Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi
Sosial həyat

Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Dekabrın 11-də Baş Prokurorluqda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Baş Prokurorluğun inzibati binasında keçirilmiş mərasimdə çıxış edən Baş prokuror diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzedilməz və danılmazdır. Müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev bütün ömrü boyu ölkəmizin məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli məqsədilə mötəbər hüquqi bazanın yaradılmasında, eləcə də BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair müvafiq qətnamələrin qəbul edilməsində mühüm rol oynayıb.

Qürurla bildirilib ki, həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub.

Baş Prokuror çıxışının yekununda böyük minnətdarlıq hissi ilə qeyd edib ki, Ulu Öndərin siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, beynəlxalq sahədə gördüyü tədbirlər tarixə qızıl hərflərlə həkk olunmuş bugünkü Zəfərin əldə edilməsinə yönəlib.

Sonra Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev "Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında ulu öndər Heydər Əliyevin rolu" mövzusunda çıxış edib.

Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından əminliklə bildirilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyən etdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.

AZƏRTAC