Qoy, səsinizi dünya eşitsin
Digər xəbərlər

Qoy, səsinizi dünya eşitsin

1926-cı il 6 noyabr.  Bakı şəhərində məhz həmin gün radiostansiya istismara verildi. Ölkəmizdə ilk dəfə radio proqramı efirə yayımlandı. Ondan otuz il sonra 1956-cı il fevralın 14-də ilk dəfə teleötürücü vasitəsilə ağ-qara təsvirdə Respublika Televiziyası efirə çıxdı. Beləliklə, bu gün Azərbaycan radiosunun 96, televiziyasının isə 64 yaşı tamam olur...

Ümumiyyətlə, həmin gün həyatımızın ayrılmaz hissəsinə çevrilmiş, bir zamanlar "sehirli qutu" adlandırılan radio və televiziya necə yaranıb, hansı inkişaf mərhələlərindən keçib?

1895-ci ildə rus fiziki A.S.Popov radioqəbuledici və radioötürücü aparatı icad edir. O vaxtdan radio zəruri rabitə vasitəsinə çevrilir. Televizorun ixtirası isə bir qədər sonra - XX əsrin 20-30-cu illərində baş verib. Belə ki, 1933-cü ildə amerikalı mühəndis rus mənşəli Vladimir Zvorikin televizorun əsas hissələrindən biri olan ötürücü qurğunu ixtira edib. 30-cu illərin ortalarından televiziya verilişlərinin yayımı başlayıb. İlk televiziya verilişi 1936-cı ildə Londonda efirə çıxıb.

1939-cu ildə ABŞ mühəndisləri A.Roze və X.Yoms tərəfindən televiziya ötürücü trubkası (optikon) ixtira edildi. Avropada isə televiziya yalnız 50-ci illərdə geniş yayılmağa başladı. Azərbaycanda radionun tarixi 20-ci illərdən hesablanır. Bakıda ilk radioqurğu 1924-cü ildə quraşdırıldı.

İlk vaxtlar radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı.

1956-cı ildə fəaliyyətə başlayan Azərbaycan televiziyası ilə ilk dəfə 1957-ci il iyunun 28-də respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşa səhərlərində güclü, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiyalar qurulub.

Proqramlar zəif sayılan RV-47 stansiyası vastəsilə yayımlanır, studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü. 1929-cu ildə radiostansiya Bakı Baş Poçt - Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.

İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları bədii və musiqili verilişlərin müəllifləri idi. Artıq yavaş-yavaş diktor və aktyor qrupları yaradılırdı.

Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisadi fakültəsinin tələbəsi Raya İmanzadə olur. Sonrakı dövrlərdə şair Hüseyn Natiq (o, İkinci Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstənaxanada həkim kimi fəaliyət göstərib) hərbçi Əsgər Mövsümzadə, Əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışıblar. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişib.

1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi "RV-8" radio marşı ilə açılırdı. Ədəbi verilişlər redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şeir, hekayə felyetonlarla yanaşı, tamaşalar da yazırdı. Onun təşəbbüsü ilə radionun diktorlarından ibarət dram dəstəsi də yaradılmışdı. Görkəmli nasir və şairlərimizin sənət əsərlərinin radioda səsləndirilməsi ədəbi dilin inkişaf etdirilməsinə, yad təsirlərdən qorunmasına xidmət edirdi.

Sovet dövründə yalnız bir Azərbaycan televiziya və radiosu fəaliyyət göstərirdi. Sonralar əlavə olaraq "Araz" radiostansiyası da bu sıraya qoşuldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı artdı. Təkcə paytaxtda deyil, bölgələrdə də televiziya kanalları fəaliyyətə başladı. Ölkə miqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb.

Bu gün Azərbaycan Televiziyasının nəzdində iki müstəqil kanal - "İdman Azərbaycan", "Mədəniyyət" kanalları artıq tamaşaçılar tərəfindən maraqla izlənilir. O cümlədən, ATV, İTV, Xəzər, ARB, Space, CBC sport və digər ümumrespublika və regional televiziya kanallarının da öz tamaşaçıları formalaşıb.

Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi də fəaliyyət göstərir. Bundan başqa, xaricdə azərbaycandilli televiziya kanalları da mövcuddur. ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz Tv-ləri var. Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fond"dundan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir.

Bu gün AzTV-nin maddi-texniki bazası xeyli dərəcədə dəyişib və modernləşdirilib. Bütün studiyalar və montaj otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Televiziya proqramlarının Avropa ölkələrində keyfiyyətli yayımı təmin edilib. "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.

Televiziyada aparılan islahatlar radio sahəsində də müşahidə olunur. Ötən illər ərzində milli radiomuz tam şəkildə kompüterləşmə və servis xidmətinə keçib. Aəzrbaycan radiosunun "Lirika dəftəri"ndən, "Bulaq", "Muğam saatı", "Elm və həyat", "Radio teatrı" kimi veriliş və proqramları neçə nəslin sevimlisi olub. Hazırda "Gəl səhərim", "Bağçada güllər", "Addım-addım", "Ustad nəfəsi" və s. verilişlər dinləyicilərə təqdim edilir.

Azərbaycan efirində fəaliyyət göstərən beynəlxalq radio türk, ərəb, fars, erməni, ləzgi, talış, kürd və gürcü dillərində verilişlər yayımlayır. Beynəlxalq radio uzun illərdir ki, "Cənubi Azərbaycan" redaksiyası vasitəsilə bütün dünyaya səpələnmiş soydaşlarımız üçün vahid ünvana çevrilib.

6 Noyabr Televiziya və Radio İşçiləri Günüdür. Bu münasibətlə həmin sahədə çalışan həmkarlarımızı təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq. Azərbaycan tamaşaçısı və dinləyicisi maraqlı verilişlər sorağındadır. Qoy, səsinizi dünya eşitsin!..

 

Zümrüd QURBANQIZI,

"Respublika".