Azərbaycanın Baş prokuroru Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Siyasət

Azərbaycanın Baş prokuroru Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Koreya Respublikasının hüquq-mühafizə orqanları ilə illərdir uğurla davam edən səmərəli hüquqi əməkdaşlıqdan məmnunluq ifadə edilərək Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən həyata keçirilən layihələrin ölkəmizin hüquq-mühafizə orqanlarının inkişafı üçün vacibliyi vurğulanıb. Kamran Əliyev gələcəkdə KOICA ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdə işlərin gücləndirilməsi barədə təklif irəli sürüb.

Səfir Kim Tonq Op ikitərəfli münasibətlərə toxunaraq, ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini bildirib. Diplomat ölkələrimizin hüquq-mühafizə orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini bildirərək Baş prokurorun irəli sürdüyü təklifi dəstəkləyib və bu istiqamətdə zəruri tədbirlərin keçiriləcəyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AZƏRTAC