ASTARA DƏRS İLİNƏ YENİ UĞURLARLA BAŞLAYIR
Region

ASTARA DƏRS İLİNƏ YENİ UĞURLARLA BAŞLAYIR

Ölkəmizdə təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə təhsil strategiyası uğurla həyata keçirilir. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, gənc nəslin  işıqlı gələcəyinə dövlət qayğısı durmadan artır. Respublikamızın hər yerində olduğu kimi, son illər Astara rayonunda da yeni məktəb binaları tikilərək müasir avadanlıqlarla təchiz edilmiş, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu addımlar atılmışdır.

Rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov qazanılmış nailiyyətlərdən söhbət açaraq tədris ocaqlarının yeni dərs ilinə tam hazır olduğunu bildirir:

-Astara rayonunda 62 ümumtəhsil və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 9-u ibtidai, 10-u ümumi orta və 43-ü tam orta məktəblərdir. IX sinifləri 1436 nəfər bitirib və onlardan 834 nəfər X siniflərə qəbul olunub. Tam orta təhsil almış məzunlardan 238 nəfər ali məktəb tələbəsi adını qazanıb.

Ötən tədris ilinin yekunları sevindiricidir. Respublika üzrə 204 məktəb arasında keçirilən MAKERTHON yarışmasında Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin şagirdləri xüsusilə fərqlənmişlər. STEAM layihəsi üzrə məktəbin üç şagirdi: Malik Əzimov, Coşqun Mustafazadə və Natiq Cəfərov birinci yerə çıxaraq  qızıl medal qazanıb.

 Respublika fənn olimpiadasında Pensər kənd Z. Əhmədzadə adına 2 saylı tam orta məktəb-liseyin şagirdi Salman Hüseynov kimya fənni üzrə qızıl medala, Şaglazüzə kənd tam orta məktəbinin şagirdi Səhər Fətəliyeva Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medala layiq görülmüşdür.

Bu ilin 25 iyul-2 avqust tarixində Yaponiyada onlayn formatda keçirilən məktəblilərin 53-cü Beynəlxalq Kimya Olimpiadasında Pensər kənd Z. Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin X sinif şagirdi Salman Hüseynov uğurla iştirak edərək bürünc medal qazanmışdır.

Respublika Fənn Müsabiqəsində Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Əliəkbər Ağayev biologiya fənni üzrə qızıl medala, Kijəbə qəsəbə tam orta məktəbin şagirdi Xədicə Hüseynova biologiya fənni üzrə gümüş medala, Vaqo kənd tam orta məktəbin şagirdi Eltun Muradov biologiya fənni üzrə bürünc medala, Astara şəhər M. Ə. Sabir adına 1 saylı tam orta məktəbin şagirdi Nahid Nurəliyev informatika fənni üzrə bürünc medala layiq görülmüşdür.

Lütfi Zadə adına məktəblərarası məntiq olimpiadasının yekun mərhələsində Pensər kənd Z. Əhmədzadə adına 2 saylı məktəb-liseyin şagirdi Rəsul Şahverdıyev uğur qazanmışdır.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi məqsədilə keçirilən "Biz zəfər qazandıq” respublika onlayn respublika rəsm-sərgi müsabiqəsində Astara şəhər 6 saylı tam orta məktəbin XI sinif şagirdi Fatimə Babayeva III yerə layiq görülərək diplomla təltif edilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon mərhələsində Astara şəhər M. Ə. Sabir adına 1 saylı tam orta məktəbin şagirdi Məsuməxanım Məmmədzadə I yerə, respublika müsabiqəsində isə o, həvəsləndirici yerə layiq görülüb

Əvvəlki illərlə müqayisədə ali məktəblərə qəbul imtahanlarında məzunların uğurları daha yüksək olmuşdur. Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin humanitar-riyaziyyat-iqtisadiyyat təmayüllü sinfini bitirən 17 nəfərin hamısı ali məktəblərə qəbul olmuşdur. Bu məktəbin məzunlarından Fatimə Dadaşova 635 balla Azərbaycan Dövlət İqtisad Universitetinin və Mirnihad Məmmədli 621 balla Lənkəran Dövlət Universitetinin maliyyə ixtisasları, Asxanakəran kənd tam orta məktəbinin məzunu Mirhəşim Bəyəliyev 621 balla Xəzər Universitetinin kompüter elmləri ixtisası üzrə müvafiq fakültələrə daxil olmuşlar.

