Azərbaycan tərəfindən BƏT-in daha bir Konvensiyasının ratifikasiyası yekunlaşmaq üzrədir
Siyasət

Azərbaycan tərəfindən BƏT-in daha bir Konvensiyasının ratifikasiyası yekunlaşmaq üzrədir

Ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 8 təməledici və 4 prioritet, ümumilikdə 58 Konvensiyasına qoşulan Azərbaycan tərəfindən BƏT-in "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının da ratifikasiyası işləri yekunlaşmaq üzrədir.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Layiqli əmək üzrə texniki dəstək qrupu, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Olqa Kulayeva ilə görüşündə bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları qeyd edərək həmin islahatlar prosesində BƏT-lə fəal əməkdaşlıq gündəliyinin olduğunu diqqətə çatdırıb. Nazir 2017-2021-ci illər ərzində Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunduğunu qeyd edib.

S.Babayev Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış Məşğulluq Strategiyasının, işsizlikdən sığorta sisteminin hazırlanması, gənclərin məşğulluğunun dəstəklənməsi, özünüməşğulluq proqramının icrası və s. sahələrdə BƏT-lə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.

Nazir Azərbaycanla BƏT arasında "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın uğurla icra olunduğunu, hazırda "2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın hazırlanması ilə bağlı işlərin davam etdirildiyini vurğulayıb, yeni Proqramın prioritetlərinin "2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi" ilə tam uyğunluq təşkil edəcəyini diqqətə çatdırıb.

O.Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını və əlaqələrin, birgə layihələrin daim genişləndirilməsini yüksək dəyərləndirib. Əməkdaşlıq gündəliyinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə BƏT-in yeni Konvensiyasının ratifikasiyası və "2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı"nın hazırlanması işlərinə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC