Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası
Tarix

Azərbaycanlıların Qərbi Azərbaycandan 1988-1989-cu illər deportasiyası

Hədəfimiz tarixi torpaqlara qayıtmaqdır

İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan - İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.

Heydər Əliyev,

Ümummilli lider.

Ermənilərin bir əsrə yaxın müddətdə havadarlarının köməyi ilə azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasəti nəhayət, 1988-1989-cu illərdə başa çatdırıldı. Müasir erməni tarixşünaslığında 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılara qarşı heç bir zorakılıq edilmədiyi, onların Qarabağ münaqişəsinin fonunda respublikanı dinc şəraitdə tərk etdikləri ifadə edilir. Ümumiyyətlə, son dövrdə Ermənistanda dərc edilən tarix kitablarından və dərsliklərdən azərbaycanlıların izlərinin silinməsi siyasəti yeridilir. Elə təəssürat yaradılır ki, guya həmin ərazidə heç vaxt azərbaycanlılar yaşamayıb, sadəcə olaraq indiki Ermənistan ərazisində "Osmanlı işğalı" və "İran işğalı" dövrü olub. Əslində isə 1988-1989-cu illərdə təqribən 250 min azərbaycanlı əhali kütləvi zorakılıqlarla öz tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1989-cu illər deportasiyası zamanı azərbaycanlıların başlarına gətirilən faciələrin miqyası o qədər böyükdür ki, onu bir yazıda əks etdirmək mümkünsüzdür. Bu yazıda sadəcə olaraq azərbaycanlıların Ermənistan ərazisindən etnik təmizlənməsinə aparan yola xronoloji çərçivədə nəzər salmağa çalışmış, həmin dövrdə SSRİ və Ermənistan SSR prokurorluqları tərəfindən açılmış cinayət işləri nəticəsində sübuta yetirilən qətl və qarətlərin cüzi bir qisminə toxunmuşuq.

İstər daşnak Ermənistanın, istərsə də Sovet Ermənistanının rəhbərliyində kimlərin olmasından asılı olmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə iddiası və bu iddiaların fonunda Ermənistandan azərbaycanlıların sıxışdırılıb çıxarılması hər zaman gündəlikdə olmuşdur. Sadəcə situasiyadan asılı olaraq bu iddialar gah aktuallaşmış, gah da arxa plana çəkilmişdir. SSRİ Konstitusiyasında müttəfiq respublikaların ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin təsbit edilməsi ermənilərin qarşısında bir maneə olsa da, onlar heç zaman bu iddiadan əl çəkməmişlər. Ermənistan rəhbərləri bəzən öz imzaları ilə, bəzən də Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni ziyalılarının imzaları ilə SSRİ rəhbərliyinə vaxtaşırı müraciətlər göndərirdilər. Rəsmi İrəvan və DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya müraciətlər etmişdilər.

Ermənistanda antitürk, anti-Azərbaycan təbliğatı 1960-cı illərin ortalarında var gücü ilə yenidən işə salındı. Moskvanın razılığı ilə 1965-ci ildə Ermənistanda uydurma "erməni soyqırımı"nın 50 illiyi mərasimi keçirildi. Həmin dövrdə İrəvanda Ermənistanı Yenidənbirləşdirmə Komitəsi yaradılmışdı. Bu komitəyə gizli surətdə Ermənistanın o zamankı rəhbərləri və ziyalıları başçılıq edirdilər. Komitə "Türkiyə Ermənistanı"nı, Naxçıvan və Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoymuşdu. Həmin dövrdə Ermənistanda aparılan milli ayrı-seçkilik və diskriminasiya siyasəti nəticəsində İrəvan və onun ətraf rayonlarından yüzlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu.

Ermənistanda yaşayan azərbaycanlılara qarşı açıq elan edilməmiş "səlib yürüşü"nün proqramı respublikanın ən yüksək dairələrində hazırlanır, gizli qərarlar və xüsusi göstərişlər vasitəsilə həyata keçirilirdi. 1983-cü il aprelin 24-də ermənilər "genosid" gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzi Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə ilə sərhəd zolağına sığınmağa məcbur olmuşdu. Həmin vaxt Amasiya rayon milis idarəsindən azərbaycanlı zabit və milis işçilərini təcili çağırışla Masis rayonuna ezam etmişdilər. Ara sakitləşəndən sonra onlar geri qaytarılmışdılar.

1985-ci ildə Mixail Qorbaçovun SSRİ-nin rəhbərliyinə gəlməsindən sonra "yenidənqurma" və "aşkarlıq" pərdəsi altında Ermənistanda və DQMV-də millətçilik ab-havası gündən-günə qızışırdı. 1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov.İKP MK-ya təqdim etmişdilər.

Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə pərdəsi altında Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinin qarşısını ala biləcək şəxs - Heydər Əliyev 1987-ci il oktyabrın 19-da erməni lobbisinin təzyiqi ilə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Bundan az sonra - noyabrın 18-də Sov.İKP MK-nın baş katibi M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Abel Aqanbekyan Parisdə "L'Humanite" qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etmişdi.

Həmin ilin dekabrında M.Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova "Daşnaksütyun" partiyasının nümayəndələri ilə görüşmüşdü. Raisa Qorbaçovanın tamahına bələd olan erməni diasporunun nümayəndələri ona qiymətli hədiyyələr bağışlamış, M.Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin tələblərini müdafiə etməyi xahiş etmişdilər.

5-12 yanvar 1988-ci il tarixində Dağlıq Qarabağın erməni icmasının separatçı nümayəndələri Moskvada olmuş, SSRİ Ali Soveti sədrinin birinci müavini Pyotr Demiçevlə və Sov.İKP MK-nın millətlərarası münasibətlər şöbəsinin müdiri V.Mixaylovla görüşmüşdülər. Görüş zamanı onlar Dağlıq Qarabağ ermənilərinin müraciətini və toplanmış imzaları təqdim etmişdilər.

Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 1988-ci il yanvarın 25-də Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı.

Fevralın 13-də DQMV-də gizli fəaliyyət göstərən separatçı "Krunk" ("Komitet Revolöüionnoqo Upravleniə Naqornoqo Karabaxa") təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdi. Fevralın 18-də Kremldəki erməni lobbisinin "kuratoru" Georgi Şahnazarovun M.Qorbaçovun köməkçisi təyin edilməsindən sonra erməni separatçıları daha da fəallaşmışdılar. Həmin günlərdə İrəvanda keçirilən mitinqlərdə "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistanda ancaq ermənilər yaşamalıdır!" kimi millətçi şüarlar irəli sürülmüşdü.

(davamı növbəti saylarımızda)

Nazim MUSTAFA,

Prezident Kitabxanasının şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru.