Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq əlaqələri
İQTİSADİYYAT

Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq əlaqələri

Müstəqil Azərbaycan bu gün beynəlxalq münasibətlərin layiqli, etibarlı və məsuliyyətli üzvüdür. Ölkəmizin malik olduğu nüfuz və diplomatik resurslar yalnız yerləşdiyimiz regionla məhdudlaşmır, həm də beynəlxalq xarakter daşıyır. Qlobal  nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verən Azərbaycan Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması kimi mühüm beynəlxalq sazişlərə də qoşulmuşdur. Bunun önəmini vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurmuşdur.

Nəzərə çatdıraq ki, Atom enerjisinin tarixi 100 il əvvələ aparır və Atom əsasını təşkil edən radioaktivlik, yəni maddələrin öz-özündən şüalanması 1895-ci ildə kəşf olunub. Azərbaycanda nüvə energetikasından elektrik enerjisinin alınması məqsədilə istifadə ideyası XX əsrin 70-ci illərin III ortalarına aiddir.

Azərbaycanda atom enerjisindən istifadə məqsədilə 8 may 2014-cü ildə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi)  tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Mərkəzin təşkilində əsas məqsəd atomdan elektrik enerjisinin alınması deyil, həm də onun sənaye, kənd təsərrüfatı, səhiyyə və s. tətbiqinə nail olmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin  sədri, akademik Adil Qəribovun sözlərinə görə, ulu öndərimiz Heydər Əliyev  respublikamızda elm və təhsilin inkişafına xüsusi diqqət yetirirdi. Azərbaycan elminin o dövrkü strukturunu analiz edərək Azərbaycan Elmlər Akademiyasının və sahə institutlarının fəaliyyətinin yeni səviyyədə genişləndirilməsi üzrə böyük işlər həyata keçirmişdi. Onun birbaşa rəhbərliyi altında Azərbaycanda Kosmik Tədqiqatlar, Fotoelektronika və  digər elmi qurumlar açıldı. SSRİ Elmlər Akademiyası prezidenti daxil olmaqla aparıcı alimləri Azərbaycana dəvət edərək müvafiq sahələrin durumunun professional analizi əsasında yeniliklərin tətbiqi üçün şərait yaradırdı.

Azərbaycan təhsil sisteminin o vaxtkı durumunu nəzərə alan ulu öndər perspektivli  elm sahələrində kadr hazırlığının  yeni metodu olaraq kənar respublikalarda təhsil üçün gənclərin göndərişinə nail oldu. Bu sahələrdən biri də o dövrdə çox sürətli inkişaf edən, aktual elmi istiqamət olan nüvə fizikası və radiasiya materialşünaslığı sahəsi idi ki, onlarla gənclər bu sahədə təhsil almaq üçün Moskva və digər inkişaf etmiş regionların ali məktəblərinə göndərilmişdilər. O dövrdə SSRİ dünyanın inkişaf etmiş nüvə ölkəsi olub, genişmiqyaslı nüvə proqramı həyata keçirirdi. Nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsi sahəsində böyük uğurlardan sonra dünya ölkələri atom enerjisinin dinc məqsədlərlə istifadəsinə xüsusi diqqət yetirirdi. SSRİ-nin Obninsk şəhərində 1954-cü ildə  dünyanın ilk Atom Elektrik Stansiyasının işə salınmasından sonra Atom enerjisindən enerji təminatında istifadəsi sahəsində sürətli inkişaf dövrü başlandı.      

