Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 14-cü günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

10 oktyabr

  • Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. 10 saat davam edən gecə danışıqlarından sonra Ermənistan və Azərbaycan oktyabrın 10-da günorta başlanacaq "humanitar atəşkəs" elan ediblər. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" səhifəsində tərəflərin razılaşdığı addımlara dair sənədin - nazirlərin bəyanatının nüsxəsini paylaşıb. Atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutmaqda davam edib. Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb.
  • Müharibənin miqyasının genişlənməsi, Azərbaycanın işğal altında olan torpaqlarını ard-arda işğaldan azad etməsi Ermənistan və onun havadarlarını qeyri yollar axtarmağa vadar edirdi. Başda Fransa olmaqla bəzi dövlətlər ölkəmizə təzyiq göstərməyə çalışır, Azərbaycanı öz haqq yolundan çəkindirmək üçün cəhdlər edirdilər. Lakin bu cəhdlərin bir nəticəsinin olmayacağı da bəlli idi. Azərbaycanın tək şərti vardı, Ermənistan işğal etdiyi bütün Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır.
  • Müdafiə Nazirliyinin verdiyi məlumata görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib. Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alaraq onu darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb. Azərbaycan Ordusu Qubadlıda düşmənin "S-300" idarəetmə sistemini məhv edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib: "Moskvada baş verənləri bütövlükdə müsbət qiymətləndirirəm. Ona görə ki, danışıqların yekunları ilə bağlı yayılmış bəyanatda humanitar mülahizələrə əsasən atəşkəs rejiminin elan edilməsi bildirilir. Prinsipial əhəmiyyətli bir məqam da odur ki, bu, Azərbaycanın mövqeyi idi. Mən şadam ki, həmin mövqe bu sənəddə öz əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında substantiv danışıqlar başlanır, həmçinin danışıqların formatının dəyişməz qalması təsdiqlənir".
  • Humanitar atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.
  • Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9K72 "Elbrus" əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.
  • Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 31 nəfər mülki şəxs həlak olub, 171 nəfər xəsarət alıb, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.
  • Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb. FHN Ermənistanın atəşləri nəticəsində Azərbaycanın mülki obyektlərində baş verən yanğınlar haqqında məlumat verib.
  • Azərbaycan Ordusunun hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib.

"Respublika".