Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara videomüraciət ünvanlayıb
Digər xəbərlər

Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara videomüraciət ünvanlayıb

Ermənistanın mülki əhalini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 27-si qadın, 12-si uşaq olmaqla 93 mülki şəxs həlak olub, 454 nəfər isə yaralanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan Respublikası tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayət əməllərinə beynəlxalq səviyyədə qiymət verilərək, bu cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq qurum və təşkilatlara müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, ingilis, türk və rus dillərində ünvanlanan videomüraciətdə ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun hərbi mövqelərini və yaşayış məntəqələrimizi bir neçə istiqamətdən ağır artilleriya silahlarından atəşə tutması qeyd olunub. Bildirilib ki, Azərbaycan Ordusu buna cavab olaraq, əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində ərazilərimiz işğaldan azad edilib.

Videomüraciətdə bildirilib ki, müharibə dövründə Ermənistan döyüş meydanındakı məğlubiyyətinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttində xeyli uzaqda yerləşən şəhər və kəndlərimizi müxtəlif silahlardan, o cümlədən ağır artilleriya və ballistik raketlərlə atəşə tutub. Nəticədə insanlıq əleyhinə və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələri çoxlu sayda mülki insanı qətlə yetirib. Ermənistanın mülki əhalinin sıx yaşadığı şəhər və rayonları ballistik raketlərdən və ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 27-si qadın, 12-si uşaq olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki şəxs isə yaralanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq qurum və təşkilatlara bir daha müraciət edərək Ermənistan Respublikasının ölkəmizin mülki əhalisinə qarşı törətdiyi cinayətlərə beynəlxalq səviyyədə qiymət verilməsini və bu cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmaqla cəzalandırılmalarını xahiş edib.

Qeyd edək ki, videomüraciəti Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən, həmçinin veb-saytından izləmək mümkündür.

AZƏRTAC