Xidmət rəisi Qəbələdə vətəndaşların problemlərini dinləyib
Region

Xidmət rəisi Qəbələdə vətəndaşların problemlərini dinləyib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 26-da Xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə qəbulda vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Müşfiq Mirzə,

“Respublika”.