AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Siyasət

AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

AZƏRTAC və Qazaxıstanın Kazinform informasiya agentliyi beynəlxalq platformalarda qarşılıqlı dəstək, birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsinin təkmilləşdirilməsi məsələlərinə diqqəti artırmaq niyyətindədirlər.

Əməkdaşlığın bu və digər perspektivləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Kazinform-un İdarə Heyəti sədrinin müavini - baş redaktor Bibinor Tanelbayeva və beynəlxalq əlaqələr departamentinin müdiri Toqjan Yesenbayeva ilə görüşündə müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan və Qazaxıstanı tarixi dostluq və qardaşlıq əlaqələri birləşdirir, ölkələrimizin bütün sahələrdə əməkdaşlığı genişləndirilir. AZƏRTAC və Kazinform arasında qurulan sıx tərəfdaşlıq əlaqələri də media sahəsində münasibətlərin böyük inkişaf yolu keçdiyinin təzahürüdür. İki dost agentlik mütəmadi olaraq informasiya və təcrübə mübadiləsi aparır. Eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında fəal iştirak edir və bir-birini dəstəkləyir.

Bildirilib ki, Azərbaycan və Qazaxıstanın milli xəbər agentlikləri 1992-ci ildə TKA-nın həmtəsisçiləri sırasında olmaqla, bu təşkilatın işinin canlanması və inkişafı istiqamətində aramsız səylər göstərirlər.

Tərəflər AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını geniş müzakirə ediblər. Yenilənən media mühitində rəqabətədavamlı xəbər məhsullarının istehsalı, texnoloji innovasiyaların tətbiqi, beynəlxalq platformalarda qarşılıqlı dəstək, yeni birgə layihələrin reallaşdırılması kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Kazinform-un Azərbaycandakı xüsusi müxbiri Serikbol Koşmağanbetov iştirak edib.

AZƏRTAC