Azadlığına qovuşmuş əzəli torpaqlarımıza bahar gəlib
Sosial həyat

Azadlığına qovuşmuş əzəli torpaqlarımıza bahar gəlib

"Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş  əzəli  torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa  zamanda uğurla gerçəkləşdirəcəyik...". Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində belə deyilir.

Qalibiyyət, qələbə, azadlıq... O, sadəcə verilmir, minlərlə insanın qanı, canı bahasına qazanılır. Müharibə kimlərəsə qalibiyyət, kimlərəsə məğlubiyyət gətirir. Ermənistan da İkinci Qarabağ müharibəsində məğlub oldu, özü də biabırcasına. Güman etmək olardı ki, nankor qonşularımız bu  acı məğlubiyyətdən nəticə çıxaracaq, reallıqla barışacaq, sülh müqaviləsinin  imzalanması istiqamətində lazımi addımlar atacaq. Lakin məğlub ölkə yeni-yeni xəyallara düşdü, təxribat dalınca təxribat törətdi, dəfələrlə "burnu ovuldu".

2022-ci il 12-14 sentyabr hadisələrində bütün dünya gördü ki, Azərbaycana qarşı hər hansı bir revanşda ermənilər məhv  ediləcəklər. Bu dəfə də başı əzilən ermənilər havadarlarına arxalanaraq dünya ictimaiyyətini yalan məlumatlarla çaşbaş saldılar.  Onlar həmin ilin dekabrında Qarabağın təbii sərvətlərinin  qanunsuz istismarına etiraz əlaməti olaraq bir qrup azərbaycanlı ekoaktivistin Xankəndi-Laçın  yolunda keçirdiyi etiraz aksiyasına da başqa don geyindirməyə çalışdılar. Baş nazir N.Paşinyan etiraz aksiyalarının guya "Azərbaycan hökuməti tərəfindən  təşkil olunduğu" və "Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu" barədə iddiası Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən  rədd edildi. Maraqlıdır, görəsən, Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu  barədə məsələni şərh edən baş nazir hələ 10  noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Azərbaycan Respublikasının Laçın  yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamamış, yoxsa anlamaq istəməmişdi? Hər bir halda Ermənistanın bir cəhdi də puça çıxdı, nəticədə Azərbaycan tərəfi Laçın yolunun başlanğıcında sərhəd-nəzarət-keçid məntəqəsinin  qurulmasını təmin etdi. Bununla da sərhədlərimizin bütövlüyü tam təmin olundu.

Bütün bunlar onu göstərir ki, müharibədə məğlub olan Ermənistan fürsət düşdükcə beynəlxalq instansiyalara, müəyyən  dairələrə müraciət edərək öz yalanları, riyakarlıqları ilə nəsə əldə etməyə çalışır, sülh prosesini  ləngidir. Daha dəqiq desək, bu ölkə sülh istəmir.

Hər zaman beynəlxalq hüquq çərçivəsində öz haqlarını tələb edən Azərbaycan hüquqlarını qoruyur, ədaləti bərpa edir. Ermənistanda müharibə çağırışları səngimir. Birmənalı olaraq Qarabağ məsələsini bitmiş hesab edən Azərbaycan isə üçüncü müharibəyə yox deyir, ölkəmiz gələcəyə ümidlə baxır, qurub-yaradır.

Xalqımız 2023-cü il 19-20 sentyabr tarixlərində daha bir möhtəşəm qələbənin sevincini yaşadı. Qarabağda həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində burada dərin kök salmış separatizmə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri ərazilərimizdən çıxarıldı. Dünya müstəqil, tam suveren Azərbaycanı gördü. Xocalı, Xankəndi, Əsgəran, Xocavənddə indi üçrəngli bayrağımız dalğalanır. İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri isə davam edir, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışının təmin edilməsi istiqamətində böyük layihələr reallaşdırılır. Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma işləri sərhəd boyu  aparılır. Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda, Xocalıda, Xankəndidə geniş infrastruktur yaradılır, bölgələrimizin əvvəlki siması tədricən özünə qaytarılır. O yerlərdə indi bahardır, elə sözün əsl mənasında. Martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandıran Prezident İlham Əliyev  xalqımızı bayram münasibətilə təbrik edərək deyib: "Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir...".

Bəli, bu doğrudan da xoşbəxtlikdir. Bu günü illərlə gözləmişik. Sovet dövrünün qovğalarından yenicə xilas olan, azadlığını, müstəqilliyini bərpa edən Azərbaycan 30 il bütün haqsızlıqlara dözdü, xalqımız soyqırımları, məcburi köçkün, qaçqın həyatı yaşadı, lakin ümidini itirmədi. Ötən 20 il ərzində torpaqlarımızın azad olunmasına hazırlaşdıq, iqtisadiyyatımızı, ordumuzu gücləndirdik, siyasi müstəvidə dünyada  mövqeyimizi möhkəmləndirdik. Düşmən üzərində qələbəyə hər gün daha bir addım  yaxınlaşdıq. Nəhayət, azad, müstəqil, tam suveren bir ölkənin  vətəndaşı olduq. Bax budur xoşbəxtlik, müstəqil siyasət yürüdən, yalnız və yalnız milli maraqlarına, iradəsinə əsaslanan bir ölkənin vətəndaşı olmaq!..

Yurdumuza bahar gəlib, qurub-yaratmaq fəslidir bahar. Builki Novruz tonqalının hərarəti, istisi hopub ürəklərimizə. Ürək isə boş dayanma, işlə, çalış, qur, yarat deyir. Gəlin müstəqilliyilə, uğurlarıyla qürur duyduğumuz bu qədim məmləkətimizin  bundan sonra daha güclü, qüdrətli olması üçün bir yumruq kimi birləşək. Bu torpağı qoruyaq, əkib-becərək. Dədəmiz Qorqud demişkən, torpağı qorumadınsa əkib-becərməyə, əkib-becərmədinsə  qorumağa dəyməz. Qəlbləri nurla dolduran  Novruzun ayağı sayalı olsun, ocaqlarımız gur yansın, bulaqlarımız çağlasın, uğurlarımız bol olsun. Hər birimiz azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızın ən qısa zamanda gerçəkləşməsinə öz töhfəmizi verək və qürurla söyləyək: Mən bu elin övladıyam...

Zümrüd QURBANQIZI,

"Respublika".