Ümumxalq birliyinin təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən tarixi hadisə
Tarix

Ümumxalq birliyinin təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən tarixi hadisə

1991-ci il dekabrın 16-da  Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən "31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında" qərar qəbul olunmuşdur

Ötən əsrin sonları ölkəmizin ictimai-siyasi həyatında mürəkkəb və ziddiyyətli dövr kimi xarakterizə edilir. 90-cı illərin əvvəllərində respublikamızda hakimiyyətsizlik, siyasi özbaşınalıq, anarxiya baş alıb gedirdi. Müstəqilliyini yenicə bərpa etmiş dövlətimiz xarici qüvvələrin əli ilə daxildən parçalanır, respublikanın ayrı-ayrı bölgələrində vətəndaş qarşıdurması qardaş qırğınına çevrilmək həddinə çatırdı.

Mərkəzi hakimiyyətdən idarə olunan daxili qüvvələr Azərbaycanın müstəqil respublika kimi  gələcək inkişaf yolunu  müəyyənləşdirməyə, bu yolda ilk addımlarını atmağa  hər vəchlə mane olur, böyük çətinliklər, məşəqqətlərlə yenidən əldə etdiyi müstəqilliyinin formal xarakter daşıması, xalqın azadlıq mücadiləsinin qarşısının alınması üçün bütün vasitələrdən istifadə edirdilər. Hakimiyyətin mərkəzin siyasi oyunlarının  fəal  iştirakçısı olması, xalqın mənafeyini nəzərə almaması, əksinə öz maraqlarına xidmət edən mövqe tutması  və bütün bunların fonunda xarici güclərin diktəsi ilə hərəkət etməsi ölkədaxili vəziyyəti daha da mürəkkəbləşdirirdi.

O zaman Naxçıvan ağır günlərini yaşayırdı. Muxtar respublikanın Azərbaycanla əlaqələri demək olar ki, kəsilmiş, sərhədyanı kəndləri ermənilərin təcavüzünə məruz qalmışdı. Köməksiz vəziyyətdə qalmış  naxçıvanlılar  o ağır illərdə Heydər Əliyevə böyük ümidlər bəsləyirdi. 1990-cı ildə  Moskvadan Naxçıvana qayıdan ulu öndəri xalq əzm, iradə, qətiyyət və sarsılmaz birlik nümayiş etdirərək  Azərbaycan və Naxçıvan MR Ali  Sovetlərinə deputat seçdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinə sədr seçilən Heydər Əliyev ilk növbədə xalqda milli dövlətçiliyə inam hissini formalaşdırdı. Ömrünü doğma Azərbaycanına həsr edən ulu öndərin ətrafında sıx birləşən, məsuliyyətli və taleyüklü qərarlarını dəstəkləyən və həyata keçirilməsində qətiyyət nümayiş etdirən xalq Heydər Əliyev siyasətinə arxalanaraq onun ziyasında sabaha doğru inamla baxdı. Naxçıvan MR Ali Məclisinin sədri olduğu dövrdə Heydər Əliyev bir çox mühüm tarixi qərarlar qəbul etdi. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu, ali hakimiyyət orqanında dəyişiklik edildi.  1990-cı il Qanlı yanvar faciəsinə siyasi qiymət verildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Naxçıvan əhalisi SSRİ-nin qorunub saxlanması barədə referendumdan imtina etdi. Muxtar Respublikada Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırıldı. Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi imza atdığı mühüm qərarlardan biri də 1991-ci il dekabrın 16-da "31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında" qərar idi.

Milli birliyə, həmrəyliyə nail olmayan xalqın  heç bir  vaxt müstəqil, azad yaşaya bilməyəcəyini hər zaman vurğulayan Heydər Əliyev 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında dünyanın hər yerində yaşayan azərbaycanlılar arasında əlaqələrin yaradılması, xalqımızın vahid ideologiya ətrafında birləşməsi məqsədilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi və bununla bağlı Ali Məclis tərəfindən 6 bənddən ibarət qərar qəbul olundu. Dünya azərbaycanlılarını  birliyə, həmrəyliyə səsləyən Ümummilli lider sessiyada çıxış edərək  deyirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır".

Hər bir insanın milli mənsubiyyətini  onun varlığının göstəricisi hesab edən ümummilli lider azərbaycanlı olması ilə  qürur duyur, xalqının milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrinin yaşadılması üçün var qüvvəsilə çalışırdı. Bütün azərbaycanlıları vahid amal uğrunda birləşdirmək, dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızın  hüquq və azadlıqlarını qorumaq, dilindən, dinindən asılı olmayaraq özünü azərbaycanlı hesab edən hər kəsi azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmək ulu öndərin qarşısına qoyduğu ən mühüm vəzifə idi. Milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə özündə yaşadan Heydər Əliyev dövlətçiliyimizin möhkəmləndirilməsi, milli diasporun təşkilatlanması istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış dahi lider Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına hər zaman  böyük həssaslıqla yanaşmış, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir. Azərbaycançılığın həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilməsinə var qüvvəsi ilə çalışan  ümummilli lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir, azərbaycançılığın məhz  öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdan ibarət olduğunu bildirirdi. Ümummilli liderimiz cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüşdür. Dünya azərbaycanlılarının  Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin əsas  məqsədi idi.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin öz ölkələri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin müzakirə edilməsi üçün ulu öndər Heydər Əliyev 2001-ci ilin may ayının 23-də Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır. Elə həmin il noyabr ayının 9-10-da Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilən  Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmiş və qurultayda  36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir.   Qurultayda geniş məruzə ilə çıxış edən ulu öndər demişdir: "Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək, indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir".

Ulu öndər Heydər Əliyev tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından  böyük əhəmiyyət kəsb edən tarixi hadisədir.

Mehparə ƏLİYEVA,

"Respublika".