SSRİ nüvə proqramı çərçivəsində Azərbaycanda praktiki nüvə elmlərinin inkişaf başlanğıcını 1969-cu ildən götürərək bu məqsədlə Azərbaycan Elmlər Akademiyasında Radiasiya Tədqiqatları Sektoru açılır. Heydər Əliyevin yaratdığı şərait nəticəsində tez bir zamanda Radiasiya Tədqiqatları Sektoru SSRİ-də ən unikal izotop mənşəli şüalanma kompleksinə, müxtəlif enerjili elektron sürətləndiriciləri və ən müasir tədqiqat avadanlıqları ilə təchiz olundu. SSRİ Elmlər Akademiyasının prezidenti akademik M.V. Keldş 1972-ci ildə Bakıya səfəri zamanı Azərbaycan Elmlər Akademiyasında və onun institutlarında olduqdan sonra 27 sentyabr 1972-ci ildə Heydər Əliyev tərəfindən qəbulu zamanı Azərbaycan Elmlər Akademiyasının durumu, inkişaf perspektivləri, kadr və maddi-texniki bazasının inkişafı üzrə zəruri məsələlər müzakirə olunub. Belə mühüm məsələlərdən biri də Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun yaradılması idi. O dövrdə Gürcüstanda Tədqiqat Nüvə Reaktoru, Ermənistanda isə ikibloklu Atom Elektrik Stansiyasının tikintisi aparılırdı. Bundan başqa, Ermənistan Elmlər Akademiyasında güclü siklotron qurğusu fəaliyyət göstərirdi. Belə bir vəziyyətdə Azərbaycanda nüvə elmlərinin lazımi səviyyədə olmaması Heydər Əliyevi narahat etməyə bilməzdi və akademik M.V. Keldş Azərbaycanda elmi, nüvə analitik və digər praktiki məqsədlərə xidmət edən aşağı güclü Tədqiqat Nüvə Reaktorunun yaradılmasını qərara aldı və bu məsələ Azərbaycan EA-nın Radiasiya Tədqiqatları Sektoru və Fizika İnstitutuna tapşırıldı. İ.V. Kurçatov adına Atom Enerjisi İnstitutu tərəfindən respublikanın tələblərinə uyğun reaktor layihəsi hazırlandı. Əfsuslar olsun ki, SSRİ rəhbərliyinin respublikalara ikili münasibətləri və Azərbaycanın bəzi alimlərinin bu məsələyə düzgün yanaşmaması nəticəsində 70-ci illərin sonunda bu layihə dayandırıldı. Lakin həmin dövrdə Tədqiqat Nüvə Reaktoru layihəsi ilə əlaqəli çoxlu gənc mütəxəssislər Moskva və Obninsk şəhərlərində aspirantura hazırlığı keçərək, yüksək hazırlıqlı mütəxəssis kimi respublikamıza dönmüşdülər.

Dövrün aktual və perspektivli elm və texnologiyalarının Azərbaycanda inkişaf etmə məsələsi ulu öndərin həmişə yaddaşında olub və imkan olan kimi bu məsələyə qayıdıb. Məhz belə imkanlardan biri də Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavinin işlədiyi dövrə təsadüf edib. Onun sayəsində Gürcüstanda həyata keçirilməsi nəzərdə tutulan böyük nüvə energetik layihəsi Azərbaycana yönəldilmişdi. 1980-ci ildə Azərbaycanda hər birinin gücü 1000 MVT olan dördbloklu Atom Elektrik Stansiyasının Nəvai qəsəbəsi yaxınlığında tikintisinə başlanmışdı. Nəvai yaşayış məntəqəsinin seçilməsi müxtəlif faktorlardan--belə ki,bu regionun sənaye potensialının genişləndirilməsi planları və sovet alimlərinin hesablamalarına görə seysmik cəhətdən əlverişli zona olmasından irəli gəlmişdir. Bu layihə çərçivəsində nüvə test məqsədli gücü 5 MVT olan Tədqiqat nüvə reaktorunun da Sumqayıt yaxınlığında tikintisi üzrə sənədlər hazırlanmışdı. Əfsuslar olsun ki, Çernobıl qəzası və M.S. Qorbaçovun Azərbaycana olan münasibətinin nəticəsi olaraq bu layihələrin də icrası başa çatdırıla bilmədi və 1987-ci ildən bütün işlər donduruldu.

Azərbaycanın gələcəkdə nüvə ölkəsi olmasına ünvanlanmış və bu sahədə siyasi xəttini dünyaya bəyan etmək məqsədilə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dünya ölkələrinin fəaliyyətinin koordinasiya və tənzimlənməsinə xidmət edən BMT-nin nəzdində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2001-ci ildən üzvüdür—deyə A.Qəribov fikirlərini yekunlaşdırmışdır.

