Azadlığına qovuşan kənd
Tarix

Azadlığına qovuşan kənd

Xocavənd rayonu Sovetlər İttifaqı dövründə respublikamızın iqtisadiyyat sahəsində inkişaf etmiş rayonlarından biri olub. Vaxtilə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev Xocavəndin sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlamış, rayonda üzümçülük, taxılçılıq, heyvandarlıq sahələrində uğurlu nəticələrə imza atılmış, insanların həyat tərzinin yaxşılaşdırılmasına maksimum səy göstərilmişdir.

Olduqca əlverişli coğrafi mövqeyə malik olan Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa və Xocalı rayonları ilə həmsərhəddir.

Xocavənd Ağdam-Füzuli avtomobil yolunun kənarında, dağətəyi düzənlik sahədə yerləşir. Relyefi əsasən dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə qədərdir. Rayon ərazisində Bağırxan, Qırmızı bazar, Mədə Bulağı, Baba Bulağı, Ballı Bulaq və sair onlarla istirahət zonaları var idi. Birinci Qarabağ savaşında bu yerlər erməni vandalları tərəfindən dağıdılmışdır.

Xocavəndin Tuğ kəndi vaxtilə bir çox tarixi abidələrlə zəngin yaşayış məskəni olmuşdur. Tuğ məktəbinin bir əsrdən çox yaşı var. Kəndi məşhurlaşdıran isə saray kompleksi və Müqəddəs İohan kilsəsidir.

Hadrutdan Tuğa doğru uzanan aşırımlı yollar diqqəti cəlb edir. Bir neçə aşırım döndükdən sonra qarşıda dağ yamacları, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə sıx meşələrin arasında qədim Tuğun füsunkar mənzərəsi görünür. Nazlı gəlin kimi cilvələnən ana təbiətin hər döngəsi, hər cığırı tamaşasına gələnləri ovsunlayır, sanki dilə gələrək, "Gəz bu nağıllar dünyasını, bir də gəz", - deyir.

Qədim yaşayış yerlərindən olan Tuğ kəndinə daxil olanda sükutu quşların avazı pozur. Tuğun hər tərəfində bir rahatlıq, bir sevinc hökm sürür. Sanki torpaq da, təbiət də 30 ildən sonra bu yerlərin erməni işğalından azad olunduğunu bilir. Kənddə faşist xislətli erməni vandallarının izləri var.

Hadrut kimi Tuğ şahinləri də XX əsrin 90-cı illərində ata-baba yurdlarını tərk ediblər. Erməni vəhşiliyi sayəsində kənd sakinlərinin xoş növrağı pozulmuş, xüsusilə yaşlı nəslin nümayəndələri təhqirlərə, təzyiqlərə məruz qalmışdır.

Tuğ kəndi 30 oktyabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-da isə Azərbaycan Silahlı Qüvvələri kəndi azad etmişdir.

Əvvəllər Tuğ kəndi buraya yolu düşən turistlərin diqqətini cəlb edir, bu gözəl məkan ilbəil gözəlləşirdi. İşğaldan öncə Tuğun mərkəzindəki sakit guşədə bir neçə qədim tikilinin qalıqları yerləşirdi. Bunlardan biri də alban Həsən Cəlalın nəslindən olan Dizaq məlikliyinin saray kompleksinin qalıqları idi. Kompleksə daxil olan tikililərin bədii-memarlıq xüsusiyyətləri, həmçinin epiqrafika nümunələri onun müxtəlif hissələrinin ayrı-ayrı vaxtlarda inşa edildiyini göstərir. Kompleksin uzunluğu 38, eni 13 metr olmuşdur.

Tuğdakı kompleksdə XII-XIII əsrə aid olan Müqəddəs İohan kilsəsi də yerləşirdi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydə alınmışdır. Tarixi-memarlıq abidəsi olan kilsə Alban-Udi Xristian Dini İcmasına daxildir. Bu qədim alban abidəsi sovet dövründə klub kimi fəaliyyət göstərmişdir. 30 illik işğal ərzində isə bərpa edilərək qeyri-qanuni erməni kilsəsi kimi istifadə olunurdu.

Təmir zamanı kilsənin daş damı dəmir örtüklə əvəzlənib və konstruksiyaya zəng qülləsi əlavə edilib. Erməni vandalları buranı özününküləşdirmək üçün kilsəyə üzərində erməni əlifbası ilə yazıları olan daşlar gətirmişlər.

Vurğulamaq lazımdır ki, Tuğ kəndi bir neçə tanınmış şəxsiyyətlər, dövlət xadimləri yetişdirib. Onlardan biri də dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri olan Xudadat bəy Məlik-Aslanovdur. O, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yollar, rabitə və teleqraf naziri olub. Həmçinin, Azərbaycanın ilk iqtisadçı alimlərindən biri Zülqədər Həsən oğlu Cahangirov, AXC-nin görkəmli dövlət xadimi, Lənkəran şəhərinin general-qubernatoru Cavad bəy Məlikyeqanov da Tuğ kəndinin yetirmələridir.

Tuğ kəndi və eləcə də Hadrut rayonu tarixən şərabçılıq mədəniyyəti ilə seçilib. Bu yerlərin şərabı nəinki SSRİ-də, hətta bütün dünyada məşhur olub. "Xındoqnu" üzüm növündən hazırlanan şərablar dadına və keyfiyyətinə görə xüsusi seçilirdi.

30 il işğal altında olan Tuğ kəndi Vətən müharibəsində  Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində işğaldan azad olundu, "dəmir yumruq" ermənilərin bütün planlarını alt-üst etdi. Torpaqlarımız murdar, satqın və alçaq daşnaklardan təmizləndi.

Bu gün ölkə rəhbərinin göstərişi ilə işğal olunmuş ərazilərimizdə geniş abadlıq və quruculuq işləri aparılır. Keçmiş köçkünlər qəribsəmiş yurd yerlərinə dönürlər. Tuğ sakinləri də çox tezliklə ata-baba yurdlarına dönəcək, dağlar qoynunda uyuyan bu kəndin camaatı öz zəhmətləri ilə xariqələr yaradacaqlar...

Qədir ASLAN,

"Respublika".