Bakıda Fransanın Milli Günü münasibətilə tədbir keçirilib
Sosial həyat

Bakıda Fransanın Milli Günü münasibətilə tədbir keçirilib

Fransanın milli bayramı münasibətilə iyulun 14-də Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Bildirib ki, Azərbaycan ilə Fransa arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib, hökumətlərarası münasibətlər yüksək səviyyədədir, prezidentlərimiz arasında intensiv dialoq var. Ölkələrimizin münasibətləri qarşılıqlı etimada əsaslanır. "Mən əlaqələrimizin gələcəyi barədə optimistəm. Əlaqələrimizin çiçəklənən və sabit gələcəyi var", - deyə səfir vurğulayıb.

Zakari Qross ölkəsinin Azərbaycanın azad olunmuş ərazilərində minalardan təmizlənmə prosesinə dəstək verdiyini, ANAMA ilə əməkdaşlığının olduğunu qeyd edib. Bildirib ki, minaaxtaran qurğuların və lazımi ləvazimatların təchiz olunması ilə bağlı ANAMA-ya dəstək verilir.

Diplomat əlavə edib ki, məcburi köçkünlərin bu ərazilərə təhlükəsiz qayıtması üçün torpaqların minalardan təmizlənməsi vacibdir. Çox təəssüf ki, hələ də insanlar mina partlayışlarının qurbanları olur.

Səfir Azərbaycana minatəmizləmə əməliyyatlarında dəstəyi davam etdirməyə hazır olduqlarını bildirib.

Tədbir bədii proqramla davam edib.

AZƏRTAC