Bəşəriyyətə qarşı törədilən ən qəddar cinayət
Tarix

Bəşəriyyətə qarşı törədilən ən qəddar cinayət

Xocalı qətliamına ilk dəfə hüquqi qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dəhşətli faciə barədə demişdir: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Azərbaycanın qədim tarixi məkanlarından olan Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan, yalnız Holokost soyqırımı ilə müqayisə edilə biləcək Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər sırasında yer alır.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində dövlətimiz tərəfindən davamlı olaraq məqsədyönlü addımlar atılmışdır və bu proses davam edir. Əslində, Xocalı faciəsi kimi qətliamlar bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və əqdlər tərəfindən birmənalı olaraq pislənir, belə əməllərin yolverilməz olduğu açıq-aydın bildirilir. Lakin az öncə də qeyd etdiyimiz kimi, müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin nəticəsidir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır.

Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində görülən işlərdən danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış və hazırda da davam edən "Xocalıya ədalət!" kampaniyasının ölçüyəgəlməz əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Bu möhtəşəm kampaniya barədə Leyla xanım Əliyeva özü belə demişdir: "Xocalıya ədalət!" kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ildə apardığı ədalətli müharibənin gedişində döyüş meydanında bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsinin qurbanlarının qisasını düşməndən aldı. Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik "böyük Ermənistan" ideyası sadəcə Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan heç vaxt imkan verməyəcək ki, Cənubi Qafqazda erməni faşizmi bundan sonra bir də yenidən baş qaldırsın.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.