Dağlar yiyəsiz qalmadı
Tarix

Dağlar yiyəsiz qalmadı

“Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir”.

Heydər ƏLİYEV,

ümummilli lider.

Möhtərəm Prezidentimiz İlham Əliyevin həmişə olduğu kimi, bu günlərdə Kəlbəcərdəki qürurlu, son dərəcə nikbin çıxışı və Murovdağı altından tunel çəkilişinin başlanması haqqındakı məlumatı da minlərlə insanın, əlbəttə, çox da böyük olmayan narahatlığına son qoydu.Yəni, adamlar arasında bəzən Murov yolu ilə gediş-gəlişin, xüsusilə payız-qış mövsümündə çətin olacağı barədə söhbətlər gedirdi. Ancaq insan belədir də. Kəlbəcər işğal altında olanda deyirdik ki, İlahi, təki Kəlbəcər azad olsun, oraya ayaqyalın da getməyə hazırıq. Artıq Kəlbəcər azaddır. İndi də yolun yaxşısını və hətta daha yaxşısını istəyirik. Şükürlər olsun, artıq Kəlbəcərə rahat yol çəkilir, tunel və körpülərin tikintisi gedir.

Kəlbəcər ölkənin ən zəngin təbii resurslara malik olan bir cənnət məkanıdır. Təsadüfi deyildir ki, hələ 1996-cı ildə mən özüm də iştirak etdiyim Kəlbəcər ziyalıları ilə görüş zamanı ulu öndərimiz Heydər Əliyev demişdi: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur”. Çoxlarının diqqətini bənzərsizliyi ilə özünə cəlb edən Kəlbəcər nəhayət ki, xoşbəxt günlərini yaşayacaq.

Ali Baş Komandanımız İlham Əliyev Kəlbəcərdə olarkən 1958-ci ildə çəkilən tunelin girəcəyində dayanıb demişdi ki, Kəlbəcərdə yeni tunellər çəkiləcək, Kəlbəcərdən Laçına yol açılacaq, körpülər inşa ediləcək.

Keçən əsrin əvvəllərində gözəl şairimiz S.Vurğunun yazdığı bir şeiri yada düşür:

“Şuşaya, Kəlbəcərə dəmir yolu çəkiləcək, insanoğlu dincələcək isti suyun narzanında”. Yəqin inşallah bu da olacaq. Təki Azərbaycan təbiətini, xalqını, ölkəsini böyük məhəbbətlə sevən Prezidentimiz sağ olsun, o, lazım olan hər şeyi edəcək.

Yuxarıda adıgedən tunel Kəlbəcərin Sovet dövründən qalan və kəlbəcərlilərin o dövrdə yaşadıqları çətin günlərin ulu öndər Heydər Əliyevin təbirincə desək, fədakarlıq      abidəsidir. Çətin iqtisadi şəraitdə bu işi görmək necə mümkün oldu?

O vaxt Kəlbəcərin birinci katibi Böyük Vətən müharibəsi iştirakçısı (o, ağır yaralandıqdan sonra tərxis olunmuşdu) Səfər Verdiyev (yeri gəlmişkən, bu il onun doğulduğu vaxtdan 100 il keçir) idi. O, bu tunelin tikintisinə deyil, onun başlanmasına icazə almaq üçün daha çox da vaxt sərf etdiyini söyləyirdi. Bu yolda Kəlbəcərə Mərkəzdən kimlərinsə gəlməsi, daha doğrusu, gətirilməsi üçün nələr etmək lazım gəlmişdi! Nazirlər Sovetinin sədri S.Rəhimov, Ali Sovetin sədri Mirzə İbrahimov (aşağıda təfsilatı veriləcək), şair və yazıçılar, nazirlər, ekspertlər və s. insanların intəhasız dəstəyi ilə bu tədbir baş tutdu və tunelin çəkilişinə başlamaq mümkün oldu.

Yadımdadır, tuneldə və qamışlı yolunun çəkilişində işləyən fəhlələrin əməyinin səmərəli təşkilinə, onların yemək-içməklərinə katib özü nəzarət edir, bəzən xörəyi öz evində bişitdirib onlara göndərir və ya maşınınla özü aparırdı. Onların bir ehtiyaclarının ödənilməsinə köməklik etməyi rayon və təsərrüfat rəhbərlərinə tapşırırdı. Çünki bu yollar kəndlərdən aralı idi. Ancaq yuxarıda qeyd edildiyi kimi, bu yolların tikintisi, yerli şəraitin mürəkkəb ekoloji çətinliklərilə bağlı olduğu üçün burada demək olar ki, işlər 100 faiz sal qayaların partladılaraq aradan götürülməsindən asılı idi. Bir çox hallarda da material çatışmazlığı, xüsusilə partlayıcı maddənin qıtlığı üzündən işin gedişində qısa fasilələr yaranırdı. O vaxt bu ucqar yerdə hər şey çətinliklə başa gəlirdi. Belə ki, yol tikintisində istifadə edilən mal-material Bakıdan Yevlağa, oradan da yük maşınları ilə Kəlbəcərə çatdırılırdı.