Respublikamız suverenlik əldə etdikdən sonra ölkəmizdə radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmış və Azərbaycan Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) və Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) elmi kollaborasiyalara qoşulmuşdur. Bununla da Azərbaycan alimləri dövrün ən müasir nüvə elmləri, yüksək enerjilər fizikası sahəsində dünya alimləri ilə birlikdə bilikləri mənimsəmək və tədqiqatlar aparmaq imkanlarına malik oldular. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir.

Bu günlərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunun İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsində MRH-Gamma-25 qurğusunda yenidən yüklənmə işləri aparılıb.Belə ki, sözügedən şöbədə 1969-cu ildən bu günə kimi Co-60 izotop mənbəyindən istifadə edilib və onun intensivliyi son dövrlərdə xeyli zəifləyib. Mənbəyin yenidən yüklənməsi işləri Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən dəstəklənən “Azərbaycanda radiasiya texnologiyalarının inkişafı və genişləndirilməsi” adlı Milli Layihə çərçivəsində yerinə yetirilib. 7000 Küri aktivliyində radioaktiv Co-60 mənbəyi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin “Texniki Əməkdaşlıq” Proqramı çərçivəsində Macarıstanın “İsotopes Co.Ltd.” İnstitutu tərəfindən həyata keçirilib və yeni yüklənmiş qurğunun dozimetriyası aparılıb.ABŞ Energetika Nazirliyinin Nüvə və Radiasiya Təhlükəsizliyi Departamentinin dəstəyi ilə İzotop Mənşəli Şüa Mənbələri elmi-təcrübi şöbəsinin radiasiya təhlükəsizliyi sistemi gücləndirilib.

Aparılan yenidənqurma işləri institutda radiasiya texnologiyalarından istifadə etməklə aparılan tədqiqat işlərinin müasir səviyyədə həyata keçirilməsi üçün yeni imkanlar açacaq.

Xatırladaq ki, 1957-ci ildə “Sülh naminə Atom” təşkilatı kimi təsis edilən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın hökumətlərarası forumu kimi fəaliyyət göstərir.

Nizamnaməyə görə onun başlıca məqsədləri “dünyada atom enerjisindən sülh, səhiyyə və inkişaf naminə istifadə edilməsini artırmaq və prosesi tezləşdirmək” və “onun tərəfindən, onun tələbi ilə, onun təlimatı və ya nəzarəti altında göstərilən yardımın hər hansı bir hərbi məqsədlər üçün istifadə olunması kimi halların olmamasını mümkün qədər təmin etməkdir”.

AEBA-nın bu məqsədlərlə yanaşı digər məqsədlərinə – nüvə texnologiyalarının və   nou-hauların (yüksək texnologiyalar) ötürülməsinə dəstək, nüvə enerjisindən istifadə sahəsində etibarlı və təhlükəsiz beynəlxalq qaydanın yaradılmasına dəstək, nüvə materiallarının yalnız sülh məqsədləri üçün istifadə edilməsinə təminatı həyata keçirmək və nüvə texnologiyalarından sülh məqsədləri üçün istifadə edilməsi barədə məlumatları yaymaq daxildir.

2021-ci ilin may ayına olan məlumata əsasən 173 dövlət AEBA-nın üzvüdür.  Azərbaycan Respublikası 2009-2011-ci illər və 2018-2020-ci illər üzrə AEBA-nın Müdirlər Şurasına üzv qəbul edilmişdir. Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA), nüvə enerjisindən sülh istifadəsini təşviq etmək və nüvə silahları da daxil olmaqla,onun hər hansı bir hərbi məqsəd üçün istifadəsinə maneə törətmək istəyən beynəlxalq bir təşkilatdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi dünyanın nüvə texnologiyası və nüvə enerjisindən səmərəli istifadəsində elmi və texniki əməkdaşlıq üçün hökumətlərarası forum kimi çıxış edir. Agentliyin proqramları nüvə enerjisinin, elm və texnologiyanın sülh yolu ilə tətbiq olunmasını, nüvə texnologiyalarının və nüvə materiallarının istifadəsinə qarşı beynəlxalq təminatların təmin edilməsinə, eləcə də nüvə təhlükəsizliyi (radiasiya mühafizəsi daxil olmaqla) və nüvə təhlükəsizliyi standartlarını və onların həyata keçirilməsini təşviq edir.

                                                                                                 Müşfiq MİRZƏ,

“Respublika”.