İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Təmsilçilərimiz Avropa Kubokunun qalibi olublar

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun qalibi müəyyənləşib. Ölkəmizi təmsil edən "MUROV AZ TERMİNAL" komandası qalib olub. Türkiyənin "TVF Spor Lisesi SK ANKARA" klubunu 15:10 hesabı ilə məğlub edən təmsilçilərimiz çimərlik voleybolunda Azərbaycana CEV-in təşkilatçılığı ilə keçirilən yarışlarda ilk qızıl medalı qazandırıb. Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə Azərbaycan təmsilçisi qələbə qazanıb. Kubokun qalibi isə qızıl setdə müəyyənləşib.

Parataekvondoçumuzdan qızıl medal

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Çinin Tayyuan şəhərində keçirilən Qran-Pridə qızıl medal qazanıb. 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Samboçular beş medal qazanıblar

Azərbaycanın yeniyetmə samboçuları Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən dünya birinciliyində beş medal qazanıblar. Nicat Sultanov (71 kiloqram) gümüş, Ziyəddin Zeynallı (53 kiloqram) və Sulhan Süleymanlı (79 kiloqram) bürünc mükafata layiq görülüblər. Gənc samboçulardan isə Sahib Babayev (58 kiloqram) və Rəsul Aydəmirov (98 kiloqram) ikinci yeri tutublar.

Ölkə çempionatına yekun vurulub

Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatmanın şpaqa və sablya növləri üzrə ölkə çempionatı keçirilib. Yarışda ümumilikdə 84 qılıncoynadan iştirak edib. Birinci yeri sablya üzrə qadınlarda Anna Başta, kişilərdə Murad Əkbərov, şpaqa üzrə qadınlarda Azərin İdriszadə, kişilərdə Ruslan Həsənov tutub. Azərbaycan Qılıncoynatma Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Nərgiz İSMAYILOVA,

"Respublika".