1952-1953-cü illərin çətin günləri yaşanırdı, Böyük Vətən müharibəsi arxada qalsa da, Kəlbəcər rayonunda maddi-məişət şəraiti ağır olaraq qalırdı, yollar bərbad halda idi, yüz otuz yaşayış məntəqəsinin əksəriyyəti şose yolundan xeyli, yəni, 25-30 km uzaqda, keçilməz dağların arasında yerləşirdi.

Yevlax-Kəlbəcər şose yolu Tərtər çayının sahilboyu uzanıb gedirdi, bəzi yerlər çayın lap 2-3 metrliyindən keçirdi. Yaz mövsümündə isə güclü yağan leysan nəticəsində həmin yerlər tez-tez yuyulub dağılırdı, günlərlə yol bağlı qalırdı.

Kəndlərin böyük əksəriyyətinə piyada yolunun belə çətin olması üzündən adamlar bəzən daşların, kəsəklərin üstü ilə, yaxud da iki dağ silsiləsinin arası ilə axan və sahili olmayan Tərtər çayının içi ilə, güclü su axınını azı 30-35 yerdən soyunub keçməklə gedirdilər. Vəziyyətin belə acınacaqlı olması hər kəs kimi rayon rəhbərliyini də düşündürməyə bilməzdi.

Digər tərəfdən də dağlıq zonanın təbii coğrafi quruluşu burada rayonun öz gücünə yol salmasına imkan vermirdi.

Heç kəs inanmırdı ki, uca dağları yarıb, yol çəkmək, hətta dağı deşib altı ilə tunel çəkmək mümkün olsun. Eyni zamanda iqtisadiyyatını ancaq iri və xırdabuynuzlu mal-qara təşkil edən dağ rayonunun təsərrüfatlarında əməkhaqqı səviyyəsi olduqca aşağı idi. Kolxozlarda texnika çatışmırdı. Ərzaq təminatı da yaxşı deyildi.

Kəndlərə maşın yolunun olmaması üzündən işlər əl əməyi ilə görülürdü. İşə hətta qadınlar da cəlb olunurdu. Rayonun kəndlərini yanacaq, ərzaq və sənaye malları ilə təmin etmək üçün qarşıda bu kəndlərə maşın yolu çəkmək, həm də haradan çəkmək vəzifəsi dururdu. Bu, təkcə vəzifə deyildi, həm də rayon əhalisinin ümumən rifahı naminə rayon rəhbərliyinin vətəndaşlıq borcu hesab olunurdu.

Bir tərəfdən də rayon əhalisinin aşağı aran rayonlarına köçürülməsi məsələsi də gündəmə gətirilmişdi. Belə bir təhlükə də rayonun başı üstündə bir kabus kimi durmaqda davam edirdi.

Rayon Partiya Komitəsinin birinci katibi Səfər Verdiyevi düşündürən də məhz bu idi, yəni, hər şeydən qabaq, bu kəndlərin iqtisadi dirçəlişinə nail olmaq üçün yeganə və həlledici addım bu kəndlərə yol çəkilişi idi. O, öz işinə, ilk seçiminə də elə bundan başladı.

Əslində, Kəlbəcərin yol məsələsi Bakıda həll edilməli idi, bu qənaətlə də o, həmişə olduğu kimi, növbəti dəfə yenə də Bakıya üz tutur.

Lakin təəssüf ki, hər dəfə də Mərkəzdə başbilənlər tərəfindən məsələ belə qoyulur ki, sizin nəzərdə tutduğunuz yollara milyonlarla vəsait tələb olunur, ancaq əvəzində isə respublikaya heç nə verilmir, bunu necə planlaşdırmaq olar.

Çox düşünüb-daşındıqdan sonra o, rəhbərlikdə millətinə daha çox bağlılığı ilə fərqlənən Xalq yazıçısı, Ali Sovetin sədri Mirzə İbrahimovla görüşür.

Mirzə İbrahimov Səfər Verdiyevin yaxını, ailəvi dostu və bir çox məsələlərdə məsləhətçisi idi. Mirzə müəllim özü də ürəyində o taylı-bu taylı böyük xalqının tükənməz məhəbbətini daşıyan və xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti ilə fəxr edən bir insan idi.

Beləliklə o, məsələni Mirzə müəllimə danışır, Mirzə müəllim bu yolların əhali üçün əhəmiyyətini soruşur. Səfər müəllim də izah edir ki, rayonda yeni bir təsərrüfat sahəsi olan tütünçülüyün və heyvandarlığın inkişafı, əhalinin mədəni-iqtisadi dirçəlişi bu yolların açılması ilə bilavasitə bağlıdır və onların əmək şəraitini də məhz bu yolla yaxşılaşdırmaq mümkündür.

Uzun sürən araşdırmadan sonra hökumət rəhbəri vaxt tapıb rayona gəlməyə, hər şeyi yerində baxıb həll etməyə söz verir. Belə də olur.

Mirzə müəllim Kəlbəcərə aid bir vətəndaş kimi gəlir. Onu müşayiət edən cangüdəni yox idi. Maşınında bir sürücü idi, bir də özü, silah da götürməmişdi. Hətta Kəlbəcərdən Yanşaq kəndinə və oradan da kimsəsiz çöllü-biyabanla Murovdağını aşaraq uzun bir yolu gedərkən də polis rəisinin onlarla getməsinə razılıq vermirdi: --Nə lazımdır, artıq əziyyətdir, bizə heç kim toxunmaz, --deyirdi.

