Azərbaycanın axtarışda olan üç vətəndaşı Rusiyadan ekstradisiya edilib
Digər xəbərlər

Azərbaycanın axtarışda olan üç vətəndaşı Rusiyadan ekstradisiya edilib

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər üç şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.

Bu il noyabrın 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.

AZƏRTAC