Firavan həyatın təməlləri atılır
Tarix

Firavan həyatın təməlləri atılır

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür

Azərbaycan Respublikasının cənubunda, Kiçik Qafqaz dağlarının ətəyində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonu cənubdan İranla, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi əsasən dağlıq olan rayon, Araz çayı və Tuqay meşələri ilə əhatə olunub. Bölgənin ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir.

1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İntensiv hücumlar nəticəsində Füzuli və Cəbrayıl rayonlarının böyük hissəsi, həmçinin hər iki rayonun mərkəzi düşmən əlinə keçib. Əhali öz ata-baba yurdlarından didərgin salınıb, əraziyə xeyli ziyan vurulub.

5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı ilə Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı isə Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Oktyabrın 3-də Suqovuşan, 4-də isə Cəbrayıl şəhəri işğaldan azad edilib. Bu gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin 3-cü ildönümüdür.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabr ayının 16-da işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Dövlət başçımız Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını dalğalandırıb. Bu gün də işğaldan azad edilən bölgələrə tez-tez səfərlər təşkil olunur. Qısa müddətdə bu bölgələrdə mühüm işlər görülüb. Bunlara Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və "Azərenerji" ASC-nin 330/110 kV-luq "Cəbrayıl" enerji qovşağının təməlqoyma mərasimini misal göstərmək olar.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı"na görə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələri layihələndirilir, şəhərlərin Baş planları hazırlanır. Cəbrayıl şəhəri illər boyu ermənilər tərəfindən urbisid və ekosidə məruz qalıb. İnfrastruktur və yaşayış evləri tamamilə məhv edilib. Geniş vüsət alan bərpa-quruculuq işləri çərçivəsində şəhərin bərpası və inkişafı 4 mərhələdə həyata keçiriləcək. 2026-cı ilin sonunadək şəhərdə təqribən 3 800 nəfərin yerləşəcəyi nəzərdə tutulub.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə başçımız avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində çıxışında deyib: "Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl mənim Sərəncamımla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur, Şəhər günləri təsis edilmişdir. Şəhər günləri şəhərlərimizin azad edilməsi günləridir. Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilmişdir". Bundan sonra hər il 4 oktyabr - Cəbrayıl şəhəri günü kimi təntənəli şəkildə qeyd olunacaq.

30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımız İkinci Qarabağ müharibəsi ilə işğaldan azad olundu və şanlı Zəfərimiz tarixə qızıl hərflərlə yazıldı. Artıq dağıdılmış şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, ərazilər minalardan təmizlənir. Qarabağın bütün bölgələri kimi Cəbrayıl şəhəri də çiçəklənir, canlanır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".