bacarığı və Silahlı Qüvvələrimizin döyüş meydanında  uğurlu hücum əməliyyatı aparması dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Döyüş əməliyyatlarına tanklar, digər zirehli maşınlar, müxtəlif artilleriya qurğuları, raket sistemləri və quru qüvvələri geniş şəkildə cəlb edildi. Bütün bunlara baxmayaraq, cəsarətlə demək olar ki, İkinci Qarabağ müharibəsində qələbəni Azərbaycan əsgəri qazanıb! Fədakarlıqları hər bir azərbaycanlı üçün örnək olan qəhrəmanlarımız dövlət tərəfindən yüksək orden və medallarla təltif olunublar. Vətən müharibəsində ən şiddətli döyüşlərin getdiyi Füzuli rayonundan 76 nəfər qəhrəmanlıq göstərərək şəhid olub.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Horadiz şəhəri Qəhrəmanlar parkında şəhidlərin parlaq ruhuna həsr edilən tədbir keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Tədbirdə RİH-in başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, müharibə veteranları, ərazidə xidmət keçən hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidlərin əziz xatirəsi sükutla yad edilib, onların ruhuna dualar oxunub.

BALAKƏN

Rayon mədəniyyət və istirahət parkındakı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ramil İsmayılov, şəhid Kamal Məmmədovun anası Zümrüd Alqayeva, şəhid Vahid Əlisoltanovun anası Validə Əlisoltanova, "Qartallar Şuşaya uçur" kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra   çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabr ayının 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Qələbə əldə etdi.  Həmçinin vurğulanıb ki, Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin cəsur əsgər və zabitləri qəhrəmanlıq salnaməsi yazdılar.

Daha sonra rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi, Balakən rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ŞAMAXI

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında təşkil olunmuş rəsmi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan ordumuzun döyüş yolundan söz açan natiq onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. 

Mərasimdə deputat Tamam Cəfərova  44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhrəmanlıqla həlak olmuş və sağlamlığını itirmiş hər bir müharibə iştirakçısının daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını bildirib, şəhidlərimizin ailələrinə başsağlığı verib və səbir diləyib. 

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev və şəhid atası Rza Nəbiyev çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulamış, düşmənə sarsıdıcı zərbə vuraraq yaddaşlarından silinməyəcək dərs verdiklərini qeyd etmişlər.

Ölkəmizin hər yerində olduğu kimi, saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

27 Sentyabr - Anım Günü ilə əlaqədar rayon rəhbərliyi ayrı-ayrı kəndlərdə dəfn olunan şəhidlərin məzarlarını ziyarət edib, həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun şəhidlik zirvəsinə ucalmalarının 2-ci ili ilə bağlı onların ailələri ilə görüşüb.

İSMAYILLI

27 Sentyabr - Anım Günü ilə əlaqədar İsmayıllı rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə şəhid ailələri, qazilər, idarə, müəssisə, hüquq-mühafizə orqanlarının kollektivləri, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidlər Xiyabanında keçirilən mərasimdə Dövlət Himni səsləndirilib, din xadimi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Şəhid Novruz Həmzəyevin anası Zenfira xanım şəhid anaları adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi Vüqar Hacıyev müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib. Anım mərasimindən sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Eldar şamı, Tuya və Oliandra ağacları əkilib.

Tədbirdən sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov şəhid ailələrini - Talıstan kəndində Bədəlov Cavidanın, Hacıhətəmli kəndində Xəlilov Qədimin və İsmayıllı şəhərində Səmədov Elnurun evlərinə gedərək ailə üzvlərini ziyarət ediblər. Məlumat üçün bildiririk ki, anım tədbirləri rayonun bütün kəndlərində şəhid məzarları önündə keçirilib.

      "Respublika".