Rayon rəhbərliyi Mirzə müəllimi 50-60 km məsafədə yerləşən Qozdu körpüsü deyilən yerdə qarşıladı. O, Tərtər çayının sol sahili boyu, dağların arası ilə qıvrıla-qıvrıla gedən dar şose yolu ilə rayon mərkəzinə doğru irəlilədikcə ətrafın əsrarəngiz gözəlliyindən zövq aldığını gizlətmirdi, demək olar ki, dinmir, düşünürdü. Təbiətin bu ahəngini pozmaq olmaz. Sanki hər tərəfdə möcüzə yaradan təbiətin bu naxışına vurğunluğu sükutla ifadə etmək, anlamaq lazım idi, yoxsa, qüdrətdən yaranan bu ilahi mənzərədən muradınca kam almayıb tamarzı getmək ədalətsizlik olardı.

Mirzə müəllimin gözü istər-istəməz yolboyu yüksəkboylu qoz ağaclarına sataşdı. O, qayğıkeşliklə bu ağaclara böyük həssaslıqla yanaşıb onları qorumaqla bağlı tapşırıq verdi.

Dağ yolları adətən valehedici təbiət mənzərələri ilə bol olsa da belə, şəhər adamları üçün əlbəttə, bir qədər yorucu olur. Mirzə müəllim Kəlbəcər şəhərinə axşamüstü çatdı və raykomun qonaq otağında qəbul edildi.

Sabahı günü bu hörmətli qonaq dağların möcüzəsi olan “İstisu”ya səfər etdi. İstisuyun problemləri ilə yerində tanış oldu, suyun mənbəyindən içdi, müalicə binasına baş çəkdi, kurort tikintisinin vəziyyəti barədə məlumatları dinlədi, fəhlə və qulluqçularla qısa görüş keçirdi. Bütün bunlar əlbəttə, yerli hakimiyyətin görəcəyi iş və plan üçün vacib tədbirlər idi. Respublika hökumətinin başçısının bu yerlərə baş çəkməsi və hər şeyi yerində öz gözü ilə görməsi kurortun gələcək tikinti-abadlıq işləri üçün o vaxtlar son dərəcə önəmli bir iş idi.         

İstisudan qayıdan sədr raykomun qonaq otağında kiçik bir istirahət fasiləsindən sonra Kəlbəcərin yollarına baxmaq üçün kəndlərə yola düşdü. Həmin gün Tərtərin sağ sahilində nəzərdə tutulan tunel yolunun keçəcəyi dağa baxış keçirib, çay yolu deyilən başqa  bir istiqamətə diqqət yönəltdi. Beləliklə, rayonun iki əsas zonasında yerləşən çoxsaylı kəndlərə yol çəkiləcək sahələr nəzərdə keçirildi.

Yol çəkilişi ilə bağlı bütün məsələlər nəzəri cəhətdən yerində razılaşdırıldıqdan sonra qarşıda daha bir məsələ, yəni, Murovdağı altından tunel vurulmasının layihələşdirilməsinə dair razılığın əldə olunması dururdu.

İstisu ümumittifaq Kurortları siyahısına daxil edildiyindən onun yol tikintisinə başlamağın da vaxtı çatmışdı. Yəni, Göygöl, Naftalan, İstisu kurortlarını birləşdirmək məqsədilə Murovdağının (Hacıkənd yaxınlığındakı ətəyində tunellə Kəlbəcərin Yanşaq kəndi istiqamətində) altından tunel çəkməklə kurortlar arasındakı məsafəni azı 50 km qısaltmaq üçün layihə işləri görülməli idi.

Sədrlə bu məsələ də danışıldıqdan sonra o, qərara gəlir ki,  atla Murovdağına qalxıb nəzərdə tutulan yerlərə də baxsın. Beləliklə, havaların xoş keçdiyi bir vaxtda (iyun ayı idi) Kəlbəcərdən üç atlı Murovdağına üz tutub Yanşaq kəndinə gəlir və orada gecələməli olur. O vaxtlar Yanşaq kəndində, bizim ata evimizdə yaşca Səfər müəllimdən kiçik olan qardaşım yaşayırdı. Həmin gecə çox güclü yağış yağır.

Qonaqlar hamısı bir otaqda yatmalı olurlar, birdən tavandan otağın düz ortasına düşən su damcıları Mirzə müəllimin diqqətini cəlb edir. O, Səfərə baxıb ciddi bir (əslində Mirzə müəllim təbiətən çox sakit və mülayim adam idi) tərzdə deyir: Səfər, niyə bu evin şiferi yoxdu? Səfər Mirzə müəllimə izah edir ki, atla-ulaqla bura şifer gətirmək olmur, gərək yol olsun, amma yerli palıd taxtasından  şifer əvəzi vurulubdu, yəqin taxtalar quruyub çəkilib, arasından yağış sızır  və ona görə də damır. Sədr yolsuzluğun nə demək olduğunu onda öz gözləri ilə gördü. Səhəri gün, yəni, tezdən süfrə arxasında Mirzə müəllim: “Birinci katibin evindən su daman yerdə, camaat neyləsin”,-deyib, təzə kəsilmiş baldan bıçaqla götürüb kəklikotu ilə dəmlənən çayını içdi və şanla birlikdə goddan təzə kəsilmiş beçə balına baxıb təəccübünü gizlədə bilmədi. “Baloğlan müəllim, bu ağlıqda və bu şirinlikdə mən bal görməmişəm desəm, yəqin inanmazsınız. Bu necə olur?” Baloğlan müəllim yerli təbii şəraitin arıçılıq üçün çox əlverişli, gül-çiçəyin çox rəngarəng və bol, havanın, suyun təmiz və bütün bunların arıların ətirli bal yığması üçün əsas şərt olduğunu deyib əlavə etdi ki, meşənin cökə çiçəyi və dağların gül-çiçəyi arılar üçün gözəl yemdir və ona görə də bu beçə balı həm ağ, həm də dadlıdır.

