Erməni yalanlarına qarşı çevik və effektiv mübarizə
Digər xəbərlər

Erməni yalanlarına qarşı çevik və effektiv mübarizə

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə Azərbaycan növbəti dəfə Ermənistan üzərində diplomatik qələbə qazanaraq, onun yalanlarını ifşa etdi. Ölkəmiz nümayiş etdirdiyi mövqe ilə bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə olan tərəfdir. Azərbaycanın əsaslandırılmış və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mövqeyi, habelə TŞ-nin daimi və müvəqqəti üzvlərinin problemə ədalətli yanaşması göstərdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə haqlıdır və onun nəticələrinin geriyə dönüşü yoxdur. Bu baxımdan İrəvan Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticəsindən dərs çıxarmalıdır.

Milli Məclisin deputatı Tamam CƏfƏrova bildirdi ki, rəsmi Bakı Qarabağ ermənilərinin blokadası ilə bağlı fikirlərin əsassız olduğunu dünya ictimaiyyətinə sübut etdi. Azərbaycanın bu diplomatik qələbəsi tək Ermənistan və separatçıların deyil, onları dəstəkləyən, ölkəmizə və xalqımıza qarşı qərəzli mövqedə duran bəzi dövlətlərin də iflasıdır. Həmin dövlətlər ötən otuz ildə sözdə münaqişənin həlli üçün bəzi ədalətli qərarlar qəbul etməklə, əməldə təcavüzkarın yanında yer aldılar. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan öz havadarlarına arxalanaraq işğalçı siyasətini daha da genişləndirmək məqsədilə 2020-ci il sentyabrın 27-də Azərbaycan üzərinə hücuma keçdi. Şanlı Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına başladı.  Bununla da Azərbaycan BMT-nin müvafiq qətnamələrini təkbaşına icra etdi.  Beynəlxalq səviyyədə tanınmış ərazilərimizi erməni  işğalından azad etməklə bərabər, tarixi ədaləti bərpa etmiş oldu.

Deputat qeyd etdi ki, ölkəmiz bütün dünyaya bir daha göstərdi ki, rəsmi İrəvan, eləcə də xaricdəki erməni lobbisi öz yalanları ilə bəşəriyyəti aldadır, beynəlxalq ictimai rəyi yanıltmağa çalışır. Rəsmi Bakı konkret arqumentlərlə dünya liderlərinə sübut etdi ki, Ermənistan hər zaman olduğu kimi, bu gün də beynəlxalq miqyasda "yalan ixracı" və manipulyasiya ilə məşğuldur. BMT Təhlükəsizlik Şurasının iclasının məlum nəticəsi ölkəmizin sadəcə hərbi sahədə deyil, həm də diplomatik müstəvidə də güclü olduğunu bir daha ortaya qoydu.

Azərbaycan erməni yalanlarına qarşı çevik və effektiv mübarizə aparır, İrəvanın dezinformasiya siyasətini uğurla ifşa edir. İrəvan BMT Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticəsindən dərs çıxarmalı, yalan və böhtanları bir kənara qoymalıdır. Ermənistan anlamalıdır ki, yalanlarla, dezinformasiyalarla heç nəyə nail ola bilməyəcək. Beynəlxalq birlik Azərbaycanın haqq işini dəstəkləyir, rəsmi Bakının təqdim etdiyi faktların inkaredilməzliyini qəbul edir. Baş verənlər onu deməyə əsas verir ki, bu günə qədər olduğu kimi, bundan sonra da Ermənistanın ortaya atdığı hər bir yalan onun özünün ifşası və məğlubiyyəti ilə nəticələnəcək, beynəlxalq aləmdə İrəvana olan inamsızlığı bir qədər də artıracaq.

M.NƏRİMANOĞLU,

"Respublika".