AZƏRTAC-ın gənc əməkdaşlarının bir qrupu Azərbaycan Gəncləri Günü münasibətilə Şamaxı rayonuna səfər ediblər
Sosial həyat

AZƏRTAC-ın gənc əməkdaşlarının bir qrupu Azərbaycan Gəncləri Günü münasibətilə Şamaxı rayonuna səfər ediblər

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə AZƏRTAC-ın gənc əməkdaşlarının bir qrupu Şamaxı rayonuna səfər edib. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiya zamanı gənclər rayon ərazisində yerləşən tarixi abidələr və "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin fəaliyyəti ilə tanış olublar.

Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman, eləcə də mədəniyyət idarələrinin təşkilatçılığı ilə baş tutan ekskursiya zamanı gənclər əvvəlcə Kələxana kəndində yerləşən XVII əsrə aid memarlıq kompleksinə gəliblər. Rayonun mədəniyyət idarəsinin əməkdaşları AZƏRTAC-ın gənclərinə türbələr haqqında məlumat veriblər. Bildirilib ki, doqquz türbədən ibarət kompleksdən hazırda səkkizi dövrümüzədək gəlib çıxıb. Türbələrdən yalnız birinin giriş qapısının yuxarı hissəsində kitabə var. Kitabədəki yazıda abidənin 1663-cü ildə Sərkar Əbdüləzim Əmirəli oğlu (Əbdüləzim Sərkar) tərəfindən İbrahim Əmirəhməd adlı şəxsin qəbri üzərində tikildiyi göstərilir. Səkkizbucaqlı olan Kələxana türbələri piramida şəkilli günbəzlə örtülüb. Türbələrin hər biri baştağlı divarla əhatələnmiş dördbucaqlı həyətdə yerləşir. Bu, kompleksə özünəməxsus həcm - kompozisiya verir. Əhəngdaşıdan tikilmiş Kələxana türbələrinin hamısı eyni quruluşda olsa da, giriş səthlərindəki memarlıq bölgülərinin müxtəlifliyi onların hər birinə fərdi xüsusiyyətlər verir. Beləliklə, Kələxana türbələri vahid kompleks olmaqla bərabər, türbələrin hər biri ayrılıqda müstəqil memarlıq əsəridir. Bu cəhətlər bütün türbələrin eyni memar tərəfindən (Əbdüləzim Sərkar) inşa edildiyini göstərir. Alman tədqiqatçısı E.Ditsin fikrincə, Kələxana türbələri səkkizbucaqlı türbələrin ən yaxşı nümunələrindəndir. Bu türbələr 1960-cı ildə bərpa edilib.

AZƏRTAC-ın əməkdaşları daha sonra Şamaxı şəhərinin mərkəzində yerləşən VIII əsrə aid Cümə məscidini ziyarət ediblər. Qeyd olunub ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədinin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə İslam dinini qəbul edib. Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda 1859-cu ildə baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmayıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəlcə memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər.

Daha sonra gənclər "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin fəaliyyəti ilə tanış olublar. "Şirvan şərabları" MMC-nin məsul əməkdaşı gənclərə kompleks barədə məlumat verib. Bildirilib ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın "Pera" şirkətinin avadanlığı ilə təchiz olunub. Müəssisənin hədəfi ildə 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaqdoldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub.

AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsi agentliyin əməkdaşlarının belə maraqlı məkanlara, həmçinin ölkəmizin səfalı guşələrinə ekskursiya və səfərlərini mütəmadi təşkil edir.

AZƏRTAC