Mirzə müəllim: “Bu baldan sabah bizim yolumuza da qoya bilərsənmi”,-deyə Baloğlan müəllimə müraciət etdi. O da: “Əlbəttə, Mirzə müəllim”-dedi.

Sabahı atlar yəhərləndi, yüyənləndi, yolçu yolda gərək deyib, erkən yola düşdülər. Onlar meydan çayı yaylağına çatdıqdan sonra ən əvvəl tunelin vurulacağı yeri gözdən keçirib, sonra Murovdağının başına yön aldılar. Bu yol isə dəniz səviyyəsindən 3200 m hündürlükdən keçirdi. Bunu əvvəlcə nəzərə alan bələdçi onlar üçün soyuqdan qorunmağa hər cür geyim hazırlığı tədarük etmişdi. Murovun başına çıxandan sonra bir qədər aşağı  enib  turşu bulağının yanında atdan düşüb xurcundan götürdükləri yeməklərini çıxardıb bir az nahar elədikdən sonra yenidən atlanıb Toğana kəndi istiqamətinə doğru endilər.

Turşsudan aşağı enib tunelin təxminən çıxacağı yerə diqqət yetirdilər. Sonra da Göygölə qalxıb bir qədər dincəldikdən sonra katib məmnun halda Kəlbəcərə yola düşdü. Mirzə müəllim də Göygöldə gecələyib səhəri Bakıya qayıtdı.

Yuxarıda söhbət açdığımız bu kiçik səfər şəxsi dostluq əsnasında baş versə də, Kəlbəcərin böyük problemlərini həll etmək məqsədi güdürdü və ümumi milli maraqları, xalq mənafeyini hər şeydən üstün tutan bu hökumət və partiya rəhbərinin köməyi ilə işə başladılar. Yəni, bir ay müddətində Kəlbəcərə mühəndis-texniki işçi qrupu (ekspert) gəldi. Dağ suxurlarının, habelə yolların çəkilişinin layihə-smeta sənədləri hazırlandı, daha sonra bu sənədlər rayon təşkilatları ilə baxılıb təsdiq edildi.

Kəlbəcərdə Tərtərin sağ və sol sahili kəndlərinə, yəni, Seyidlər və Tutqu-çay zonalarında yerləşən kəndlərə ilk dəfə, o vaxt üçün çox çətin olan yol tikintisinə başlandı.

Orasını deyək ki, mənəvi və iqtisadi əhəmiyyətinə və texniki-təşkilati səviyyəsinə görə bu, indiyə qədər rayonda və bəlkə də respublikada həyata keçirilən ən möhtəşəm, həm də ən ağır və sanballı bir layihə idi. O vaxt Kəlbəcərdə bu yolların çəkilişinə səhv etmirəmsə, Ələkbərov adlı bir nəfər rəhbərlik edirdi. Bu adam ya nazir idi, ya da idarə rəisi idi, yadımda deyil. Ancaq yadımda qalan odur ki, bu adam rayonda olduğu müddətdə gördüyü işə çox ciddi yanaşır, ürəkdən can yandırırdı. Hər gün görülən işlər və ya yerlərdə lazım olan köməklik barədə Səfər müəllimə şəxsən məlumat verir və çox vaxt onunla birlikdə katibin mənzilində nahar edirdi.

Xatirimdən çıxmayan bir anı qeyd etmək istərdim. Rayonda bu iki zonada eyni vaxtda başlanan yol çəkilişində partlayış o qədər güclü olurdu ki, elə bil dağ yerindən qopacaq idi. Daşların qəlpələri isə qarşıdakı qabaq-qənşər meşə ağaclarının qol-budaqlarını qırıb onları çılpaqlaşdırırdı.

Demək olar ki, rayonun bütün rəhbər işçiləri bu yolların çəkilişinə cəlb edilmişdilər. Yol çəkilən ərazilər müharibə meydanını xatırladırdı.

