Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Digər xəbərlər

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraçı Direktoru Yanne Holst Hübner və Baş müşaviri, İngiltərə və Uelsin Baş prokurorunun müavini Şenaz Muzafferin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da keçirilmiş görüş zamanı Baş prokuror, BPA-nın vitse-prezidenti Kamran Əliyev qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında həyata keçirilmiş institusional və kadr islahatları barədə məlumat verməklə gənc hüquqşünasların işə qəbulu və onların peşəkar prokurorluq əməkdaşları kimi formalaşdırılmasının prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Qonaqlar səmimi qəbula görə minnətdarlıq ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür ediblər.

2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin fəaliyyəti ilə bağlı iclas keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.

Daha sonra, BPA rəsmiləri təşkilatın üzvlüyünə yeni qəbul olunmuş gənc əməkdaşlarla görüş keçirməklə üzvlük vəsiqələrini təqdim ediblər.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Ülvi QARAYEV,

“Respublika”.