Bakıda
Digər xəbərlər

Bakıda "Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi" mövzusunda konfrans

Dünən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Özbəkistan Respublikasının Vəkillər Palatasının birgə təşəbbüsü ilə türk dövlətlərinin ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq gender bərabərliyinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, ilk Respublikamız və hüquqi varisi olduğumuz Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olub.

Tanınmış vəkilin ömür yolu və fəaliyyətindən danışan Anar Bağırov deyib ki, Sürəyya xanım 1903-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycanın və Türkiyənin görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirib. 1921-ci ildə İstanbul Hüquq Fakültəsinə qəbul olub və bununla da hüquq fakültəsinin qapısının qız tələbələrin üzünə açılmasında rol oynayıb. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayan Sürəyya xanım Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ikinci prezidenti seçilib və ömrünün sonuna qədər vəkilliklə məşğul olub.

Anar Bağırov, həmçinin qeyd edib ki, 2018-ci ildən etibarən ölkəmizdə aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb. Qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən vəkillərin şəbəkələşməsi və onların fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin müvafiq qərarı ilə Qadın Vəkillərin Alyansı yaradılıb.

Sonra Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub.

Tədbirdə Özbəkistan Respublikası Vəkillər Palatasının sədri Alim Ernazarov çıxış edərək deyib ki, Azərbaycanla Özbəkistanın mədəniyyəti, mentaliteti, dünyagörüşü oxşardır. Qeyd edib ki, Özbəkistan Vəkillər Palatasının 5 minə yaxın vəkili var. Onların təxmini 22 faizini qadınlar təşkil edir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva azərbaycanlı qadınların cəmiyyətin bütün sahələrində olduğu kimi hüquq sahəsində də fəal fəaliyyət göstərdiklərini deyib. Bildirib ki, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması ilə bağlı məsələlər Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttində də mühüm yer tutmaqdadır.

S.Əliyeva Azərbaycan ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində digər Ombudsman təsisatları, milli insan hüquqları institutları, o cümlədən Özbəkistanın Ombudsman institutu ilə sıx əməkdaşlıq etdiyini söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, istənilən demokratik cəmiyyətin xarakteri onun insan hüquqlarına münasibəti, xüsusilə onun tərkib hissəsi olan gender bərabərliyi, qadın hüquqlarına, uşaqların problemlərinə necə yanaşmasından asılıdır. Azərbaycanın bu sahədə gözəl tarixi ənənəsi var. Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olub. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək - seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunur. Azərbaycanda hər zaman gender bərabərliyi, qadınların inkişafı, onların hər cür təzyiqdən müdafiə olunması, təhlükəsiz mühitdə yaşaması üçün siyasət yürüdülüb.

Azərbaycanın tarixən tolerantlığı ilə seçilən ölkə olduğunu söyləyən Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov diqqətə çatdırıb ki, ölkəmizdə qadınlara seçki hüququ bir çox ölkələrdən qabaq verilib. "Bu gün qadınlar dövlətin bütün strukturlarında, eləcə də məhkəmə sistemində də təmsil olunurlar və məhkəmə sisteminin fəaliyyətinə öz töhfələrini verirlər. Son illərdə hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim adını qazananlar arasında qadınların sayı xeyli artıb. Sonuncu dəfə bu ilin yanvar ayında təyin olunan hakimlərin təqribən 40 faizini qadınlar təşkil edirdi və bu da ölkəmizdə qadınların ictimai həyatda artan rolunun əyani sübutudur", - deyə Ali Məhkəmə sədrinin müavini vurğulayıb.

Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov deyib ki, hazırda prokurorluq orqanlarında 470 qadın əməkdaş fəaliyyət göstərir. Həmin əməkdaşların 99-u prokurorluğun əməliyyat işçiləridir, onlardan 207-si dövlət qulluqçusu, 127-si müqavilə əsasında və 37-si isə hərbi qulluqçu qismində fəaliyyət göstərirlər. Ümumilikdə, 10 nəfər qadın rəhbər vəzifədə işləyir. Həmin xanımlar prokurorluqda gender bərabərliyinin təmin edilməsində öz səylərini əsirgəmirlər.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Zix bildirib ki, AŞ ilə Azərbaycan dövlət qurumları arasında əməkdaşlıq uzun illərdir davam edir. Əməkdaşlıq layihələri daha çox hüquq sahəsindədir. P.Zix qeyd edib ki, Türk dünyasının ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlu görkəmli şəxsiyyət olub. O, müsəlman dünyasında və bütün Avropa üçün nümunə olmalıdır.

Hibrid qaydada keçirilən və üç sessiyadan ibarət konfransda doqquz ölkənin Vəkillər kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətinin üzvləri gender bərabərliyi ilə bağlı müxtəlif mövzularda çıxışlar edib, mövcud problemlər, onların həll yolları barəsində məlumat veriblər və geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan və Özbəkistan Vəkillər kollegiyalarının birgə təşəbbüsü ilə keçirilən konfransda Türkiyə, Bolqarıstan, Gürcüstan, Hindistan, İrlandiya, Serbiya, Qırğızıstan, Qazaxıstan Vəkillər Kollegiyalarının rəhbər şəxsləri və nümayəndə heyətləri, habelə vəkillik sahəsində dünyaca tanınan və ən nüfuzlu təşkilatlardan olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının, Avropa Vəkillər Assosiasiyasının, Asiya və Sakit Okean Hüquq Assosiasiyasının rəhbər şəxsləri, habelə hüquq müdafiəçiləri və bir sıra yerli dövlət və qeyri-dövlət qurumlarının rəhbər şəxsləri, "Yüksəliş" müsabiqəsinin qalibi Ramil Abulov, 200-dən çox vəkil iştirak edib.

Tədbirdə konfrans iştirakçıları tərəfindən "Gender bərabərliyinin təmin edilməsi üzrə" Birgə Bəyanat qəbul edilib.

Mustafa Kamal,

"Respublika".