Adətən bütün yeniliklər ətrafında çoxlu söz-söhbətlər olur. Bu dəfə də istisna olmadı. Bəziləri güman edirdilər ki, sərt dağ suxurlarından yoğrulan yalçın qayaları deşib oradan 200-300 metr bir ölçüdə tunel çəkmək ağlasığmazdı, bəziləri də orada işləyən adamların həyatından narahatlığını ifadə edirdi, axı kim təminat verir qəza baş verə bilərdi. Bir qisim adamlar isə daha irəli gedib mümkün qədər mane olmağa çalışır, əks-təbliğatla məşğul olurdular. Hətta Yanşaq kəndinin ağsaqqallarından olan qoca bir gün evə gəlib Səfər müəllimi bir az danlamışdı da. Aylar keçir, yol çəkilir. Qamışlı yolu 2 ay tez başa gəlir. Burada tunel nəzərdə tutulmasa da, hər halda yol sal qayaların üzəri ilə çəkilirdi. Bu yol Qamışlı kəndinə çatanda kənd əhalisinin hərəsi bir qurban götürüb yolun açılışına gəlir. Bulaq üstə, açıq havada insanların geniş toy-bayram məclisi qurulur.

Ancaq nə o müdrik kişi, nə də xalqa müqəddəs xidmətin nə olduğunu bilməyən və ya bilmək istəməyən adamlar dərk edə  bilmirdilər ki, şəxsi mənafeyinin quluna çevrilməyən, yurdunun, obasının ağrı-acısını özününkü hesab edən adamlar həmişə xalqına və haqqa arxalananda dağı yerindən oynada bilər.

Beləliklə, rayonun hər iki zonasında  gözləndiyindən daha qısa bir zaman kəsiyində 80-100 yaşında belə maşın görməyən, motor səsi eşitməyən yaşlı adamların yaşadığı yüksək dağlar qoynunda yerləşən onlarca kəndə maşın yolu çəkilir və bundan sonra həmin kəndlərdə abadlıq işlərinin həyata keçirilməsi üçün real şərait yaradılır.

Maşın yolunun çəkilməsi kəndlərin və ümumən rayonun həyatında tarixi hadisə kimi qarşılandı və sözün əsl mənasında kəndlərdə yeni həyat başladı.

Ancaq yuxarıda adıgedən Murov tunelinin o vaxt çəkilişinə vaxt çatmadı. 1958-ci ildə respublikada Moskvanın birbaşa göstərişi ilə kadr dəyişikliyi baş verdi və bütün mövcud partiya strukturunda da yeniləşmə siyasəti həyata keçirildi.

Murovun tunel çəkilişi baş tutmadı. Bu gün şükürlər olsun ki, Prezidentimiz bu məsələnin həllinə sərəncam verdi və yaxın gələcəkdə Allahın izni ilə  Kəlbəcər-Naftalan kurortlarını birləşdirən bu tunel daha geniş, daha rahat və daha gözəl bir formada tikiləcək və Azərbaycan xalqına təqdim ediləcək.

“Şuşa sən azadsan, biz səni dirçəldəcəyik!” dünyaya bir bəyanat kimi səslənən bu qürur doğuran kəlmələr eynilə Kəlbəcərə də aiddir, inşallah. Kəlbəcər də yenidən dirçələcək.

Böyük Vətən müharibəsinin başa çatmasından sonra Sovet İttifaqının bütün bölgələrində xalq təsərrüfatında islahatlar həyata keçirilir,  dağılmış sahələr bərpa olunur və məhsul istehsalının, xüsusilə strateji kənd təsərrüfatı məhsullarının sürətlə inkişafı üçün  tədbirlər görülürdü.

Kənd təsərrüfatında mexanikləşmə səviyyəsinin yüksəldilməsinə kapital qoyuluşu artırılsa da, canlı işçi qüvvəsindən səmərəli istifadə edilməsinə güclü ehtiyac hiss olunurdu.

O vaxtlar Azərbaycanda Mingəçevir Su Elektrik Stansiyasının mövcud su  ehtiyatlarından kənd təsərrüfatının inkişafı üçün istifadə etmək zərurəti birə-beş artmışdı. Qarabağ, Şirvan, Mil-Muğan bölgələrində dövriyyədən kənar torpaqların istifadə edilməsi və həmin sahələrin münbit torpaqlara çevrilməsi üçün əlverişli şərait yaradılmışdı. Lakin torpaq, su və əkin materialı məhsul istehsalı  üçün əsas vasitə və şərt olsa da belə, bütün bunları məqsədyönlü şəkildə istifadə etməkdən ötrü insan amili, yəni, əlavə işçi qüvvəsi lazım gəlirdi.

Burada təəssüf doğuran o idi ki, hökumətin bəzi məmurları, respublikanın təbii-iqtisadi şəraitinə yaxından bələd olmadan, xalqın çoxəsrlik yaşayış tərzini öyrənmədən bu məsələ ilə bağlı çıxış yolunu dağ rayonlarının əhalisinin bu torpaqlara köçürülməsində görürdülər. Onlar demək olar ki, bunun üçün bütün təbliğat vasitələrindən istifadə edərək ictimai fikrin bu səpkidə formalaşmasına çalışırdılar. Mətbuat orqanlarında mütəxəssislərin, bəzi məhdud təsəvvürə malik olan iqtisadçıların, alimlərin, dövlət nümayəndələrinin ara-sıra çıxışları verilirdi. Bir sözlə, bu məsələ hər gün ictimaiyyətin diqqətinə çatdırılmaqla, onun tezliklə həll edilməsinə nail olmaq məqsədini daşıyırdı.

