Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
Digər xəbərlər

Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Ötən il cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində prokurorluq orqanları tərəfindən zəruri tədbirlər görülüb

Baş Prokurorluqda 2021-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, "Qarabağ Azərbaycandır!" ifadəsini milli mübarizəmizin rəmzinə çevirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm uğurlara imza atmaqla növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıldığını qeyd edib.

Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki Zəfərin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və surətli tikinti-quruculuq, bərpa işlərinin əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış"ın əsasını qoyduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışlarında iştirak etmələri, yenilərinin təməlini qoymaları, Zəfər yolunun və "Qarabağın hava qapısı" adlandırılan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, eləcə də 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edilməsi doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olub. Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşada imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamənin Qarabağ Zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla yanaşı, iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi bildirilib.

Qeyd olunub ki, dövlətimizin başçısının parlaq diplomatik məharəti sayəsində Vətən müharibəsinin nəticələri mötəbər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən də qəbul edilib. Bölgədə sülhün və əmin-amanlığın bərpası istiqamətində ötən ilin noyabr və dekabr aylarında müvafiq olaraq, Soçidə Rusiya Prezidentinin və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri ilə keçirilmiş üçtərəfli görüşlər diplomatik qələbəmizin növbəti təntənəsi olub.

Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb. Bu baxımdan Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğının daha bir təzahürü olaraq Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin edilməsi barədə dövlətimizin başçısının Fərmanı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılmasına və təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT" Fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin fədakar və yorulmaz fəaliyyəti nəticəsində dünyaya yeni iqtisadi və sosial inkişaf modeli təqdim edən Azərbaycan bütün sahələrdə inkişaf tempini 2021-ci ildə də qoruyub saxlaya bilib. Ölkəmizdə həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə pandemiya tam nəzarət altına alınıb. Koronavirusla mübarizə tədbirləri ilə yanaşı, 44 günlük Vətən müharibəsinə baxmayaraq, ötən il heç bir sosial layihə təxirə salınmayıb, iqtisadi islahatlar daha da dərinləşib.

Baş prokuror diqqətə çatdırıb ki, 2021-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. İctimai-siyasi sabitliyin daxili işlər, dövlət təhlükəsizlik və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi qeyd edilib. Prokurorluq orqanlarının daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu, bu baxımdan dövlətimizin başçısının fevralın 8-də Baş Prokurorluğun Binəqədi rayonu ərazisində yeni inzibati bina kompleksinin açılışında iştirakının quruma göstərilən etimadla yanaşı, prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların ardıcıllığını nümayiş etdirdiyi xüsusi vurğulanıb.

Görülən işlərin davamı olaraq, Azərbaycan Prezidentinin Sərəncamı ilə Qubadlı və Kəlbəcər Hərbi prokurorluqlarının, eləcə də Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılması, o cümlədən qısa zaman kəsiyində müasir tələblərə cavab verən Qubadlı və Kəlbəcər Hərbi prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsinin Qarabağın dirçəldilməsinə dair dövlət siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Qeyd edilib ki, prokurorluqda həyata keçirilən müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətin səmərəliliyinin artırılması işində müstəsna önəmə malik Prezidentin 2021-ci il 7 may tarixli Fərmanı dövlətimizin başçısının quruma olan inam və etimadının daha bir göstəricisi olub.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilib. İndiyədək ümumilikdə 10 min 943 nəfər barəsində amnistiya tətbiq edilib, o cümlədən 6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilib. Həmin şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb.

Müşavirədə prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, beynəlxalq tərəfdaşlarla qarşılıqlı münasibətlərin inkişafına da xüsusi diqqət yetirildiyi bildirilib. Hesabat dövründə Rusiya Federasiyası Baş prokurorunun və Türkiyə Respublikası Ali Məhkəməsi Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətlərinin ölkəmizə işgüzar səfərləri zamanı dövlətimizin başçısı İlham Əliyev tərəfindən qəbul olunmalarının ikitərəfli əlaqələrin yeni müstəvidə davam etdirilməsinə hərtərəfli zəmin yaratdığı diqqətə çatdırılıb.

Qurumun beynəlxalq nüfuzunun artırılması istiqamətində xüsusilə noyabrın 1-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasında Şuranın Əsasnaməsinin imzalanıb təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə xidmət edəcəyi vurğulanıb.

Qeyd edilib ki, ötən il prokurorluq orqanları tərəfindən xarici tərəfdaşlarla çoxsaylı görüşlər keçirilib. Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın, İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdikləri nümayəndə heyətləri ölkəmizdə səfərdə olub. Həmçinin Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukrayna və Gürcüstana işgüzar səfər edib.

Məlumat verilib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə də diqqət mərkəzində saxlanılıb. Korrupsiya hüquqpozmalarına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib. Həmçinin 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub. Eləcə də cinayət məsuliyyətindən azad edilmiş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə 2 milyon 195 min manat məbləğində əlavə pul vəsaiti ödənilib.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkarlanan nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2021-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb. Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad olunub, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq olunub.

Müşavirədə dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması istiqamətində ötən il keçirilmiş müsabiqə nəticəsində yüksək nəzəri bilikləri ilə seçilən 100 gənc hüquqşünasın müvəffəqiyyət qazandığı, həmçinin hesabat dövründə elan edilmiş 23-cü müsabiqənin yekunlaşması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Əməliyyat müşavirəsində Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2021-ci ilin nəticələrinə görə artım müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda, hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunub. İstintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, Amnistiya ilə bağlı qərarın icrası, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub. Xüsusilə, dövlətimizin başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin ardıcıllığının təmin edilməklə bütün neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Cari hesabat dövründə cəmiyyəti narahat edən intihar halları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, habelə dəm qazından zəhərlənmə faktları üzrə ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti üzərində prokuror nəzarətinin gücləndirilməsi, bu kimi hadisələrin sayının minimuma endirilməklə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi tələb olunub.

Sonda 2021-ci ildə görülmüş işlərin vəziyyətinin ümumiləşdirilərək nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2022-ci ildə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, cinayətkarlığa qarşı digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbirlərin görülməsini təmin edəcək.

AZƏRTAC