Azərbaycan idmançılarının qələbələri
İdman

Azərbaycan idmançılarının qələbələri

Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, idman sahəsində də yüksək nailiyyətlər əldə olunur,  idmançılarımız bir çox beynəlxalq idman yarışlarında uğurla iştirak edir, qələbələr qazanırlar.

Bu günlərdə Azərbaycanın cüdo üzrə gənc oğlanlardan ibarət milli komandası Afinada keçirilən Avropa kuboku turnirində uğurla çıxış edərək 4 medal qazanıb. Bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, qızıl medalları yığmamızın aktivinə Məhərrəm İmamverdiyev (81 kq) və Kənan Nəsibov (100 kq) yazdırıblar. Ruslan Nəsirli (100 kq) və Hüseyn Məmmədov (+100 kq) isə turnirin gümüş medallarını qazanıblar. Komandamız 27 ölkə təmsilçisinin qatıldığı Avropa kuboku turnirini ümumilikdə 2 qızıl və 2 gümüş medalla oğlanlar arasında ikinci yerdə başa vurub. Ümumi komanda hesabında isə yığmamız üçüncü pillədə qərarlaşıb.

Qurumun digər məlumatında isə, Azərbaycan idmançılarının dünya çempionatında daha 5 medal qazandıqları bildirilir. Martın 24-dən 28-dək Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçirilmiş MMA idman növü üzrə dünya çempionatında 8 idmançı ilə təmsil olunan Azərbaycan 5 medal qazanıb.

Belə ki, Fətəli Talıbob (52 kq), Ehtiram Dərişov (62 kq) qızıl, Nail Əzizov (83 kq) gümüş, İmran Abbasquliyev (70 kq) və Ömər Mutayev (77 kq) isə bürünc medala layiq görülüblər.

Qazanılan uğurlar  bir daha onu göstərir ki, idman sadəcə əyləncə, maraq deyil, hər bir ölkəni dünyada tanıdan mühüm amillərdən biridir.

Nurəngiz ADİLQIZI,

"Respublika".