Azərbaycan-Misir əlaqələrində yeni mərhələ
Siyasət

Azərbaycan-Misir əlaqələrində yeni mərhələ

Azərbaycan-Misir əlaqələri bütün dövrlərdə yüksək səviyyədə olub. Bu əlaqələr dərin tarixi təməllər üzərində qurulub. Şərq və Qərb mədəniyyətlərinin və sivilizasiyalarının kəsişməsində yerləşən ölkəmizdə bir çox qədim mədəniyyətlər dərin iz buraxıb. Qədim alban və kopt xristian kilsələri arasında yazışmalar, ölkəmizin ərazisində tapılmış, orta əsrlərə aid Misir gümüş sikkələri, ticarət əlaqələri, erkən və orta əsrlərdə qurulmuş diplomatik əlaqələr, orta əsrlər Azərbaycan ədəbiyyatında Misirin adının çəkilməsi bunu bir daha təsdiqləyir. Hər iki qədim dövlət qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərində olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir ölkəmizin müstəqilliyini tanıyıb, hörmətlə yanaşan dövlətlərdəndir.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə 27-28 yanvar tarixlərində baş tutan səfəri hər iki ölkə arasında əlamətdar hadisədir. Bu səfər qarşılıqlı əməkdaşlıq, yeni əlaqələr, perspektivlər baxımından olduqca əhəmiyyətlidir. Əlbəttə ki, gələcəkdə hər iki ölkə arasında münasibətlərdə - istər siyasi, istərsə də  mədəni sahədə yeni, olduqca maraqlı səhifə açılacaq. Hələ 1958-ci ildə keçmiş SSRİ-yə səfər edən Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya da gəlmiş və ölkəmizdən çox böyük təəssüratlarla ayrılmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1991-ci il dekabr ayının 26-da Misir ölkəmizin müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvar ayında isə Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb.  Ümummilli lider Heydər Əliyev 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olarkən Misir Prezidenti Hüsnü Mübarəklə  görüşüb. Həmin görüşdən sonra iki ölkənin müxtəlif qurumları arasında əlaqələr daha da inkişaf edib.

2002-ci ilin oktyabr ayında Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılıb. Komissiyanın fəaliyyətinin  nəticəsi olaraq indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Ötən illər ərzində hər iki ölkə arasında mədəniyyət əlaqələri əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb.

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə edib. Misirlə münasibətlərimiz təkcə siyasi deyil, həm də mədəniyyət sahəsində də  yüksək səviyyədə olmuşdur. Belə ki, 2005-ci il noyabr ayının 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabr ayının 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il may ayının 6-8-də Misirdə rəsmi səfərdə olub. Dövlətimizin başçısı səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edib. Həmin səfər çərçivəsində Azərbaycanın M.F.Axundzadə adına Milli Kitabxanası və Misirin İsgəndəriyyə Kitabxanası arasında və digər sahələr üzrə  əməkdaşlıq Protokolu imzalanıb. 2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda ümummilli lider Heydər Əliyevin abidəsinin və "Azərbaycan" küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər. Azərbaycanda 2017-ci ildə Misir Milli Kitabxanasının və Arxivlərinin müdiri dr. Əhməd Seyyid F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub. Kitabxananın təşkilatçılığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi olan "Qədim Misir nağılları kiçikyaşlı Azərbaycan rəssamlarının gözü ilə" adlı rəsm sərgisi də keçirilib.

Azərbaycan hər zaman qədim mədəniyyət, multikulturalizm məkanlarından biri kimi dünya dövlətləri ilə siyasi-iqtisadi və humanitar sahədə əməkdaşlıq etmişdir. Əgər bir ölkədə mədəniyyətə diqqət, qayğı olmasa o ölkədə nə sülhdən,  nə də xalqlar dostluğundan söhbət gedə bilməz. Azərbaycan xarici dövlətlərlə mədəni əlaqələrə və humanitar əməkdaşlığa böyük üstünlük verir. Ölkəmizdə bir çox ölkələrin mədəniyyət mərkəzləri ölkəmizdə fəaliyyət göstərdiyi kimi,  bizim də ayrı-ayrı dövlətlərdə mədəniyyət mərkəzlərimiz mövcuddur. Misir Ərəb Respublikasının ölkəmizdə olan mədəniyyət mərkəzi indiyə kimi bir sıra tədbirlər, görüşlər keçirib. Azərbaycanın gənc yazarları ilə görüşlər, film həftələri,  sərgilərin və başqa tədbirlərin keçirilməsi baş tutub. Bildiyimiz kimi, Misir mədəniyyəti bəşəriyyətin ən qədim mədəniyyətlərindən biridir. Qədim dünya abidələrinin üçdəbir hissəsi də bu ölkədə yerləşir.

Misir Prezidentinin Azərbaycana səfəri gələcək əlaqələrin və əməkdaşlığın inkişafında böyük bir mərhələ olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçirilən görüşlərdə bir çox məsələlərin müzakirə edildiyini və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəlindiyini, bunun üçün bütün imkanların olduğunu söyləyib. Gələcək əməkdaşlığa toxunan Prezident BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində tədbirlərdə ənənəvi olaraq tərəflərin gələcəkdə də bir-birinə qarşılıqlı dəstək göstərəcəyini vurğulayıb.

Ölkələrimiz arasında eyni zamanda, əczaçılıq sənayesi sahəsində də mühüm addımlar atılır. Ukrayna-Rusiya müharibəsi səbəbindən son zamanlar Azərbaycanda dərman qıtlığı ilə yanaşı, qiymətlərdə də kəskin artım müşahidə olunur. Misirdə isə tamamilə fərqli vəziyyətdir.  Belə ki, bu gün Misir özünü əczaçılıq məhsullarına olan ehtiyacla demək olar ki, 100 faiz təmin edir və regionun ən böyük tədarükçüsüdür. Prezident Əl-Sisinin Bakıya səfəri zamanı o, Azərbaycan biznesinə Misirin əczaçılıq sənayesinə sərmayə qoymağı təklif edib ki, bu da əslində Azərbaycan bazarını əczaçılıq məhsulları ilə təmin etmək üçün vacibdir. Misirdə ucuz işçi qüvvəsinin, mövcud infrastruktur və yüksəkixtisaslı mütəxəssislərin olması səbəbindən dərman istehsalının nisbətən aşağı qiymətini nəzərə alaraq Azərbaycan Misirdən dərmanlar idxal edə bilər ki, bu da ölkədə tədarükün diversifikasiyası ilə yanaşı, ölkənin daxili bazarında əczaçılıq məhsullarının qiymətini əhəmiyyətli dərəcədə azalda bilər.

Misir Prezidenti öz çıxışında xüsusi olaraq vurğulamışdır: "Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq.  Ölkələrimiz arasında potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırımları üçün imkanlar yaratmalıyıq".

Ramidə YAQUBQIZI,

"Respublika".