Ancaq yerlərdə bu deyilənlərə qarşı mənfi münasibət də getdikcə güclənirdi. İnsanlar yaxşı bilirdilər ki, dağ adamlarının aran yerlərinə köçürülməsi onların faciəsi demək idi. Belə ki, bir vaxtlar dağlıq rayonlarda yaşayan işçi qüvvəsi bir qayda olaraq kombaynların qıt vaxtında aşağı rayonlara taxıl biçininə cəlb edilirdi. Biçinçilər beş-on gün işlədikdən sonra xəstələnir, qızdırmaya tutularaq geri qayıdırdılar.

Burada fikrimizi bir qədər aydınlaşdıraq.

Müharibə illəri arxada qalmışdı. Ermənilərin mərkəzdə olan daşnak nümayəndələri isə öz millətçilik fəaliyyətlərini durmadan gücləndirirdilər. Onların zaman-zaman Azərbaycan və azərbaycanlılar əleyhinə həyata keçirdikləri daşnak siyasəti yenə də baş tutmuşdu. Bu dəfə məkrli bir siyasət işlədildi. Yəni Qərbi Azərbaycandan 200 min azərbaycanlının Ermənistan adlanan ərazidən İttifaqın şimalına köçürülməsi məsələsi qoyulmuşdu. O vaxtlar Azərbaycan hökumətinin təkidi və qəti tələbi ilə çox çətinliklə onların heç olmasa Azərbaycana köçürülməsi mümkün oldu. Bir məcburi şərtlə ki, onlar aran zonalarında, yəni, pambıqçılıq bölgələrində yerləşdirilsin.

Belə də oldu. Dağlıq və dağətəyi zonalardan köçürülən bu insanlar respublikanın pambıqçılıq rayonlarında yerləşdirildi. Çox keçmədi ki, onların səhhətində çətin problemlər yarandı və bu problemlər onları yeni, müvafiq ərazilərə köçmək məcburiyyəti qarşısında qoydu. Əlbəttə, o vaxtlar İttifaq hökumətini inandırmaq o qədər də asan deyildi. Bu, az qala dövlət siyasətinin əleyhinə çıxış kimi hallana bilərdi.  Əsas arqument kimi Mərkəzin qarşısında respublikada dövriyyəyə yeni torpaqların cəlb edilməsi yolu ilə pambıqçılığın inkişaf etdirilməsi amili qoyuldu. Ancaq bundan sonra qərbdən köçürülən azərbaycanlıların bu ərazilərdə yerləşdirilməsinə razılıq verildi.

Nəticə də ondan ibarət oldu ki, bu köçkünlərin əksəriyyəti onlar üçün yeni təbii mühitə dözə bilməyib yeni ərazilərə köçdülər, bəziləri də tələfat versələr də, bu qeyri-əlverişli şəraitlə barışmalı oldular. Bütün bunlar respublika rəhbərliyinin gözü qarşısında baş verirdi. Məcburi köçkünlük dövrünə qədər istiyə düşməyən və ağcaqanad sancmayan bu adamların birdən-birə çətin ekoloji mühitə düşməsi əlbəttə, onların sağlamlığına pis təsir etməyə bilməzdi. Bu məsələ, yəni, məcburi köçkünlərin aran zonada yerləşdirilməsinin səhv olduğu artıq hamıya, o cümlədən respublika başçılarına məlum idi.

Ancaq heç olmasa bundan sonra düşünmək olardı ki, daha doğrusu, düşünmək lazım idi ki, ermənilərin həyata keçirdikləri deportasiya siyasətini respublika daxilində də təkrar edərək indi yerli azərbaycanlılara qarşı həyata keçirmək düşmənçilik olardı. Yəni, bu sadəcə olaraq qərbi azərbaycanlılara qarşı ermənilərin işlətdikləri siyasətin respublika daxilində həyata keçirilən bir davamı idi. Bu, düşmən dəyirmanına su tökmək idi. Bu, milli faciə idi. Çünki bu faciə baş tutsa idi, çoxlu insan tələfatı ilə nəticələnə bilərdi. Buna baxmayaraq, məsələ yenə də öz həllini gözləməkdə aktual olaraq qalırdı. Bu haqda müvafiq rayonların başçılarına lazımi tapşırıqlar da verilmişdi.

Beləliklə, 1950-ci illərdən başlayaraq, bu zərərli siyasət davam edirdi. Kəlbəcər rayon camaatı təlaş içində idi. Hamı narahatlıq keçirirdi. Məsələnin yerdə konkret həlli üçün Kəlbəcər Rayon Partiya Komitəsinin qarşısında bir yol dururdu. Rayon əhalisinə bu tədbirin onlar üçün olum, ya ölüm qədər vacibliyini başa salmaqla əhalidə bu tədbirə qarşı etiraz fikri oyatmaq və həm də onu pusquda duran bəzi ermənipərəst qüvvələrin hədəfindən yayındırmaq yolu ilə məsələnin həlli yolunu tapmaq; ikinci yolu yox idi.

Kəlbəcər rayon partiya Komitəsinin birinci katibi S.Verdiyev nə qədər çətin və məsuliyyətli olsa da, bu yolu seçdi. O, əhali arasında hörməti olan və sözükeçən, rayon partiya təşkilatını təmsil edən, partiya və komsomolun rəhbər işçilərindən, habelə təsərrüfat rəhbərlərindən ibarət bir qrup fəalı məsələnin müzakirəsinə cəlb etdi.

