“AzərEnerji” Cənub regionunun enerji təminatını gücləndirir
İQTİSADİYYAT

“AzərEnerji” Cənub regionunun enerji təminatını gücləndirir

Respublikanın Cənub regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlığının və etibarlığının artırılması məqsədilə 71 il əvvəl tikilən, istismar müddətini başa vuran 110/35/6 kilovoltluq "Salyan" yarımstansiyası "AzərEnerji" tərəfindən tam yenidən qurulur.

Qeyd edək ki, region əhəmiyyətli "Salyan" yarımstansiyası Salyan, Neftçala və Biləsuvar rayonlarının böyük hissəsini elektrik enerjisi ilə təmin edir. Yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu yenidən qurulur, ərazidə yeni rəqəmsal İdarəetmə Mərkəzi tikilir. Yerli SCADA, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, rele mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunan İdarəetmə Mərkəzində rayonun perspektiv inkişafı nəzərə alınaraq 35 və 6 kilovoltluq Qapalı Paylayıcı Qurğularda ehtiyat yuvalar yaradılır.

"Salyan" yarımstansiyasının yenidən qurulması ilə qəzaların qarşısının alınmasına, yarımstansiyadan qidalanan tələbatçıların daha etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, şəbəkədə texniki itkilərin minimuma endirilməsinə nail olunacaq.

"Respublika".