Məzunlardan 22 nəfər 500-600 arası bal toplamışdır. Dərs ilinin yekunlarına görə Astara şəhər 1 və 2 saylı tam orta, Pensər kənd Z. Əhmədzadə adına 2 saylı məktəb-lisey, Təngərüd kənd tam orta, Ərçivan qəsəbə 3 saylı tam orta və Kijəbə qəsəbə tam orta məktəblərinin nailiyyətləri qürurvericidir. Bu təhsil ocaqlarından müvafiq olaraq 20, 24, 19, 19, 23 və 20 nəfər məzun ali məktəblərə qəbul olmuşdur.

Yola saldığımız dərs ilində təhsil ocaqları və qabaqcıl müəllimlər müsabiqələrdə fəal iştirak edərək qaliblər sırasında yer almışlar. Ümumi təhsil kateqoriyası üzrə Artupa kənd tam orta məktəbi (Onlineconversation school-ABŞ müəllimləri ilə əməkdaşlıq şəraitində ingilis dili dərslərinin birgə distant tədrisi) və Şağlazüzə kənd tam orta məktəbi (Şagirdlərə kodlaşdırmanı öyrədək, Qarabağ və vətənpərvərlik mövzusunda saytlar hazırlayaq), fərdi kateqoriya üzrə Astara şəhər 3 saylı tam orta məktəbin coğrafiya müəllimi Nəvai Qənbərov, Qapıçıməhəllə kənd tam orta məktəbin biologiya müəllimi Elnur Quliyev, Təngərüd kənd tam orta məktəbin biologiya müəllimi Ülfət İsfəndiyarov və Şiyəkəran kənd 2 saylı tam orta məktəbin təsviri incəsənət müəllimi Aytən Həsənova V Qrant müsabiqəsinin qalibləri olmuşlar.

Təhsil Nazirliyinin həyata keçirdiyi “Ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili layihəsi” çərçivəsində 2020-ci ildən Astara şəhər 5 saylı  tam orta məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir. Məktəbdə peşə təmayüllü siniflərə yeni ixtisaslar əlavə olunub. Şagirdlər dərzi köməkçisi, aşpaz köməkçisi, santexnik və dülgər köməkçisi ixtisasları ilə yanaşı, aqronom və informasiya texnologiyaları ixtisaslarına da yiyələnəcəklər.

Yeni tədris ilində daha bir ümumtəhsil məktəbində--Vaqo kənd tam orta məktəbində peşə təmayüllü sinif təşkil olunacaq. Məktəbin 10p sinfində 20 şagird peşə təmayüllü siniflərdə təhsil alacaqdır. Oğlanlar çilingər və dülgər, qızlar isə dərzi və aşpaz peşələrinə yiyələnəcəklər. Peşə təmayüllü siniflərdə şagirdlər müxtəlif peşələrə yiyələnməklə yanaşı, həm də tam orta təhsil haqqında attestat alacaqlar.

Təhsil alanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əməkqabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

Pandemiya şəraitində ənənəvi təhsilin bərpa olunması pedaqoji kollektivləri və şagirdləri çox sevindirir. Rayonun tədris ocaqlarında əvvəlki qələbəliyi yaşatmaq üçün zəruri tədbirlər həyata keçirilib. İlk növbədə müəllimlər, təhsil işçiləri vaksinasiya prosesində fəallıq göstərib, təhsil işçilərinin 95 faizi peyvənd olunub.  Təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları ilə əlaqədar sanitar-gigiyenik normalara əməl olunması ilə bağlı müvafiq iş aparılıb.

Təhsilə, təhsil işçilərinə göstərilən davamlı dövlət qay­ğısı hər birimizi ürəkdən sevindirir və bizi daha məhsuldar, səmərəli çalışmağa sövq edir, -deyə Rəşad Həsənov bildirir. İnanırıq ki, yeni dərs ilində də  Astara rayonunun təhsil işçiləri ənənələrə sadiq qalacaq və uğurları daha da artıracaqlar. Bütün səylər də bu məqsədə yönəlib.

Əlisəfa HƏSƏNOV,

                                                                                 “Respublika”.