O, öz fikrini də açıqladı. Yəni, çox qısa bir şəkildə göstərirdi ki, respublika rəhbərliyi rayon əhalisinin köçürülməsi tapşırığını verib. Biz bunu etsək, bu yerlər xarabalığa çevriləcək, insanları da aranda ciddi tələfatla qarşılaşacaq. İndi siz fikirləşin və nə etmək lazımdır deyin!

Fəalların müzakirəsi uzun çəkdi. Hamı bir-bir danışdı: rayon icraiyyə komitəsi sədri H.Bağırov, bank müdiri K.Əhmədov, istehlak idarəsinin rəisi Ə.Qurbanov, milis rəisi A.Abışov və digər partiya, sovet və kənd təsərrüfatı işçiləri qəti bir surətdə öz etirazlarını bildirib rayon partiya komitəsinin ətrafında sıx birləşərək əhalinin köçürülməsinin səhv bir siyasət kimi yolverilməzliyini qeyd etdilər: “Mən sizi dinlədim. Ancaq bütün xalqa bunu çatdırmaq üçün sizi bura dəvət etmişəm, bir həftədən sonra yenidən görüşüb yerlərdəki vəziyyəti sizdən soruşacam, indi isə bu iş üçün rayonumuza ezam olunmuş bir nəfər yoldaş gələcək, mən özüm də onunla kəndlərə çıxıb camaatın fikrini öyrənəcəyik”, - deyib katib yığıncağı bağlı hesab etdi.

Bir azdan katib mərkəzdən gələn həmin səlahiyyətli nümayəndə ilə yola düşdü. Lakin əvvəlcə nümayəndəyə təklif olunan kəndə o getmək istəmir, özünün istədiyi kəndə getməyi bəyan edir və əlini xəritədə bir kəndin üstünə qoyub, “məhz bu kəndə gedəcəyik”, - deyir.

Tərslikdən qonağın seçdiyi kəndin yolu, işığı yox idi. Əhalisi də maldarlıqla məşğul olduğu üçün onların mədəni-məişət şəraiti ucqar bir kəndin xüsusiyyətinə uyğun idi. Təbii ki, bu insanlar ölkədə baş verən siyasi proseslərdən nisbətən az məlumatlı idilər. Məhz buna görə də katib öz təklifində israrlı olur ki, başqa bir maşın yolu olan kəndə getsinlər. Ancaq nümayəndə sözündən dönmür və o dediyi kəndə getməyi qərara alırlar. Ona görə getməzdən öncə kənd əhalisi xəbərdar edilir ki, axşamçağı kənddə iclas olacaq, iclasa rayon rəhbəri gələcək və pambıqçılıq rayonlarına köçmək məsələsinə də baxılacaq. Beləliklə, yığıncaq məktəb binasında baş tutur.

Birinci katib giriş sözünü çox qısa ifadə edərək, sözü mərkəzdən gələn nümayəndəyə verir və xahiş edir ki, ona diqqətlə qulaq assınlar və sakitliyə riayət etsinlər.

Natiq sözünə başlayarkən əvvəlcə o vaxtın mövcud qaydalarına əməl edərək partiya və hökumətin kənd təsərrüfatı qarşısında qoyduğu perspektiv vəzifələrdən danışır, sonra rayonun və konkret bu kəndin gözəl və əməksevər insanlarının şəninə xoş sözlərlə nitqinə başlayır. Hətta kolxozda əldə edilmiş müvəffəqiyyətlərdən faktlar gətirir. Bu söhbətlərə qulaq asan və zalın tən ortasında özünə yer tutan bir qoca hərdənbir yerindən çox sağ ol, bərəkallah, maşallah və s. sözlərlə sanki natiqi dəstəklədiyini bildirir. İclas sədrinin iradına baxmayaraq, kişi dizinin üstünə qoyduğu papağını sığallaya-sığallaya heç kimə məhəl qoymurdu və çıxış edənə əhsən-əhsən deyib vərdişinə sadiq olduğunu göstərirdi.

Giriş sözünə çoxlu xoşagələn və gəlişi gözəl sözlər qatıb danışan natiq nəhayət, əsas məsələyə keçdi və göstərdi ki, Mingəçevir su hövzəsindən çəkilən böyük kanalların altında min hektarlarla boş torpaqlar var, ancaq, torpaqları becərmək üçün işçi qüvvəsi çatışmır. Odur ki, o yerlərə sizin kimi əməksevər insanlar gərəkdir ki, orada bol məhsul əldə edib güzəranlarını daha da yaxşılaşdırsınlar. Partiya hökumətimiz sizi bu daşlıq-qayalıq yerlərdən köçürüb, geniş düzəngahlarda yerləşdirmək fikrindədir: - “Dayan! Dayan! Bağışla, bağışla” – deyib, bayaq yerdən bərəkallah deyən qoca ayağa qalxıb natiqin sözünü kəsir:

Oğlum, bayaqdan sənə qulaq asıram. Buracan çox kamil danışdın, çox sağ ol. Amma o ki, dedin sizi köçürmək lazımdır, bax orda işləri korladın, hara köçürük. Dəlisən, nəsən. Kişinin (yəni katibin) yanında məni lap hövsələdən çıxartdın.

Tədbir son nəticədə baş tutmadı. Nə etməli? Rayonun haqq işini dəstəkləyən insanlara üz tutmaq yeganə çıxış yolu idi, yəni, rayon katibi Bakıda yaşayan vəzifə və xüsusi hörmət sahibi olan tanınmış şəxslərlə sıx əlaqə saxlayır, onları rayona dəvət edir, yerli insanlarla onların görüşlərini təşkil edirdi. Bu adamların arasında M.İbrahimov, S.Rüstəm, Ə.Vəliyev, S.Vurğun və s. kimi görkəmli yazıçı və şairlər, müxtəlif qəzet redaktorları, xüsusilə Respublika Həmkarlar Təşkilatının sədri K.Hüseynov, akademiklər Həsən Əliyev, M.Qaşqay və digərləri Kəlbəcər üçün hər şey etməyə hazır olan öz xalqına ürəkdən bağlı insanlar var idi.

Kəlbəcərin köçürülməsinin ən faciəli bir siyasi tədbir olmasını tam açıqlığı və cürətli çıxışı ilə hamının diqqətinə çatdıran Xalq şairi S.Vurğun Kəlbəcəri öz gözü ilə görəndən sonra mərkəzin məcburən yeritdiyi bu siyasəti alt-üst etdi.

S.Vurğun 1955-ci ildə (iyun ayında) Kəlbəcərə Rayon Partiya Təşkilatının rəhbəri, Ali Sovetin deputatı S.Verdiyevin dəvəti ilə gəlmişdi. Rayon rəhbərliyi böyük şairi çox təntənəli, hörmət və ehtiramla qarşıladı. O, buraya bir dost kimi dəvət olunmuşdu.

Kəlbəcərin havası, bulaqları, meşəsi, bir sözlə, təbiəti ona o qədər xoş gəldi ki, şair burada nəzərdə tutduğundan xeyli çox qalmağı üstün tutdu və ürəyi istədiyi qədər qaldı. Əlbəttə, Kəlbəcərdə o, çoxlu görüşlər keçirdi, camaatın əhvali-ruhiyyəsi ilə yerində tanış olub, onların arana köçürülməmək haqqındakı fikirlərinə şərik olduğunu bildirdi. Çox təəssüf hissi keçirdi: “Bu yerlərdən olan adamları necə köçürmək olar, onların babalarının cəsədləri bu torpaqda çürümüşdür”. Bütün bunlardan sonra şair katibi əmin etdi ki, bu yolda əlindən gələni edəcək”, bu yerləri boşaltmaq ağılsızlıq və cinayətdir” – deyib Bakıya yola düşdü.

Çox çəkmədi Mərkəzi Komitənin bir neçə həftədən sonra keçirilən plenumunda şair iclasın sədrindən çıxış üçün söz istəyir, çoxdan bu günü gözlədiyini deyir. O, kürsüyə qalxır, 40 dəqiqə Kəlbəcər məsələsi barədə kəskin və ətraflı çıxış edir və böyük şair çıxışının sonunda: “Kəlbəcər kimi nadir təbii gözəlliyə və eyni zamanda təbii sərvətlərə malik olan bənzərsiz bir məkanı yiyəsiz qoymaq normal təfəkkürə sığışmayan yanlış bir siyasətdir” – deyərək, bütün dinləyicilərin müsbət mənada marağına səbəb olur. Sonra Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev rayon rəhbərinə söz verir. O, bütün Kəlbəcər camaatının qəti fikrini plenuma çatdırır və göstərir ki, onlar ata-baba yurdlarını tərk etməyi qəbul etmirlər, plenum iştirakçılarından rayon zəhmətkeşləri adından xahiş edirəm ki, bu məsələyə real qiymət verilsin.

S.Vurğunun əsaslı və ədalətli çıxışından sonra Kəlbəcərin köçürülməsi məsələsi demək olar ki, gündəlikdən birdəfəlik çıxarıldı və rayon əhalisi mənəvi təskinlik tapdı. Nəticədə bir həqiqət sübuta yetdi ki, möhkəm əqidə, təmizqəlbli və intəhasız insanların səmimi birliyi, xalq, vətən sevgisi, ən əsası isə milli mənafeyi həyatının əsas meyarı hesab edən insanların vəhdəti baş tutan yerdə, həll edilməsi mümkün olmayan elə bir məsələ yoxdur. Ancaq bu sadalanan ləyaqətli əqidə sahiblərinin yüksək milli dəyərləri sayəsində Kəlbəcərin sal qayalardan onlarca kəndinə avtomobil yolunun çəilməsi mümkün oldu.

Dağlar yiyəsiz qalmadı. Bu gün Kəlbəcərin ikinci intibah mərhələsi başlayır. Əminik ki, Azərbaycanın Mədəniyyət Mərkəzi Şuşadan sonra Prezidentimizin bölgələrin yenidən qurulması siyasəti sayəsində Kəlbəcər də ölkəmizin cənnət guşəsinə çevriləcək və Azərbaycanda bənzəri olmayan bir sağlamlıq və istirahət mərkəzi kimi tanınacaq.

Rəhman VERDİYEV,

iqtisad elmləri namizədi, dosent.